“Fransa, ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas.
Onlara “Əlvida!” dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas”.
Bu fikirlər Prezident İlham Əliyev tərəfindən “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verilən müsahibədə səsləndirilib.
Hazırda həqiqiətən də Fransanın beynəlxalq miqyasda mövqeyinin sürətlə sarsılması prosesi müşahidə edilir. Belə bir vaxtda bəli olub ki, Fransanın Çaddan qovulması prosesi sürətlənir. Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini pozan Çad hakimiyyəti həmin ölkənin qoşunlarının 2025-ci ilin 31 yanvar tarixinə qədər ərazisindən çıxarılmasını tələb edir.Bu barədə RFI radiosu Paris və Çadın paytaxtı Ncamenadakı mənbələrinə istinadən məlumat yayıb. Fransa hökumətinə yaxın mənbələr bildiriblər ki, Paris tələbi son tarixlə dekabrın 19-da axşam saatlarında alıb. Mart ayına qədər geri çəkilmək üçün əsl qrafik çox uzun olduğu üçün rədd edilib. Fransadakı hərbi mənbə radioya açıqlmasına məsələ ilə bağlı bildirib: “Yeddi həftəyə min əsgər və bir çox texnikanı çıxarmaq mümkün deyil. Amma Çad hökumətinin sərt təzyiq taktikasından istifadə etdiyi özünü qabarıq göstərir". Çaddakı mənbə bildirib ki, Ncamena üçün ideal vəziyyət fevralın sonu və müqəddəs Ramazan ayının əvvəlinə qədər fransızların ölkədən getməsi olardı. Qeyd edək ki, Noyabrın 29-da Çad Xarici İşlər Nazirliyi Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etdiyini açıqlayıb. Çadın xarici işlər, beynəlxalq əməkdaşlıq, Afrika İnteqrasiyası və xaricdəki çadlılar üzrə dövlət naziri Abderaman Kulamalla bu xüsusda bildirib: “Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır”. O, bunun səbəbini açıqlamayıb. Qeyd edək ki, Çad Fransanın Saheldəki son dayağı olub və onun Afrikadakı hərbi mövcudluğu üçün əsas tərəfdaş olub. Fransa qoşunlarının Mali , Burkina Faso və Nigerdən məcburi çıxarılmasından sonra Parisin Saheldəki son dayağı olan Fransanın Afrikadakı hərbi mövcudluğunun əsas qalası hesab edilən Çadın bu addımı Paris üçün əsl zərbə hesab olunur. Bundan öncə isə Nigeri tərk etməyə başlamış ilk fransalı hərbçilər qonşu Çada yerləşmişdilər. Amma indi oradan da qovulurlar. Seneqal da analoji addımlar atmağa hazırlaşır. Bu ölkə prezidenti Bassiru Diomay Fay məsələ ilə bağlı qeyd edib: “Ölkənin suverenliyi anlayışı Seneqal ərazisində Fransanın hərbi bazalarının mövcudluğu ilə bir araya sığmır. Seneqal müstəqil, suveren ölkədir. Suverenlik hərbi bazaların mövcudluğuna icazə vermir”. O, Seneqalın ABŞ, Türkiyə, Çin və Səudiyyə Ərəbistanı ilə konstruktiv münasibətlərini nümunə gətirib. Qeyd edib ki, bu ölkələrin Seneqalda hərbi bazaları yoxdur. Bununla yanaşı, prezident bildirib ki, Seneqalın 80 il əvvəl Fransa ordusunun seneqallı hərbçilərə qarşı törətdiyi hərbi cinayətlərə görə rəsmi üzr tələb etmək hüququ var. Qeyd edək ki, Seneqal Fransanın keçmiş müstəmləkəsidir. Bu ölkəyə qarşı Fransa çoxsaylı hərbi cinayətlər törədib.
Onu da qeyd edək ki, bir sıra fransız siyasətçiləri dəfələrlə öz ölkələrinin müstəmləkə keçmişini yenidən nəzərdən keçirmək və nəhayət, neokolonial qalıqlardan ayrılmaq niyyətlərini bəyan ediblər. Bununla belə, Parisin əməli hərəkətləri bunun əksini göstərir. Fransanın bir sıra Afrika ölkələrini öz əsarətində saxlamaq cəhdləri də bunun təsdiqidir. Amma indi Afrika ölkələri bunlarla razılaşmır. O səbəbdən Fransanın buradan qovulması prosesi getdikcə sürətlənir. Müasir dünyada yeni iqtisadi modellərin tətbiq edildiyi halda Fransa müstəmləkəçilik siyasəti yürütməyə üstünlük verir ki, bu da təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müstəmləkəçilik tarixən Fransada mövcud olub. Azsaylı xalqları istismar etmək, təsiri altına saldığı ölkələrin təbii sərvətlərini talayıb varlanmaq Fransada ənənəvi iqtisadi model kimi qəbul edilib. Fransanın bu gün ayaqüstə dayana bilməsinin əsas səbəbi Afrikadan gələn milyardlardır. Fransanın keçmiş prezidenti Jak Şirak bildirirdi ki, Afrika olmasaydı, Fransa üçüncü dərəcəli güc səviyyəsinə enərdi. İndi Fransanın istismar siyasətinə etirazlar artır. Fransa bir-birinin ardınca öldürücü zərbələr alır. Bütün bunlarsa Fransanın müstəmləkəçilik siyasətinin acı nəticələridir. Afrikanın bir çox ölkələri və eləcə də bir sıra ada dövlətlər uzun illər Fransanın müstəmləkəsi altında olub. Lakin indi onlar vəziyyətin dəyişməsi üçün daha qətiyyətlə mübarizə aparırlar. Prosesdə Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizəyə verdiyi dəstəkdə mühüm rol oynayır.
Nahid SALAYEV