AZ

Enerji diplomatiyamız «Yaşıl dünya» çağırışına əsaslanır

Ötən ay ölkəmizdə keçirilən və dünya ictimaiyyətinə ünvanlanın «Yaşıl dünya naminə həmrəylik!» çağırışları ilə növbəti dəfə beynəlxalq platformaya çevrilən COP29-un hədəfləri Azərbaycanda dəqiq konturları ilə müəyyənləşdirildi. Bölmələr üzrə davam edən tədbirdə açıqlanan, biri-birini tamamlayan təkliflər iqlim dəyişikliklərinin yarada biləcəyi fəlakətlərdən xilas olmaq üçün yaşıl enerjinin önəmini daha da artırdı. Bir daha təsdiqləndi ki, düşünülmüş strategiyası ilə əməkdaşlıq formatını genişləndirən, Serbiya-Bolqarıstan kimi digər qaz interkonnektorlarının istifadəyə verilməsi ilə Avropa bazarında mövqeyini möhkəmləndirən Azərbaycanın enerji təhlükəsizliyi siyasəti, fəlsəfəsi dəyişilməzdir: Təbii resurslar ölkələri və xalqları ayırmalı deyil, birləşdirməli, rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya əsaslanmalıdır. Avrasiyanın etibarlı enerji təchizatçısı, strateji tərəfdaş kimi vədinə sadiq qalan Azərbaycana marağın artması o deməkdir ki, ölkəmiz dünyanın enerji xəritəsinin nəhəng transformasiya prosesinin tərkib hissəsidir. Bərpaolunan enerjidən istifadə sahəsində də liderliyini təmin edən ölkəmizin enerji diplomatiyasının əsasını təşkil edən «Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, eyni zamanda mənbələrin şaxələndirilməsidir» təşəbbüsü birmənalı dəstəklənir. Azərbaycanın, Bolqarıstanın, Macarıstanın, Rumıniyanın və Slovakiyanın daxil olduğu «Həmrəylik Halqası» layihəsinə uyğun əlavə interkonnektorlar inşa ediləcəyi vədləri də reallaşır, Azərbaycan qazına ehtiyac artır.

Azərbaycanla Avropa İttifaqı arasında «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nun imzalanması ilə ölkəmizin enerji diplomatiyasına artan maraq alternativ enerjidən istifadə sahəsində də özünü doğruldur. Azərbaycanın tarixi ərazisi olan Qarabağ və Şərqi Zəngəzur kimi, Ermənistanın işğalından azad olunmuş digər ərazilərində Günəş və külək enerjisinin potensialının 9200, Xəzər dənizində 157 qeqavat həcmində olması ölkəmizin bərpaolunan enerji ixracını da artıracaq. Dünyanın aparıcı enerji şirkətləri olan «ACWA Power» və «Masdar» ilə imzalanmış müqavilələr əsasında Günəş və Külək elektrik stansiyalarının istifadəyə verilməsi ilə respublikamızın enerji ixracı daha da artacaq. Xüsusilə Kəlbəcər və Laçın rayonlarında küləyin və Günəşin potensialından istifadə ilə bağlı perspektivlər də ümidvericidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizinin coğrafiyası genişlənir. Etibarlı tərəfdaş, dostluq ənənələrinə sadiq Azərbaycanın müəllifi olduğu qlobal enerji layihələri genişmiqyaslı regional əməkdaşlığa güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Azərbaycanın enerji diplomatiyasının əsasını təşkil edən yaşıl enerji layihələri də şaxələndirmə siyasətinə uyğun daha səmərəli və etibarlı tərəfdaşlıq prinsipləri əsasında davam etdiriləcək. Bərpaolunan enerji mənbələri xarici investisiyaların əsas istiqaməti kim diqqətdə saxlanılır. Azərbaycan qazını alan on ölkədən səkkizi Avropada yerləşir. 2027-ci ilə qədər qitə dövlətlərinə qaz təchizatını iki dəfə artırmaq əsas prioritetlərdəndir.

Regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş Qarabağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ilə yaşıl enerji siyasətini davam etdirən ölkəmizdə növbəti 5-6 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisi istehsalı planlaşdırılır. «Zənnimcə, rəqəmsal transformasiya gündəliyimizlə yanaşı, sərmayə qoyuluşu üçün əsas sahələr bunlar olacaq» sözləri ilə bərpaolunan enerjinin imkanlarının genişlənməsini başlıca hədəf kimi qarşıya qoyan Prezident İlham Əliyevin Bakıda keçirilən COP29-un Liderlər Sammitindəki çıxışının böyük maraqla qarşılanması dövlət başçımızın beynəlxalq aləmdə seçilən, etiraf edilən nüfuzunun real təzahürü, iqlim dəyişikliyi ilə bağlı genişlənən hərəkatın manifesti idi.

Prezident İlham Əliyevin Liderlərin Sammitində söylədiyi «Ölkə göstəricilərinin qiymətləndirilməsində… Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil» sözləri təbii sərvətlərdən düzgün istifadənin zəruriliyini aktuallaşdıran praqmatik çağırış kimi maraqla qarşılandı. Azərbaycanın enerji strategiyası yaşıl iqtisadi zona elan olunmuş Naxçıvan Muxtar Respublikasında, Qarabağda və Şərqi Zəngəzurda, həmçinin Böyük Qayıdış hərəkatında «yaşıl keçid» mərhələsinə uğurlu keçidin hərəkətverici qüvvəsi kimi dəyərləndirilir.

Bununla da Prezident İlham Əliyevin irəli sürdüyü neftdən asılı olmayan iqtisadiyyat modelinin yaradılması üçün düşünülmüş dövlət siyasəti özünü doğruldur, davam etdirilir. Respublikamızın dövlət büdcəsində neftdən asılılığı aradan qaldırmağa xidmət edən sahələrə ayrılan vəsaitlərin həcminin artırılması yaşıl iqtisadiyyatdan və alternativ yaşıl enerji mənbələrindən əldə olunacaq maliyyə üçün yaradılan imkanların şaxələnməsinə xidmət edəcək.

Hazırda ölkə miqyasında yaşıl iqtisadiyyatın əhatə dairəsinin genişlənməsi məqsədilə mühüm layihələr həyata keçirilir, təbii sərvətlərin istehsalı üçün yaşıl texnologiyalara əsaslanan proseslərə üstünlük verilir. Yaşıl iqtisadiyyat infrastrukturunun formalaşdırılması, bərpaolunan alternativ enerji mənbələrindən səmərəli istifadə üçün dövlət proqramları dünya təcrübəsində özünü doğrultmuş məqsədyönlü müasir siyasi-iqtisadi siyasətə uyğun təkmilləşdirilir, yeni texnologiyalardan istifadə etməklə ətraf mühitin təhlükəsizliyinin qorunmasına diqqət artırılır. Bu baxımdan yaşıl iqtisadiyyatın Azərbaycan modelinin önəmli təcrübə kimi dəstəklənməsi təsadüfi deyil.

Bakıda keçirilən COP29 çərçivəsində təşkil olunan panellərdə aparılan müzakirələr, irəli srülən mütəxəssis təklifləri, dəstəklənən rəylərin ümumi nəticəsi bu idi ki, yaşıl enerjiyə keçid yalnız kompleks yanaşma ilə uğur qazana bilər. Son illərdə dünyada, o cümlədən ölkəmizdə daha çox rast gəlinən «yaşıl iqtisadiyyat», «yaşıl enerji», «yaşıl kimya», «biomüxtəliflik», «ekomədəniyyət», «yaşıl transformasiyalar», rəqəmsal dünya, süni intellekt, elektronəqliyyat, ekolinqvistika, «ağıllı kənd» kimi ifadələr yaşıl sivilizasiyaya keçidin mahiyyətini açıqlayır. XXI əsrin inkişaf tendensiyalarını əks etdirən sülh, qarşılıqlı əməkdaşlıq, ədalətli cəmiyyət ifadələri qədər önəmli olan bu sözlər yaşıl sivilizasiyaya çağırışdır. Ölkəmizdə günəşli günlərin sayının ən azı 250-dən çox olması , Bakının adının etimologiyasına görə «Küləklər şəhəri» mənasında işlənməsi təsdiqləyir ki, Azərbaycan yaşıl sivilizasiyanın astanasındadır.

