AZ

Gürcüstanda kimlər sabitliyi pozmağa çalışır?

Son günlər Gürcüstanda baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən əsas mövzulardan biridir. Ölkədə siyasi vəziyyətin sabitləşməyə doğru irəlilədiyi müşahidə olunsa da gərginlik tamamilə aradan qalxmayıb. Bu şəraitdə Gürcüstanın gələcək siyasi istiqaməti və daxili sabitliyi regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində qeyd edib ki, görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq: “Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.

Prezident İlham Əliyevin fikirləri bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin xarici siyasətində milli maraqların qorunması əsas prioritetdir. Xarici təsirlərdən asılı olmamaq və müstəqil siyasət yürütmək dövlətin öz suverenliyini və sabitliyini təmin etməsi üçün vacib şərtlərdən biridir. Gürcüstandakı mövcud vəziyyət göstərir ki, xarici maliyyələşmə mexanizmləri bəzən müəyyən maraq qruplarını formalaşdırmaq və ya siyasi proseslərə təsir etmək üçün istifadə edilir. Bu isə yalnız həmin ölkələrin daxili sabitliyinə zərər vermir, həm də milli maraqları təhlükə altına salır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda vaxtilə xarici qrantlarla fəaliyyət göstərən bəzi qurumların destruktiv təsirləri müşahidə edilmişdi. Lakin hökumətin qətiyyətli mövqeyi sayəsində bu təsirlərin qarşısı alındı və ölkə xarici təsirlərdən müstəqil bir şəkildə öz siyasətini formalaşdırdı. Azərbaycanın bu yanaşması yalnız daxili sabitliyi qorumaq deyil, həm də uzunmüddətli inkişaf və regional əməkdaşlıq üçün dayanıqlı bir mühit yaratmaq məqsədi güdür. Milli maraqların qorunması hər zaman dövlətin güclənməsində, beynəlxalq arenada müstəqil və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır.

Prezident İlham Əliyevin vurğuladığı bu prinsiplər digər ölkələr, xüsusən də Gürcüstan üçün nümunə ola bilər. Görünən odur ki, Azərbaycan iqtidarı ölkəmizdə Qərbin məkrli ssenarilərinin gerçəkləşməsinin qarşısını almaqda qətiyyətlidir. Azərbaycan hakimiyyəti, həmçinin ölkəni xarici qüvvələrdən asılı hala düşməməsinə prinsipial mövqedən yanaşır. Prezident İlham Əliyevin bildirdiyi kimi: “İkincisi, yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən, nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: Sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”.

Bu yanaşma, Gürcüstandakı vəziyyətin fonunda daha da aydınlaşır. Gürcüstandakı vəziyyət göstərir ki, bu gün ölkədə keçirilmiş qanuni seçkilərin nəticələrini tanımaqdan imtina edənlər və seçilmiş hakimiyyəti qəbul etməyənlər mərkəzi meydanlara toplaşaraq pozuculuq fəaliyyətləri ilə məşğuldurlar. Qərb isə bu qrupları "demokratiya müdafiəçiləri" kimi təqdim edir. Qərbin bəzi kütləvi informasiya vasitələri, eləcə də Gürcüstan müxalifətinin mediası, ölkədəki legitim hakimiyyəti qeyri-qanuni kimi göstərməyə çalışır və bununla yanlış təsəvvür formalaşdırırlar. Bu, həmin Qərb qüvvələridir ki, vaxtilə Ermənistan üzərindəki tarixi qələbəmizə kölgə salmağa çalışır, müxtəlif platformalarda Azərbaycanın imicinə zərbə vurmaq üçün fəaliyyət göstərirdilər. Onlar medianı da öz məkrli məqsədləri üçün bir vasitə kimi istifadə edirdilər.

Dövlətimizin başçısının Gürcüstanda gedən proseslərə münasibət baxımından daha bir fikri böyük bir maraq doğurur. Prezident İlham Əliyev Gürcüstanda gedən proseslərə münasibəti kontekstində "Ermənistanın haraya getdiyi aydındır" fikri ilə rəsmi İrəvanın beynəlxalq münasibətlər sistemində mövqeyini və gələcək istiqamətini artıq müəyyənləşdiyini açıqlayır. Prezidentin bildirdiyi kimi, Ermənistan artıq Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından faktiki olaraq çıxıb və bu addımın rəsmi şəkildə hüquqi təfərrüatlarla qüvvəyə minməsi üçün ABŞ Dövlət Departamentindən təlimat gözləyir. Bu, Ermənistanın öz siyasətində Qərbin yanında yer tutmağa yönəlmiş addımlar atdığını göstərir.

Nigar Orucova, “İki sahil”

Seçilən
29
ikisahil.az

1Mənbələr