AZ

Qərbi Azərbaycana qayıdış haqqımızdır: Sadəcə, bu hüququn reallaşması... - AÇIQLAMA

“XX əsrdə tarixi Azərbaycan torpaqlarından, Qərbi Azərbaycandan soydaşlarımız üç dəfə deportasiya olunublar”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, məhz sonuncu deportasiya zamanı Azərbaycana və dünyanın müxtəlif ərazilərinə səpələnmiş Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması ilə bağlı müsbət dəyişikliyi hələ də görə bilmirik:

"Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququ var və bu hüquq həmişə də var olacaq. Sadəcə, bu hüququn reallaşması üçün Ermənistan tərəfi özündə cəsarət taparaq Qərbi azərbaycanlıların indiki Ermənistan ərazilərinə qayıtmasını, orada yaşamasını təmin etməlidir. Bunun fəaliyyət proqramını ortaya qoymalıdırlar. Təəssüflər olsun ki, bu günə qədər Qərbi Azərbaycan İcmasının məhz Ermənistan siyasi rəhbərliyinə ünvanladığı bütün müraciətlər cavabsız qalıb. Nəticə etibarilə Ermənistan rəhbərliyinin bu problemin həllinə dair fikrini, mövqeyini, təklifini eşitməmişik. Çünki faktiki olaraq onlar bu mövzudan yayınır, çəkinirlər. Qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsindən ümumiyyətlə, danışmaq, məsələni həll etmək istəmirlər. Ancaq istənilən halda hər bir insanın doğulduğu, boya-başa çatdığı və babalarının, şəcərəsinin yaşadığı ərazilərə geri dönmək, orada yaşamaq hüququ təməl insanlıq hüququdur. Bu hüquq da imkan verir ki, Qərbi azərbaycanlılar öz hüquqlarının bərpası ilə bağlı beynəlxalq təşkilatlar, böyük güclər qarşısında məsələ qaldırsın. Həmçinin, bu problemin həlli yolunda öz mübarizəsini davam etdirsin".

Naqif Həmzəyev, deputat

Deputat qeyd edib ki, Azərbaycan dövləti Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi yönündə çox aktiv fəaliyyət göstərməkdədir:

"Qərbi Azərbaycan İcması, xüsusilə son iki il ərzində böyük işlər görüb. Bütün beynəlxalq təşkilatlar qarşısında bu məsələlər qaldırılır. Qlobal tədbirlərdə mövzuya dair müzakirələr aparılır. Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına ədalətli qayıdışının təmin edilməsi ilə bağlı beynəlxalq konfranslar keçirilir. Məhz bu fəaliyyət sayəsində Qərbi Azərbaycana qayıtmağımızın gec-tez mümkün olacağına, bu istəyimizin reallaşacağına hər ötən gün daha da əmin oluruq".

Qeyd edək ki, Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən də danışıb. Dövlət başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var və onlar 1980-ci illərin sonunda, 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır.

Ölkə rəhbəri qeyd edib ki, bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib:

“Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq”.

Aydın Baxış

Seçilən
6
bakivaxti.az

1Mənbələr