Azərbaycanın enerji diplomatiyasının tərkib hissəsi olan ixrac bazarlarına diqqət artırılır. Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarla fəal iş aparılır. Reallaşan layihələr isə Avropaya yaşıl enerjini ixrac etmək imkanı yaradır. Sevindirici haldır ki, ölkəmizin «Yaşıl gündəliyi» respublikamızın bölgələrini də əhatə edir. Respublikamızın dörddə bir hissəsini əhatə edən Naxçıvan Muxtar Respublikasının, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi uğurlu başlanğıc, ümidverici mərhələdir.

Dünyada ekosistemin təhlükəsizliyinin qorunması, təbii sərvətlərdən insanların sağlamlığının, sivilizasiyanın qorunması naminə düşünülmüş şəkildə istifadənin aktuallaşdığı müasir dövrümüzdə Prezident İlham Əliyevin «Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq» sözləri isə enerji təhlükəsizliyi ilə bağlı həmrəyliyə çağırışdır.

Bu günlərdə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın «RİA Novosti» Agentliyi üçün «Rossiya Seqodnya» Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, «Rossiya-1» televiziya kanalında «Vesti nedeli» proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Azərbaycanın enerji strategiyası ilə bağlı fikirlərini diqqətə çatdıran, ölkəmizdəki qaz və qaz-kondensat yataqları haqqında açıqlama verən Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağda və Şərqi Zəngəzurda son üç ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrinin reallaşması, istensal həcminin iki ildən sonra 500-ə çatdırıması ilə bağlı proqnozlar təbii ehtiyatlardan istifadənin vacibliyini bir daha göstərir. «Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdiririk. Dünya Bankının qiymətləndirməsinə görə təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər bizə 6 min meqavat verəcək. Yəni, bu, sizin bizə AES-in lazım olması ilə sualınıza cavabın bir hissəsidir» söyləyən Prezident İlham Əliyev Günəş, külək enerjisi layihələrinin Azərbaycanda xarici investorlar tərəfindən həyata keçirilməsini enerji diplomatiymızın uğuru adlandırır: «Əgər hər hansı bir ölkədən hansısa şirkət maraq göstərərsə, biz də birgə investor ola bilərik. Zənnimcə, bu, investisiyalar üçün yaxşı layihə ola bilər. Çünki indi, elə bu günlərdə, yaxın vaxtlarda, yəqin ki, həftələrdə və ya bir-iki ayda buradan, Azərbaycandan Qara dənizin dibi ilə enerji kabellərinin tikintisinin texniki-iqtisadi əsaslandırılması başa çatacaq. İlkin mərhələdə bu, 4 min meqavatdır, amma Avropa ölkələrinin enerjiyə tələbatını nəzərə alaraq, hətta onların özünün çoxlu investisiya qoymaları baxımından biz bilirik ki, onsuz da bunlara tələbat olacaq. Ona görə də onlara təmiz yaşıl enerji mənbələri lazım olacaq. Yəni, bu, yaxşı aparıcı qüvvə ola bilər. Həmçinin Azərbaycanda elektrik enerjisinin daxili qiymətləri elədir ki, bu sektora investisiyalar və şirkətlər üçün istehlakçılara elektrik enerjisinin satışı kommersiya nöqteyi-nəzərindən tamamilə məqbuldur. Bu baxımdan mən bir növ sizin sualınıza cavab verməyə çalışdım. Bu, «hə» və ya «yox» demək deyil. Bu, daha çox «hə»dir, amma ... Bundan sonra bizim bir növ ev tapşırığımız başlayır.»

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
27
48
ikisahil.az

10Mənbələr