İki ölkə nəqliyyat daşınmalarında elektron icazənin tətbiqinə başlayıb
Azərbaycan və Türkiyə arasında qarşılıqlı nəqliyyat daşınmalarında elektron icazənin tətbiqinə start verilib. Belə ki, dekbarın 16-dan birbaşa elektron icazə (“e-icazə”) sistemi əsasında ilk yükdaşımaları həyata keçirilib. “E-izacə” ilə Azərbaycandan yola düşən ilk yük avtomobili dekabrın 18-də Türkiyə ərazisinə daxil olub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Türkiyə ilə ikitərəfli yükdaşımalarda elektron icazənin tətbiqi sınaq daşınma xarakterli olsa da, yaxın günlərdə daşıyıcı şirkətlərə məxsus yük avtomobillərinin davamlı “e-izacə” prinsipi üzrə hərəkəti təmin olunacaq. Beləliklə, mal və xidmətlərin mübadiləsində tələb olunan “İcazə” blanklarının elektronlaşdırılması mexanizmi işə düşməklə nəqliyyat sektorunda rəqəmsallaşmaya keçid üçün yeni təməllər yaradılıb.
Tranzit potensialının artırılmasında yeni imkanlar
Regionun aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilən Azərbaycan beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsal texnologiyaların tətbiqini genişləndirməklə daha asan və şəffaf tranzit sistemi qurmağı qarşıya hədəf qoyub. 2023-cü ilin noyabrında dövlət başçısının müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı”nda nəqliyyat sektorunda yükdaşımaların rahat və maneəsiz keçidinin təmin edilməsi üçün rəqəmsal texnologiyaların genişləndirilməsi prioriteti müəyyənləşib. Sənəddən irəli gələn tədbirlərin icrası məqsədilə elektron infrastrukturun qurulmasında mühüm addımlar atılıb, qardaş Türkiyə ilə sərhədkeçmə proseslərinin rəqəmsallaşdırılması istiqamətində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Bu əməkdaşlığın mühüm nəticəsi kimi daşınmalaırın tamamilə elektronlaşmasını təmin edən rəqəmsal informasiya sistemi qurulub.
“E-icazə” sistemin tətbiqi və qarşılıqlı mübadiləsi iki qardaş ölkənin nəqliyyat daşınmalarında şəffaflığı tam təmin edəcək, yükdaşımaların təşkilinin səmərəliliyini artıracaq və icazələrin alınmasında vaxta qənaət etmək imkanı yaradacaq. Bu layihə ilkin mərhələdə Türkiyə ilə birgə icra olunsa da, növbəti mərhələdə digər türk dövlətlkərinin nəqliyyat sistemlərini əhatə edəcək. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT) ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən daşıyıcı şirkətlərlə rəqəmsal infrastrukturların qurulması və əlaqələndirilməsi, “İcazə” blanklarının elektron şəkildə geniş coğrafiyada mübadiləsi istiqamətində danışıqlar aparılır.
Türk dövlətləri arasında vahid rəqəmsal məlumat mübadiləsi qurulur
“E-icazə” platformasının qurulması həm də TDT ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı siyasətin tərkib hissəsidir. Belə ki, türk dövlətləri arasında əldə edilmiş razılığa əsasən, türk dövlətləri arasında daşınmaların və bütün ticarət əməliyyatlarını həyata keçiriən nəqliyyat əməliyyatlarının asan gömrük prosedurları əsasında tənzimlənməsi nəzərdə tutulur. Bu məqsədlə tərəflər daşınma-logistika rejimi yumşaltmağı, qarşılıqlı ticarətin elektronlaşdırılması üzrə rəqəmsal məlumat mübadiləsi qurmağı, sərhədkeçmə prosedurlarını asanlaşdırmağı planlaşdırır.
Türk dövlətlərinin 2024-cü ilin iyul ayında Şuşa şəhərində imzaladığı “Qarabağ Bəyannaməsi”ndə nəzərdə tutulan əsas hədəflərdən biri iqtisadi-ticari mübadiləni artırmaq üçün kollektiv nəqliyyat-ticarət alyansının yaradılması və logistika, sərhədkeçmə və gömrük rejimlərində asan preferensial (qarşılıqlı güzəşt) qaydaların tətbiqidir. Preferensial sazişlərin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur.
Əsas hədəf Azad Ticarət Qovşağının yaradılmasıdır
TDT ölkələri ticarətin rəqəmsallaşdırılması məqsədilə Türkiyədə qüvvədə olan Kompüterləşdirilmiş Tranzit Sistemi (DEPA) təcrübəsini də tətbiq etməyi düşünür. DEPA sazişi bütün növ daşınmaların və logistika-sərhəd prosedurlarının vahid məlumat mübadiləsini təmin edən sistemdir. Bu sistemin tətbiqi ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsində möhkəm əsaslar yara bilər.
Beləliklə, “e-izacə” sisteminin tətbiqi Azərbaycan və Türkiyənin timsalında digər türk dövlətləri arasında rəqəmsal nəqliyyat və sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını sürətləndirəcək. Eyni zamanda, ən mühüm hədəf olan Azad Ticarət Qovşağının formalaşmasına səbəb olacaq. Bu isə nəticədə türk dövlətləri arasında əmtəə dövriyyəsinin də artmasına səbəb olacaq. Hazırda bu dövlətlərin apardığı qarşılıqlı xarici ticarət dövriyyəsinin həcmi təxminən 45-48 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 5 faizi deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu baxımdan rəqəmsal platformaların hər biri çevik və işlək mexanizm yaratmaqla, türk dövlətlərinin iqtisadi potensiallarını vahid zəncirdə birləşdirməsinə, regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artıracaq.
ELBRUS CƏFƏRLİ