Hər il olduğu kimi, bu il də dekabrın 20-də Səudiyyə Ərəbistanı Krallığı Qurban əti paylanılması layihəsi çərçivəsində ölkəmizə növbəti sovqat gətirib.
Hafta.az-ın yazdığına görə, 1710 qutu və ya 46500 kiloqramlıq ət sovqatı Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə şəhid ailə üzvlərinə, müharibə əlillərinə və həssas əhali kateqoriyasından olan ehtiyaclı ailələrə paylanılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub.
Bakının Zabrat qəsəbəsində - Yeni Bakı Yaşayış Kompleksində təşkil olunan təhvil-təslim mərasimində Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin müşaviri Vüqar Əliyev, Agentliyin Bakı filialının müdiri Raqif Əliyev və digər rəsmi şəxslər, eləcə də şəhid ailə üzvləri, müharibə əlilləri və həssas əhali kateqoriyasından olan insanlar iştirak edib.
Mərasimdə çıxış edən Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli bildirib ki, bu gün Bakıda 5 min sayda qurbanın ətini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsi ilə ehtiyacı olan şəxslərə paylanılması mərasimində iştirak etməkdən məmnunluq duyur.
“İki Müqəddəs Məscid Xadiminin Hökuməti və əlahəzrət vəliəhdin təşəbbüsü ilə bu cür maddi sovqatların dünya ölkələrindəki müsəlmanlara paylanıması uzun illərdir ki, ənənəvi hal alıb. Bu cür sovqatlar rəmzi xarakter daşıyır və iki qardaş xalq - Səudiyyə və Azərbaycan cəmiyyətləri arasında xoş münasibətlərin və dostluq bağlarının möhkəmlədilməsinə xidmət edir. Biz bundan sonra da Azərbaycanın əlaqədar dövlət qurumları ilə digər layihələrin icrasının sayını da artıracağıq”, - səfir deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin müşaviri Vüqar Əliyev göstərdikləri bu əvəzsiz humanitar dəstəkdən dolayısı Səudiyyə Ərəbistanı Krallığı hökumətinə və şəxsən cənab səfirə təşəkkürünü bildib. O qeyd edib ki, artıq neçə illərdir Səudiyyə Krallığı tərəfindən təmsil etdiyi dövlət qurumuna təqdim olunan Qurban əti sovaqıtını həssas qrupdan olan ailələrə paylamaqdan məmnundurlar.
Cavab olaraq səfir İssam bin Saleh əl-Cuteyli də qeyd edib ki, bu cür əlamətdar layihələrlə bağlı Azərbaycan tərəfindən nə zaman təkliflər səslənərsə, müzakirə etməyə şad olacaqlar.
Daha sonra rəsmi təhvil-təslim sənədləri imzalanıb və Qurban əti sovqatının paylanılmasına başlanılıb.
Bu arada, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Hafta.az-a bildirib ki, artıq əvvəlcədən ət sovqatı alacaq həssas ailələrin siyahısı tutulub və onların hamısına ayrılmış pay çatdırılacaq. Hər ailə üçün iki bağlama və ya 6 kiloqram Qurban ətinin verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın ən çətin vaxtlarında təmənnasız dost köməyini xalqımızdan əsirgəməyib. Azərbaycanın bir milyonluq qaçqın və məcburi köçkün dalğası ilə üz-üzə qaldığı vaxtlar ilk harayımıza çatan ölkələrdən biri məhz Səudiyyə Krallığı olub. O zaman Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanda çadır şəhərcikləri salaraq minlərlə insana isti yuva qurmaqla kifayətlənməyib, həm də illərlə bu insanları ərzaq və zəruri tələbat məhsulları ilə təmin edib.
Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla heç bir formada əlaqə qurmayan Səudiyyə Ərəbistanı Krallığı 1993-cü ildən başlayaraq Azərbaycanın həssas əhali qrupuna dəstək məqsədilə ildə bir dəfə on tonlarla Qurban əti sovqatı çatdırmaqdadır.