AZ

Orta məktəblərdə yeni fənn tədris oluna bilər? – Təklif

“Media savadlılığı son dövrlər meydana çıxmış fenomendir. Sözügedən terminin bu qədər aktuallaşması təsadüfi deyil. Bu, birbaşa olaraq informasiyanın cəmiyyət həyatında oynadığı rol, o cümlədən manipulyasiya imkanları ilə bağlıdır”.

News24.az bildirir ki, bu fikirləri Globalinfo.az-a açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, informasiyanın əsas rolu məhz ictimai rəy yaratmaqdır:

“Bu, insanların informasiyaya yanaşmasında xüsusi həssaslıq tələb edir. Deməli, auditoriya dəqiq informasiyanı saxta xəbərdən ayırmağı bacarmalıdır. Bunun üçün müəyyən meyarları bilmək şərtdir. Məsələn, auditoriya bilməlidir ki, xəbərdə informasiya mənbəyi kimi “etibarlı mənbə” göstərilirsə, böyük ehtimalla məlumat qeyri- dəqiqdir. Belə qeyri-dəqiq, destruktiv xarakterli xəbərlərlə auditoriyanı çaşdırmaq, ictimai rəydə ziddiyyət yaratmaq, cəmiyyət daxilində xaosa səbəb olmaq mümkündür.

Artıq informasiya müharibəsi dövrü, bəlkə də, başa çatıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun sözləri ilə desək, indi dünyada dezinformasiya müharibəsi gedir. Jurnalistikanın bilgiləndirmək, maarifləndirmək, əyləndirmək funksiyaları getdikcə unudulur.

İnformasiya Kommunikasiya Texnologiyalarının, həmçinin süni intellektin yaratdığı imkanlar isə informasiyanın cəmiyyət həyatına təsirində tamamilə yeni meyllərlə yadda qalır. İndi ictimai rəyi çaşdırmaq daha asandır. Hətta beynəlxalq münasibətlər sistemində də bu “pryom”dan istifadə edilir.

Bütün bunlar media savadlılığının əhəmiyyətini artırır. Bu xüsusda Medianın İnkişafı Agentliyinin təşəbbüslərini yüksək qiymətləndirirəm. Fikrimcə, orta məktəblərdə də belə bir fənn tədris olunmalıdır. Çünki saxta xəbərlərin, təlqinlərin təsirinə ən çox şagirdlər məruz qalır.

Yaşadığımız informasiya cəmiyyəti hər kəsin media savadlı olmasını tələb edir. Media savadlı olmaq isə nəinki hər eşitdiyinə, həm də hər gördüyünə inanmamağı tələb edir”.


phrase_var_article.chosen
30
news24.az

1phrase_var_article.sources