AZ

Prezidentin müsahibəsi informasiya cəbhəsində görülən işlərdə öz müsbət rolunu oynayacaq ŞƏRH

Bakı, 20 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan üçün vacib olan məsələlərdən biri informasiya məkanında həyata keçirilən çoxvektorlu xarici siyasətlə bağlı düzgün məlumatları regional və beynəlxalq mətbuatda işıqlandırmaqdır.

Xüsusilə, COP29-un Azərbaycanda keçirilməsi ərəfəsində ölkəmiz bir çox tanınmış beynəlxalq mətbuat orqanlarının qarayaxma kampaniyaları və böhtanlarına məruz qaldı. Heç kəsə sirr deyil ki, saxta xəbərlər (fake news) vasitəsilə ölkədə yeni çağırışlara əsaslanmış, ardıcıl olaraq görülmüş tədbirlər konteksdən çıxarıldı, vətəndaşlarımızın hissiyatına toxunan müxtəlif səpkili məlumatlar bəzi “ədalətli” xəbər portallarında yer aldı.

Ümumiyyətlə, bu proses 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra daha intensiv hal almağa başladı. Ötən müddət ərzində Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu media qurumlarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması, əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır. Bu baxımdan dövlətimizin başçısının “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi geniş müsahibə bir daha xüsusi məqamlara aydınlıq gətirməklə, eyni zamanda, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin bir sıra məsələlərə dair dəqiq, strateji baxışını ortaya qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib. Deputat bildirib ki, bu gün dünyanın yeni formalaşmaqda olan siyasi arxitekturasında xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz regional və milli təhlükəsizlikdir: “Azərbaycan bütün dünya dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı təşviq edir, eləcə də yaxın hesab etdiyi dost və qardaş ölkələrlə təhlükəsizlik tədbirlərinin birgə müzakirə və təşkil olunması istiqamətində əməli işlər görür.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müsahibə zamanı toxunduğu diqqətəlayiq məqamlardan biri Azərbaycanın qonşularımız olan həm Rusiya Federasiyası, həm də NATO üzvü Türkiyə Respublikası ilə müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə malik yeganə ölkə olmasıdır”.

Məzahir Əfəndiyev qeyd edib ki, qardaş Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Bundan bir neçə ay sonra isə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də Moskva şəhərində imzalanıb: “Burada isə əsas hədəf, sözsüz ki, Cənubi Qafqazda sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı qorumaqdır. Məhz bu səbəbdən, ölkə başçısının da vurğuladığı kimi, xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir”

Deputat diqqətə çatdırıb ki, bu gün regionda təhlükəsizliyə ən böyük təhdid son dörd ildə Ermənistanın sülh sazişinin imzalanmasının uzadılması üçün etdiyi manevrlərdir: “Bu məsələ ilə də bağlı Prezident İlham Əliyev müsahibə zamanı konkret fikir səsləndirərək, 17 bənddən ibarət sülh sazişinin 15 bəndinin artıq razılaşdırıldığını bildirdi. Əlavə olaraq Azərbaycan tərəfinin şərtlərini də açıq ifadə etdi. Belə ki, həmin şərtlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasının dəyişməsi, digəri isə ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlıdır.

Dövlətimizin başçısının istər 2020-ci ildə 44 günlük müharibə zamanı dünya mətbuatına açıqladığı Azərbaycan həqiqətləri, istərsə də bu gün çətin və bir o qədər də gərgin, beynəlxalq hüquq və prinsiplərin işləmə mexanizminin axsadığı bir zamanda verdiyi müsahibə ölkəmizin gələcəyə real baxışını ortaya qoymaqla yanaşı, informasiya cəbhəsində görülən işlərdə öz müsbət rolunu oynayacaq”.

 

Seçilən
29
azertag.az

1Mənbələr