Tarixin gedişatını dəyişdirənlər
Dünyanın siyasi tarixi yüzlərlə, minlərlə liderin fəaliyyətinə şahidlik edib. Lakin çox az sayda şəxsiyyətlərin adının qarşısında “tarixin gedişatını dəyişdirən lider” epiteti yazılır. Yalnız qüdrətli və mütərəqqi millətlər bu cür liderləri yetişdirə bilirlər. Onlar tarixin müəyyən bir dönəmində öz ölkələrinin xilası, mənsubu olduğu millətləri öncüllər sırasına çıxarmaq üçün Allah tərəfindən göndərilir, tarixin gedişatını öz fəaliyyətləri ilə dəyişə bilirlər. Müstəqil Azərbaycan Respublikasının tarixinə bu cür xarakterizə edilə biləcək iki liderin adı qızıl hərflərlə həkk olunub: XX əsrin 90-cı illərində Azərbaycanı labüd dağılmaq, müstəqil dövlətini yox olmaq təhlükəsindən xilas edərək siyasi proseslərin gedişatını dəyişən ümumilli lider Heydər Əliyev və Azərbaycanı məğlub ölkədən qalib, müzəffər ölkəyə çevirən, tariximizdə çoxsaylı ilklərin müəllifi olan Prezident İlham Əliyev.
2003-cü ildə siyasi Olimpin zirvəsinə yüksələrkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” deyən və fəaliyyətinin hər bir məqamında bunu dəfələrlə təsdiqləyən İlham Əliyev həmin çıxışında qarşıya qoyduğu bütün vəzifələri məntiqi ardıcıllıqla reallaşdırıb, Azərbaycan xalqına iqtisadi, siyasi, diplomatik və ən nəhayət, hərbi zəfərlər qazandırıb.
Tarixi yazmaq da önəmlidir
Çünki tarix təkcə keçmişin hadisələri deyildir, həm də gələcəyin dərsləridir. Hadisələrin gələcəkdə necə dərk olunması, həm də bu gün onların necə yazılmasından asılıdır. Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlının çap olunan və oxucuların ixtiyarına verilən “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003-2024-cü illər)” (Bakı: Parlaq imzalar nəşriyyatı, 2024) adlı monoqrafiyasını bu baxımdan təkcə günümüzün deyil, həm də gələcəyin əsəri hesab etmək olar.
Monoqrafiya əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən müdrik siyasi xəttin Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən geosiyasi reallıqlara uyğun olaraq necə inkişaf etdirildiyini aydın şəkildə başa düşməyə imkan verir. Müəllif 2003-2024-cü illərdə baş verən hadisələrin, proseslərin təhlilini aydın konsepsiya əsasında aparır. Bu konsepsiyanın ana xətti belədir: İlham Əliyev millətinin önündə Azərbaycan Konstitusiyasına və müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içərkən hansı məqsədləri qarşıya qoymuş, hansı müqəddəs niyyətləri etmiş, Prezident kimi ilk çıxışında qarşıda hansı vəzifələrin durduğunu bəyan etmiş və onları necə reallaşdırmışdır.
Dövlətçilik tarixində şəxsiyyətin rolu
Giriş hissədə müəllif Azərbaycanın dövlətçilik tarixində şəxsiyyətin rolunu təhlil etmişdir. Vurğulamışdır ki, millətlərin dövlətçilik tarixi özü-özündən yaranmır və birdən-birə meydana çıxmır. “Onu böyük dövlət adamları gündəlik və strateji hədəfləri güdən fəaliyyətləri ilə qururlar. Ölkələrin və dövlətlərin tarixi görkəmli şəxsiyyətlərin, tanınmış ailələrin, nəsillərin və nəhayət, xalq kütlələrinin tarixinin məcmusundan ibarətdir. Milləti dünyada tanıdanlar onun arasından çıxıb yetişən, rəhbərlik edən görkəmli siyasi və dövlət xadimləridir”.
Monoqrafiyanın birinci fəsli “İlham Əliyevin müstəqil dövlətçilik baxışlarının formalaşmasına təsir edən amillər” adlanır. Müəllif ilk növbədə yetişdiyi ailə mühiti və qarşılaşdığı siyasi burulğanların İlham Əliyevin dövlətçilik baxışlarına təsirlərindən bəhs edir. Nəinki Azərbaycana, dünyanın iki böyük fövqəldövlətindən biri olan SSRİ-yə rəhbərlik edən şəxslərdən birinin – dahi Heydər Əliyevin övladı olmaq İlham Əliyevin dövlətçilik baxışlarına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. O, ən çətin şərtlər altında belə proseslərin axarını Azərbaycanın mənafeyinə xidmət edəcək şəkildə dəyişmək bacarığını, yəqin ki, məhz həmin illərdə böyük Heydər
Əliyevdən əxz etmişdir. Siyasi burulğanlar, təzyiqlər qarşısında özünə aid dəyərlərə – ailəsinə, millətinin dəyərlərinə sahib çıxmaq, onlarla qürur duymaq kimi əsl Qafqaz liderinə, kişisinə məxsus olan xarakterin formalaşmasında da ailə mühiti və qarşılaşdığı siyasi burulğanlar zamanı çıxardığı dərslər əhəmiyyətli rol oynamışdır.
Günəşin qarşısını buludlar kəsə bilməz
Müstəqil Azərbaycan üzərində parlayan Heydər Əliyev Günəşinin şəfəqlərindən gözləri tutulanlar, İlham Əliyevin də yüksəliş yolunu etdikləri haqsızlıqlarla kəsə bilmədilər. Prezident İlham Əliyev isə ən müxtəlif məqamlarda yaxşılıq edib pislik gördükləri bəzi şəxsləri milli birlik naminə bağışladı. Monoqrafiyada yazılır ki, məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə Milli Məclisin “Eks-prezidentlər haqqında qanunu” qəbul etməsi də bu böyük və müdrik yanaşmanın nəticəsi olmuşdur: “Belə yanaşma ilə Prezident
İlham Əliyev göstərdi ki, tarixinin pisi də, yaxşısı da xalqındır, pisdən düzgün nəticə çıxarmalı, yaxşı, birləşdirici olan isə daim yaşadılmalıdır”.
Bu cür yanaşma, millətinin bəzi övladlarının ruhundakı xəstəlikləri şəfqətlə və siyasətlə müalicə etmə bacarığı da Prezident İlham Əliyevə ailə mühitindən gəlmişdir. Monoqrafiyada onun ana babası görkəmli dövlət xadimi Əziz Əliyevin, anası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın təsvir olunan həyat yolu və xüsusiyyətləri ilə bağlı məlumatlar da bu fikri bir daha təsdiqləyir.
Monoqrafiyada Prezident İlham Əliyevin dövlətçilik baxışlarına təsir göstərən digər mühüm amil kimi onun aldığı mükəmməl təhsil göstərilir. Məhz bu amil, onun hazırda dünya siyasətinin və diplomatiyasının ən mahir bilicisinə çevrilməsinə gətirib çıxarmışdır.
Yol
Məqsədə çatmaq üçün YOL və həmin yolda dönməzlik, qətiyyət önəmlidir. Prezident İlham Əliyev siyasi personasını xarakterizə edərkən müşahidə edilən ən mühüm xüsusiyyətlərdən biri budur. Monoqrafiyanın ikinci fəsli “Dövlət rəhbərliyinə aparan yol və qarşıda dayanan əsas vəzifələr” adlanır. Burada Azərbaycan Respublikasının Prezidenti seçilən dövrə qədərki illərdə İlham Əliyevin nadir təşkilatçılıq qabiliyyətindən bəhs edilir. Azərbaycanın neft siyasətinin uğurla reallaşmasında, neft danışıqlarında Azərbaycanın mənafelərinin qətiyyətli müdafiəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi İlham
Əliyevin rolu konkret faktlar əsasında tədqiq olunmuş, Milli Olimpiya Komitəsinin prezidenti kimi, ölkədə Olimpiya hərəkatının genişlənməsində misilsiz xidmətləri təsvir edilmişdir. İlham Əliyevin siyasi proseslərin mərkəzinə gəlməsi, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini olması, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi və digər məsələlər tədqiq edilmişdir.
Həqiqətləri ali kürsülərdən səsləndirmək bacarığı
İlham Əliyev Baş nazir kimi BMT-nin ali kürsüsündə çıxış edərək Azərbaycanın diplomatiya tarixinə parlaq səhifə yazan ilk lider olmuşdur. Monoqrafiyanın üçüncü fəslində həmin nitqdə səsləndirilən fikirlər və ideyaların sistemli politoloji və tarixi təhlili aparılıb. Bu nitqdə dünyada hərbi təcavüzün qarşısının alınması, münaqişələrin dinc yolla aradan qaldırılması ilə bağlı çox mühüm fikirlər səsləndirilmişdi.
İlham Əliyev BMT-nin təşkilati problemlərini, Təhlükəsizlik Şurasının fəaliyyətinin səmərəliliyini azaldan amilləri açıq şəkildə BMT kürsüsündən səsləndirən ilk dünya liderlərindən biri olmuşdur.
Bununla paralel olaraq İlham Əliyev Azərbaycanın qarşısında dayanan başlıca məqsədə çatmaqdan ötrü BMT ilə əməkdaşlığa dinamizm gətirən liderdir. Məhz bu dinamik əməkdaşlıq nəticəsində Azərbaycan tarixində ilk dəfə olaraq 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, iki il müddətində dünyanı idarə edən, dünya geosiyasətinin ən aktual problemlərini müzakirə edən dövlətlərdən birinə çevrilmişdir. Monoqrafiyanın IV fəsli də məhz tariximizdəki bu ilkin tədqiqinə həsr edilmişdir. Burada müəllif Azərbaycan dövlətinin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, sədrlik etməsi ilə bağlı məsələləri tədqiq etmişdir. Tariximizin bu mühüm ilkləri ilə bağlı monoqrafiyada yazılır: “Beləliklə, müstəqillik tarixinə Prezident İlham Əliyevin yaratdığı ilk kimi keçən BMT Təhlükəsizlik Şurasına üzvlüyü və sədrliyi müddətində Azərbaycan Respublikası üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi. İki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi, beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı. Təhlükəsizlik Şurasına sədrliyi zamanı sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Bütün məsələlər barəsində Azərbaycan Respublikasının aydın mövqeyi var idi. Terrordan və işğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxladı”.
Dövlət canlı orqanizmdir, daim genişlənməlidir
Monoqrafiyanın V fəslində canlı orqanizm kimi daim genişlənən dövlətin tarixinə Prezident İlham Əliyevin siyasəti nəticəsində qızıl hərflərlə həkk olunan digər ilklərdən bəhs olunur. Xəzər və Aralıq dənizi regionlarında Azərbaycanın şəksiz nüfuzunun təsdiqinə çevrilmiş Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi, məhz İlham Əliyevin dünyanın enerji geosiyasətindəki usta gedişləri sayəsində Avropanın enerji xəritəsinin demək olar ki, yenidən tərtib edilməsi, TANAP, TAP layihələrinin, Cənub Qaz Dəhlizinin reallaşdırılması, Azərbaycanın etibarlı nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikilib istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində atılan addımlar məhz bu fəsildə tədqiq və təhlil edilmişdir. Açıq dənizlərə çıxışı olmayan, qapalı Xəzər hövzəsində yerləşən Azərbaycanı beynəlxalq dəniz nəqliyyatı qovşağına çevirən rəhbər də məhz İlham Əliyev olmuşdur. M.Qasımlı yazır ki, 2018-ci il mayın 14-də Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasına dair tədbirlər haqqında sərəncamı imzalamasında başlıca məqsəd Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsindən ibarət idi.
Bu fəsildə aparılan təhlillər nəticəsində müəllif belə qənaətə gəlir ki, Prezident İlham Əliyev “dövlət canlı orqanizmdir, daim genişlənməlidir” geosiyasi nəzəriyyəsini həyata keçirən, Azərbaycanı borc alan ölkədən kapital ixrac edən ölkəyə çevirən, Bakı – Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərini, Cənub Qaz Dəhlizini, Bakı – Tbilisi – Ərzurum qaz boru kəmərini, TANAP, TAP layihələrini gerçəkləşdirərək Azərbaycan Respublikasını Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkə kimi rolunu artıran, dünya siyasətində yerini möhkəmləndirən dövlət rəhbəridir. Bakı – Tbilisi – Qars dəmir yolu, Şimal – Cənub nəqliyyat dəhlizi və Ələt Beynəlxalq Dəniz Limanı Azərbaycanı dünyanın əhəmiyyətli nəqliyyat, tranzit, logistika mərkəzinə çevirmişdir.
