AZ

Baxşıyev də Berezutskini dayandıra bilmədi - REPORTAJ

Araz-Naxçıvan - Sabah (Bakı) 0:1 (0:0)
12. Kristian Avram - 5,5
34. Urfan Abbasov (k) - 6,0
3. Bəxtiyar Həsənalızadə - 5,5
2. Slavik Alxasov - 5,5
(26. Ömər Buludov, 81) - qiymətsiz
24. Mustafa Əhmədzadə - 5,0
(7. Ülvi İsgəndərov, 84) - qiymətsiz
16. Ramon Maçado - 5,5
29. Vanderson Melo - 5,5
23. Nuno Rodriges - 5,5
(14. Miço Kuzmanoviç, 77) - qiymətsiz
4. İqor Ribeyro - 5,5
97. Felipe Santos - 5,5
10. Bernardo Dias - 5,5
(21. Sezar Meza Kolli, 77) - qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Qara Qarayev
6. Vadim Abdullayev
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
71. Sənan Ağalarov
17. İssuf Paro
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Urfan Abbasov

1. Yusif İmanov - 6,0
10. Namik Ələskərov (k) - 6,0
(88. Xəyal Əliyev, 90+1) - qiymətsiz
17. Tellur Mütəllimov - 5,5
(12. Vinsent Til, 68) - 5,0
8. Ayaz Quliyev - 5,5
2. Amin Seydiyev - 5,5
7. Boyan Letiç - 5,5
20. Coy-Lens Mikels - 6,5
(11. Kahim Parris, 80) - qiymətsiz
18. Pavol Şafranko - 5,5
(99. Neqoş Kupusoviç, 80) - qiymətsiz
40. İqor Noqeyra - 6,0
70. Cesse Sekidika - 6,0
(44. Sofian Çakla, 90+1) - qiymətsiz
3. Con İrasabal - 5,5
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
75. Emil Həbibov
4. Elvin Camalov
9. Anatoli Nuriyev
5. Rəhman Daşdəmirov
77. Şakir Seyidov
22. Abdulla Rzayev
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Coy-Lens Mikels

Qol: C-L.Mikels, 78.
Vərəqələr: R.Maçado, 20 (qeyri-idman hərəkəti). F.Santos, 38 (qeyri-idman hərəkəti). C-L.Mikels, 77 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Elçin Məsiyev (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
14 dekabr. Bakı/ "Liv Bona Dea Arena". 200 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Hər dəfə Mərdəkana yollanarkən cansıxıcı oyun izləyəcəyimi güman etmək "Araz-Naxçıvan"a qarşı kin-küdurətimin olması demək deyil...

Etiraf edim ki, bu dəfə də stadiona eyni duyğularla yollandım. Təəssüf ki, tribunaların boş olacağı yönündə proqnozlarım özünü doğrultdu. Lakin meydandakı mübarizədən zövq aldığımı deməliyəm. Yəqin ki, gərginlik, əvvəldən sona qədər davam edən qol axtarışları həm Muxtar Respublika təmsilçisinin "Sabah"a qarşı çox ciddi hazırlaşmasından irəli gəldi, həm də "bayquşlar"ın yeni baş məşqçisinin - Berezutskinin taktiki biliklərini komandaya aşılamasından...

Qarşılıqlı hücumların əsası 5-ci dəqiqədə qoyuldu. Maçado qeyri-dəqiqlik üzündən hesabı erkən açmaq fürsətini əldən verdi. Ardından Şafranko Tellurun uzaqdan cərimə meydançasına ötürməsini qarşılaya bilmədi ki, Avram dərhal topa yiyələndi. 22-ci dəqiqədə Melonun cərimə meydançasına göndərdiyi topu İrasabal uzaqlaşdırsa da, Tellurun yöndəmsiz toxunuşu "Araz-Naxçıvan" üçün fürsət yaratdı. Dəqiq desək, "kürə" onun müdaxiləsindən sonra Maçadonun əlinə düşdü. Belədə qapıya paralel ötürmə edən braziliyalı Santosun fərqlənəcəyini düşünürdü ki, Amin özünü yetirdi və rəqibini qabaqlayaraq təhlükəni sovuşdurdu. Muxtar Respublika təmsilçisinin qola yaxın olduğu növbəti epizodun günahını da Tellurun ayağına yazmaq olar. Çünki məhz onun Rodrigesi yerə yıxması cərimə zərbəsinin təyin edilməsinə gətirib çıxardı və bu, Slavikin qapıya qeyri-dəqiq zərbə endirməsiylə nəticələndi. Ardından "Sabah" Avramın diqqətsizliyi üzündən hesabı açmaq imkanına yiyələndi. Burda o, topu qəbul edərkən səhvə yol verdi və "kürə" Şafrankonun önünə düşdü. Meydan sahiblərinin xoşbəxtliyindən moldovalı dərhal rəqibinin üzərinə şığıyaraq topu ələ keçirdi.

Bir qədər sonra "qırmızı-ağlar"ın qol cəhdi fayda vermədi. Dəqiq desək, 30-cu dəqiqədə cərimə meydançasına qədər reyd edən Santos topu Diasa, o isə Rodrigesə çatdırdı ki, sonuncunun başla "çərçivə"ni nişan almaq arzusu qeyri-dəqiqlik üzündən reallaşmadı. Çox keçmədən Bəxtiyar Mustafanın göndərdiyi "kürə"ni Maçado istiqamətinə göndərdi. Nəticədə hücumçuyla Yusifin duelinə şahidlik etdik. Qolkiper özünü rəqibndən tez çatdırmaqla mübarizədən qalib ayrıldı. 37-ci dəqiqədə Elmar Baxşıyevin hakim qərarından narazı qaldığı epizoda şahidlik etdik. Söhbət Santosun cərimə meydançasında yerə yıxılmasından gedir. Düzdü, meydan sahibləri bunun Noqeyranın müdaxiləsi üzündən baş verdiyini iddia etdi. Lakin görüntülərdən doğru nəticə çıxarmaq çox çətin məsələdi. Hər halda, belədə hakimə etibar etməkdən başqa yol yoxdu.

Bir qədər sonra naxçıvanlılar növbəti qol imkanını əldən verdi. Dəqiq desək, 44-cü dəqiqədə Yusif Rodrigesin zərbəsini zərərsizləşdirdi. Komandalar fasiləyə qolsuz "sülh"lə yollandı. İkinci hissənin əvvəli "qırmızı-ağlar"ın ciddi təzyiqiylə müşahidə olundu. 47-ci dəqiqədə Yusif Urfanın tora qovuşdurmaq istədiyi topu ikinci cəhddə ələ keçirdi. Kapitanın bir qədər sonra müəllifi olduğu zərbə isə qeyri-dəqiqlik üzündən fayda vermədi. Muxtar Respublika təmsilçisinin oyunboyu qola ən yaxın olduğu epizod 62-ci dəqiqədə yaşandı. Belə ki, burda özünü "çərçivə"yə qalxan edən Tellur əvvəl Santosun, ardından Maçadonun boş qapıya zərbələrini uzaqlaşdırdı. Təhlükəli anlar Mustafanın cəhdiylə davam etdi ki, bu dəfə Yusif yerində idi. Nəhayət, Tellurun topu meydandan çıxarmasıyla məsələyə nöqtə qoyuldu.

Çox keçmədən cərimə meydançasının həndəvərinə gələn Sekidika bəxtini sınasa da, Avram seyvlə yadda qaldı. Yekun hesabı müəyyənləşdirən qolu 78-ci dəqiqədə Mikels vurdu. O, küncdən zərbə vasitəsilə oyuna daxil edilən topu cərimə meydançasında Mustafadan oğurlayaraq tora qovuşdurdu. Nəticədə hesabı açan almaniyalı son 6 matçda qol buraxmayan "Araz-Naxçıvan"ı məyus etdi. Qonaqlar 86-cı dəqiqədə fərqi artırmağa yaxın idi. Lakin Kupusoviç qapıçıyla təkbətək mübarizəyə qoşulmağa imkan vermək istəməyən yeganə rəqibin - Ribeyronun öhdəsindən gələ bilmədi. Daha doğrusu, İqor onu cərimə meydançasının həndəvərində yerə yıxdı. Son dəqiqələrdə Meza Kolli, ardınca Xəyal qeyri-dəqiq zərbəylə yadda qaldı.

Beləliklə, matç qonaqların qələbəsiylə başa çatdı. Başqa sözlə, Berezutski və komandası daha bir iddialı rəqiblə mübarizədə uğur qazandı. "Araz-Naxçıvan" isə "Qarabağ"la oyun ərəfəsində xal itkisiylə üzləşdi.

Gözdən qaçmadı
* "Araz-Naxçıvan" yenə dəstəksiz qaldı, "Soldati Di Sabah" isə tribunada idi.

KƏNAN BAHADIR

Seçilən
32
football-plus.az

1Mənbələr