AZ

Azərbaycan kinosunun uğursuz təqlidləri

Azərbaycan kinosu çoxdandır ki, inkişaf etmək istəyir, amma bu yolda qarşılaşdığı maneələr də az deyil. Əsas məsələlərdən biri isə xarici filmləri, xüsusilə də Hollywood-u təqlid etmək cəhdləridir. Təəssüf ki, bu cəhdlər çox vaxt gözlənilən nəticəni vermir və ortaya qeyri-peşəkar işlər çıxır. Bəs bunun səbəbi nədir? Rejissor və ssenaristlər niyə tənqidləri qəbul edib özlərini inkişaf etdirmək əvəzinə, köhnə üsullarla davam edirlər? Niyə tamaşaçıların və ya kino tənqidçilərinin haqlı iradları bəzən nəzərə alınmır?

Təqlid niyə alınmır?

Hollywood filmlərinin keyfiyyəti ortadadır - yaxşı texnologiya, peşəkar aktyorlar, maraqlı ssenarilər və böyük büdcə. Bizim rejissorlar isə əksər hallarda bu səviyyəni əldə etməyə çalışmadan, yalnız onların üslubunu nüsxələməyə çalışırlar.

Daha dərindən baxdıqda, bu məsələ təkcə texniki çatışmazlıqlarla məhdudlaşmır. Problem həm də ssenari quruluşunda, mövzunun seçilməsində və rejissor yanaşmasındadır. Nəticədə isə ortaya maraqsız, zəif işlənmiş və tamaşaçını cəlb etməyən filmlər çıxır.

Tənqidləri niyə eşitmirlər?

Tənqid bir rejissor üçün yol göstərici olmalıdır, amma bizdə vəziyyət başqa cürdür. Tənqid deyəndə rejissorlar çox vaxt "bizi anlamırlar" deyib özlərini müdafiə edirlər. Halbuki, çoxları bu tənqidlərin kökündə məhz filmlərin zəif tərəflərini düzəltmək üçün bir fürsət olduğunu görmür. Məsələn, kimsə deyir ki, "film çox bayağı idi, dialoqlar inandırıcı deyildi," rejissor isə bunu qərəz kimi qəbul edir. Belə olanda təbii ki, eyni səhvlər təkrar olunur.

Bəzən geniş kütlə bayağı bir filmi çox bəyənə bilər, amma bu o demək deyil ki, o film yaxşıdır. Eləcə də, çox az adamın başa düşdüyü bir film də gələcəkdə şah əsər kimi qiymətləndirilə bilər. Yəni tamaşaçı rəyini dinləmək vacibdir, amma hər şey onunla bitmir.

Bu mövzular çox vacibdir, çünki bizim kinomuz   inkişaf etmək istəyirsə, təkrardan, təqliddən və qüsurlardan qurtulmalıdır. Tamaşaçının istəyini başa düşmək, tənqidləri düzgün qəbul etmək və öz üslubunu tapmaq isə uğurun əsas açarıdır.

Mövzu ilə bağlı olan suallarımızı kino tənqidçisi Sevda Sultanovaya ünvanladıq:

-Azərbaycan kinosunun Hollywood filmlərini təqlid etməsi nə üçün çox zaman ucuz və qeyri-peşəkar görünüş yaradır?

-Hollivud dünyanın kino bazarına nüfuz etmiş nəhəng sistemdir. Hollivud Amerika arzularını, ölkə siyasətini müxtəlif təsirli hekayələrlə filmlərdə   təbliğ edir. Burda böyük pullar fırlanır, böyük büdcəli layihələr həyata keçirilir və demək olar ki, hər şeyi prodüserlər həll edir. Yəni onların öz mövzuları, öz sxemi, yanaşmaları, geniş texniki imkanları var. Məsələn, Hollivudda  təbii fəlakət, bank qarətləri, geosiyasi hadisələr, soyuq müharibəylə bağlı filmlər çəkilir və bu mənada oturuşmuş kino ənənəsi var. Onlar bunu peşəkar şəkildə, hətta ştamplarla olsa belə, həyata keçirirlər. Azərbaycan kiçik ölkədir, kino bazarımız da çox kiçikdir və üstəlik, formalaşmayıb, texniki imkanlarımız məhduddur, Amerika mövzuları, yanaşması da coğrafiyamıza yaddır. Ona görə yamsılamaq istəyəndə gülməli görünürük. Biz öz mövzularımızı, reallığımızı çəkməliyik, öz qəhrəmanlarımızı tapmalıyıq və film çəkərkən, milli ədəbiyyatımıza, mədəniyyətimizə istinad etməliyik.  

-Ssenaristlər və rejissorlar niyə bu uğursuz təqlidlərə yönəldilən tənqidləri konstruktiv qəbul etmək əvəzinə, bu yanaşmada israr edir, dərin strukturu və mürəkkəb narrativlərini başa düşmədən, yalnız səthi elementləri mənimsəyirlər?

-Bu ona görə baş verir ki, hər bir müəllifin mütləq şəkildə deməyə sözü olmalıdır və çəkmək istədiyi mövzunu dərindən araşdırmalıdır. Bunlar olmayanda və hekayə formanı, strukturu diktə etməyəndə təqlid alınır.

-Tamaşaçı rəyi sənətin qiymətləndirilməsi üçün yetərlidirmi?

-Söhbət kommersiya, kütləvi tamaşaçıya hesablanmış ekran işlərindən gedirsə, mütləq şəkildə tamaşaçı marağı, rəyləri nəzərə alınmalıdır. Ümumiyyətlə, xaricdə test qruplar var, məsələn bir film çəkirlər, onu müəyyən bir tamaşaçı kütləsinə göstəririlər, nəticələri araşdırırlar ki, prokatda nə qədər uğur qazana bilər və s. Bir növ sosioloji araşdırma edirlər. Bizdə isə belə bir araşdırmaya ehtiyac var ki, tamaşaçı ekranda necə film və serialları, hansı qəhrəmanları görmək istəyir. Amma bütün hallarda  peşəkar münasibət, peşəkar rəylər də qaçılmazdır.  1960-70 ci illərdə Hollivudda böhran yaşandı, amerikalı tamaşaçı artıq klişe süjetli filmlərə baxmaq istəmirdi. Ona yeni nəfəs lazım idi və müəllif mövqeyini önə çəkən, yeni mövzu,yeni qəhrəmanlar gətirən "Yeni Hollivud" cərəyanının yaranmasında bu amillər də rol oynadı.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr