Azərbaycanın informasiya məkanında onlayn media və sosial şəbəkələrin üstünlüyü tendensiyası özünü göstərir. Artıq əvvəlki illərdən fərqli olaraq televiziya və radiolar bir çox hallarda sosial medianın arxasınca gedir, sosial media platformalarında müzakirəyə çıxarılan mövzular çərçivəsində reportaj hazırlayırlar. Bütün bunlar media savadlılığının artırılmasının önəmini bir daha ortaya qoyur. Məhz bu səbəblə də Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə ölkəmizdə 16-22 dekabr “Media Savadlılığı” Həftəsi elan edilib.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Yadigar Məmmədli deyib ki, “Media Savadlılığı” Həftəsinin ilk uğuru media camiyəsində çox ciddi canlanmanın yaranmasıdır:
“Medinın İnkişafı Agentliyi yaranan gündən və “Media haqqında” qanun qəbul ediləndən sonra bir çox gərəkli fəaliyyətlər ortaya qoyub, çoxlu sayda tədbirlər, jurnalistlər üçün təlimlər beynəlxalq konfranslar keçirilib, seminarlar təşkil olunub. Bütün bunlar müsbət nəticələr verir. Həm də ənənəvi olaraq “Media Savadlılığı” Həftəsi çərçivəsində media mənsublarına, cəmiyyətə yönəlik bir sıra təlimlər, seminarlar təşkil edilir. MEDİA-nın tələblərindən biri də xəbərlərin özəl olmasıdır. Yəni hər sayt, jurnalist ölkə səviyyəsində yayılması vacib olan xəbərlərdən əlavə özəl xəbərlər də tapmalıdır. Çox təəssüf ki, bu sarıdan istənilən nəticəyə gəlib çıxmamışıq. Əvvəlki dövlərdə olduğu kimi xəbərə olan inam, xəbərin cəmiyyətə verdiyi yenilik, onun doğurduğu rezonans çox geniş deyil. Özəl xəbər kimi diqqəti cəlb edən xəbər sayı azdır. Son zamanlar sosial şəbəkələr üzərindən saxta, feyk xəbərlər daha çox yayılır. Bu da, təəssüf ki, xəbər saytlarına siraət edir. Yoxlamadan, dəqiqləşdirmədən dezinformasiyaları yayırlar. Bu baxımdan jurnalistlərin üzərinə daha çox məsuliyyət düşür. Xəbər cazibəli olsa da, ilk baxışda ictimai əhəmiyyət kəsb etsə də, onun doğruluğu daha önəmlidir. Hər zaman əsas gətirmişik ki, xəbər bir neçə mənbədən təsdiqini tapandan sonra ictimaiyyətə çatdırılmalıdır. Bu, bəzən jurnalistlər tərəfindən unudulur. Xəbəri eşidən kimi hər hansı sayta istinad edərək, bəzən istinad etməyərək onu yayımlayırlar. Bu da dezinformasiyanın daha geniş yayılmasına gətirib çıxarır. Məhz media savadlılığının da qarşısına qoyulan hədəflərdən biri budur ki, jurnalistlər xəbər hazırlayarkən və onu cəmiyyətə ötürərkən onun maraqlı deyil, əhəmiyyətli olmasını nəzərə alsınlar”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva da bildirib ki, media savadlılığı bütün ölkələr üçün aktualdır:
“Yeni texnoloji nailiyyətlər insanın informasiya əldə etmək, tirajlamaq, paylaşmaq imkanlarını artırır. Bunun sayəsində bütün dünyada adına vətəndaş jurnalistikası dediyimiz yeni media təmsilçiləri yarandı. Bütün ölkələrdə medianın təməl qanunlarından az xəbərdar olan, amma mediada aktiv rol oynayan, populyar xəbər ötürücüləri olan təsisatlar var ki, onlara media savadlılığı anlayışı vacibdir. Yeni nəsil aktiv informasiya ötürücüsü nümayəndələri media savadlılığı barədə mütləq öyrənməlidirlər. Çünki onların çox geniş əhatələri var, bu gün üçün qəzetlərin, televiziyanın gördüyü işdən daha geniş kütlələrə informasiya tirajlayırlar. Media savadsızlığı onlarda həm də məsuliyyətsizlik yaradır. Müasir insan sosial platforma üzərindən informasiyanı almaq istəyir, nəinki başqa yerdən. Bu səbəbdən media savadlılığı siravi insandan, “vətəndaş jurnalistikası” adlandırdığımız şəxslərdən, media icmalarından, təsisatlarından tutmuş hamıya vacibdir. Xüsusilə, son illər medianın platformalarından kənar maraqlar üçün istifadə olunma təcrübəsi geniş tətbiq olunmaqdadır. Faktiki olaraq sosial platformalar rəsmi instansiyaların informasiyalarını qat-qat qabaqlayır. Elə təəssürat yaranır ki, rəsmi instansiyaların üzərinə sosial platformalarda paylaşılan qeyri-rəsmi, bəzən qeyri-ciddi informasiyaların fəsadlarını ortadan yığışdırmaq öhdəliyi düşüb. Çünki “informasiya çirkliliyi” olan bir info mühit yaranıb. Belə bir mühitdə vətəndaşın kimə inanıb-inanmaması çoxlu suallar doğurur”.
Y.Hacıyeva tövsiyə edib ki, media savadlılığı artırılmalıdır: “Medianın təməl qanunları haqqında baza məlumatlar sıravi insanlarda da olsa, yaxşı olar. Bu, cəmiyyətdə həlledici günlərdə qeyri-rəsmi, çox vaxt qeyri-ciddi, məqsədli təbliğatın qarşısının alınması istiqamətində bir immunitet formalaşdıra bilər. Bu gün üçün informasiyanı birinci çatdırmaq yarışında çox güvənli, kifayət qədər dəstəklənən media təsisatları da yanlış informasiyalar paylaşa bilirlər. Sonradan həmin informasiyalara düzəliş edirlər, lakin məsələ bundadır ki, insan şüuraltında ilk gördüyü şeyə, ilk aldığı informasiyaya inanır, nəinki sonradan düzəlişlərə. Artıq insanın ilk gördüyü, ilk oxuduğu onun qənaətini formalaşdırır. Sonradan “belə deyildi” kimi bəyanatlar vəziyyəti xilas etmir. Ən böyük irad bildiriləsi məsələ hazırkı dövrdə proseslərin bəlli, həlledici günlərdə sadəcə bəyanatlar, çağırışlarla həll etmək cəhdləridir. Bəzən siyasi və s. mövzularda bu kimi çağırışların mediada təqdimatının ciddiliyi şübhə doğurur. Halbuki bu çağırışları tirajlayanlar kifayət qədər hörmət olunan təsisatlar da ola bilir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova