Gənclərimizin vətənpərvər ruhda tərbiyəsi, onlarda milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsasını təşkil edir. Çünki milli mənlik şüuru sayəsində millət, xalq və etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini dərk edirlər. Vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, milli mənlik şüuru hər bir vətəndaşa xas olan xüsusiyyətdir.
Gənclərin vətənpərvər ruhda böyüməsində isə mənəviyyat məsələsi mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən danışmaq mümkün deyil.
Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında bir çox vacib və önəmli məsələlərlə yanaşı, gənc nəslin milli ruhda böyüməsinə geniş toxundu. Ölkə başçısı bildirdi ki, gənclər ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar: “Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Ənənələrimiz bunu diktə edir və eyni zamanda bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır”.
Media savadlılığı müasir cəmiyyətdə ən fundamental məsələlərdən birinə çevrilib
O da məlumdur ki, gənclərin formalaşmağında medianın da özünəməxsus rolu var. Son dövrlər media savadlılığı, müasir cəmiyyətdə ən fundamental məsələlərdən birinə çevrilib. İnformasiya texnologiyalarının sürətli inkişafı və sosial medianın genişlənməsi fonunda fərdlərin məlumatları doğru şəkildə seçməsi, analiz və şərhetmə bacarıqları daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycanda media savadlılığının inkişaf etdirilməsi və bu sahədə səmərəli təhsil sisteminin qurulması, cəmiyyətin düzgün məlumat əldəetmə və ictimai proseslərdə fəal iştirakının təmini üçün mühüm prioritet təşkil edir. Bu, təhsil siyasətinin bir hissəsi olmaqla yanaşı, həm də informasiya mühiti ilə əlaqəli sosial, mədəni və siyasi məsuliyyətlərin yerinə yetirilməsi baxımından əsas rol oynayır. Media savadlılığı fərdlərin məlumatı toplama, qiymətləndirmə və təhliletmə bacarıqlarına sahib olmasıdır. Bu, həmçinin insanların informasiya mənbələrini düzgün seçmək və onların etibarlılığını qiymətləndirmək qabiliyyətini də əhatə edir. Media savadlılığı informasiya cəmiyyətində insanların özlərini səmərəli şəkildə ifadə etməsi və sosial məsələlərdə aktiv iştirakı baxımından vacibdir. Bununla yanaşı, doğru məlumatlar əldə etmək və yanlış məlumatlardan qorunmaq, sosial media və digər rəqəmsal platformaların nəzarət altına alınması da media savadlılığının əsas tələblərindən biridir.
Bütün bu deyilənlərin fonunda, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərliyin təlqin olunmasında media savadlılığının və savadlı medianın rolu nədən ibarətdir?
Mediadan düzgün istifadə edilməzsə, bu, cəmiyyətə çox ciddi zərbə vura bilər
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı Xəbər”lə bölüşən media eksperti Azər Həsrət hesab edir ki, nəinki gənc nəslin, ümumiyyətlə, hər kəsin zövqünün milli-mənəvə dəyərlərə bağlılığının formalaşmasında medianın əvəzsiz rolu var: “Günümüzdə media hər kəs üçün əlçatandır. Ümumiyyətlə, həyatımızın tərkib hissəsidir. Yəni 100-200 il öncə mediadan belə geniş danışa bilmirdiksə, insanların milli-mənəvi dəyərlərə bağlılığı, adət-ənənələri öyrənməsi sadəcə olaraq mənsubu olduqları cəmiyyətin içində formalaşırdısa, indi artıq bu rolu media oynayır. Yəni indi biz cəmiyyətin özündən daha çox media vasitəsi ilə nəyisə öyrənirik və media bizi formalaşdırır. O baxımdan gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının formalaşdırılmasında, möhkəmləndirilməsində media əvəzsiz rol oynayır. Bu gün biz nə göstəririksə, nə yazırıqsa gənclər, xüsusən yetişməkdə olan nəsil onu götürür, görür, mənimsəyir və özünü ona uyğunlaşdırmağa çalışır. Görürsən bəzən media bir trend başladır və o trend artıq hər kəsin həyatına daxil olur. Xüsusən də gənclər, yeniyetmələr özünü o trendin bir parçasına çevirməyə çalışır. Yəni media bu baxımdan çox ciddi təsir imkanıdır. Ona görə də bu təsir imkanını doğru istiqamətdə yönəltmək lazımdır. Əks təqdirdə işin içindən zərərlə çıxarıq. Belə bir şəraitdə əlbəttə ki, media savadlılığı əlbəttə daha üstün rol oynayır. Çünki mediadan düzgün istifadə edilməzsə bu, cəmiyyətə çox ciddi zərbə vura bilər. O baxımdan media savadlılığı önəmlidir. Yəni medianın doğru-dürüst istifadə edilməsi, geniş auditoriyalara çatdırılması vacibdir. Media savadlılığı yüksək olan cəmiyyətlər katakilizmlərdən uzaq olurlar. Onları aldatmaq, yanlış yola çəkmək mümkün olmur. Media savadlılığı insanların özgüvənini artırır”.
Gənc nəslin informasiya savadlılığının artırılması istiqamətində işlər görülür
Digər media eksperti Yadigar Məmmədlinin fikrincə, medianın əsas funksialarından biri də maarifləndirmə prinsipidir: “Təbii ki, informasiya almaqla bərabər, maarifləndirmə missiyası da var. Ona görə də son zamanlar media savadlılığı ilə bağlı məsələ gündəmə gəlir. Media savadlılığı təkcə media işçilərinə aid olan məsələ deyil. Media savadlılığı ümumiyyətlə, cəmiyyətin inkişafına xidmət edən bir istiqamətdir. Bununla bağlı silsilə tədbirlərin keçirilməsi müsbət haldır. Burada diqqəti cəlb edən məqam həm də ondan ibarətdir ki, hədəflərdən biri gənc nəsildir. Daha çox cəmiyyətin gənc nəslinə yönəlik işlər var. Gənc nəslin informasiya savadlılığının artırılması istiqamətində işlər görülür. Saxta və feyk xəbərlərdən xilas olmaq üçün düzgün meyarlardan biri də media savadlılığıdır. Burada digər məziyyətlər də var. Onlardan biri də vətənpərvərliklə bağlıdır. Görünən odur ki, bu sahəyə hər zaman xüsusi önəm verilir. Bu da ümumilikdə müsbət tendensiyadır”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.