AZ

Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Naxçıvan, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komitənin sədri Emin Şıxəliyev iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun (ikinci oxunuş) müzakirəsinin daxil edildiyini deyib.

Emin Şıxəliyev qeyd edib ki, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli Fərmanına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən Dövlət Energetika Xidmətinin və Dövlət Su Ehtiyatları Agentliyinin səlahiyyətlərinin müvafiq olaraq “AzərEnerji”, “Azərişıq” Açıq Səhmdar cəmiyyətlərinə və Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi nəticəsində Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasına ayrılmış dotasiyanın məbləğində dürüstləşmə aparılaraq, 34 milyon 816 min manat azalma olub. Dəyişikliyə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin gəlirlərinin 493 milyon 143 min manat, xərclərinin 505 milyon 184 min manat məbləğində təsdiq edilməsi nəzərdə tutulub.

Buna müvafiq olaraq “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi yenidən işlənib.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov qanun layihəsi barədə məlumat verib və gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb.

Sonda müzakirə olunan məsələ ilə əlaqədar İqtisadi siyasət komitəsinin rəyi oxunub, yenidən hazırlanmış qanun layihəsi yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının (ikinci oxunuş) müzakirəsinə tövsiyə olunub.

phrase_var_article.chosen
13
azertag.az

1phrase_var_article.sources