Beynəlxalq təşkilatların qurucusu
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət xəttinin Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsinin nəticələrindən biri də məhz budur. Vaxtilə beynəlxalq təşkilatlara üzv olmaq üçün aylarla, illərlə iş aparan Azərbaycan Respublikası indi özü beynəlxalq təşkilatların qurucusudur. Azərbaycan bəzi təşkilatlara, hərəkatlara qlobal geosiyasətə qayıdış üçün imkan yaradan dövlətə çevrilmişdir. Monoqrafiyanın VI fəslində müəllif Türk Dövlətləri Əməkdaşlıq təşkilatının qurulması, qarşıda dayanan hədəflər, əməkdaşlığın inkişaf etdirilməsində və Türk birliyinin geosiyasi amilə çevrilməsində cənab İlham Əliyevin rolundan bəhs edir. Müxtəlif beynəlxalq toplantılarda
İlham Əliyevin bütün Türk dünyasını necə şərəflə təmsil etdiyini, türk dövlətlərinin hüquqlarını müdafiə etdiyini xatırladır, bu məsələdə Prezidentin vaxtilə cəsarətlə söylədiyi “Türkiyə masa arxasında yoxdur, amma mən burdayam” fikrinə istinad edir. Müəllif yazır: “Prezident İlham Əliyev türk dövlətləri arasında əməkdaşlığa xüsusi töhfə verən, Türk Dövlətləri Təşkilatının yaradılmasında müstəsna rol oynayan, 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə və lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanda separatizmin kökünü birdəfəlik kəsərək, gələcək nəsilləri bu problemdən qurtaran, türk dövlətlərinin, müstəqil dövlətləri olmayan türk xalqlarının başını uca edən və onlara yol göstərən böyük dövlət adamıdır. O, türk dövlətlərinin müdafiə, təhlükəsizlik və əməkdaşlığının qurulması təklifini irəli sürməklə türk xalqlarının qədim Turan Ordusu arzusunu ifadə etmişdir. Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının Praqada keçirilən zirvə görüşündə Ermənistan başçısına tutarlı cavab verən Prezident İlham Əliyev gələcək türk dövlət başçıları, siyasətçiləri və ictimai xadimləri üçün bir nümunə yaratmışdır”.
Vətənini “kosmik klub”un üzvü edən lider
Prezident İlham Əliyevin müstəqillik tarixində yaratdığı ilklərdən biri Azərbaycan Respublikasını kosmos dövləti etməsidir. Onun prezidentlik illəri müstəqil Azərbaycan Respublikasının tarixində yüksək texnologiyaların inkişafı və kosmik sənayenin yaradılması dövrü kimi xarakterizə edilir.
Monoqrafiyanın VII fəslində müəllif ilk növbədə niyə Prezident İlham Əliyevin Azərbaycanı kosmik klubun üzvünə çevirmək istəməsi sualını cavablandırmış, kosmik peyklərin Azərbaycana qazandırdığı yeni imkanlar və üstünlüklərdən bəhs etmişdir. Əsərdə vurğulanır ki, kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə buraxılması ilə xarici ölkələrdən asılılıq aradan qaldırılmış və informasiya təhlükəsizliyinin təmin edilməsi, ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, tam təchizatlı maddi-texniki bazanın yaradılması, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılmışdır. Müəllif haqlı olaraq vurğulayır ki, peyklərin ötürdüyü məlumatlar 44 günlük müharibədə işğalçı Ermənistan üzərində qələbə qazanılmasında mühüm olmuşdur.
Güclü və yumşaq güclü Azərbaycan
Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixində yeni ənənələr yaradan, “yumşaq gücü” uğurla tətbiq edən liderdir. Bu siyasətin reallaşdırılmasında onun ən böyük silahdaşı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmuşdur.
Monoqrafiyanın VIII fəslində “Avroviziya” musiqi yarışmasında Azərbaycan təmsilçilərinin qalib gəlməsi və yarışın 2012-ci ildə Azərbaycanda keçirilməsi, 2013-cü ildə Birinci Avropa oyunlarının Azərbaycanda təşkili, İslam dünyasının birlik rəmzi kimi Bakıda IV İslam Həmrəyliyi oyunlarının baş tutması məhz Prezident İlham Əliyevin yürütdüyü siyasətin mədəniyyət və idman sahəsində beynəlxalq əks-sədası olmuşdur. Eks-prezidentlər haqqında qanunun qəbul edilməsi ilə dövlətçilikdə yeni ənənənin əsası qoyulmuşdur.
Fəsildə vurğulanır ki, Prezident İlham Əliyev Azərbaycan millətinin qarşısında dayanan başlıca hədəfə – işğal altında olan torpaqların azad edilməsinə nail olmaqdan ötrü “yumşaq güc”dən məharətlə istifadə edərək bir ilk yaratdı. “Avroviziya” musiqi yarışmasının, I Avropa, IV İslam Həmrəyliyi oyunlarının Azərbaycanda keçirilməsi təkcə mədəniyyət və idman hadisəsi olmadı. Bunlar daha geniş məna daşıyaraq başlıca hədəfə çatmaqdan ötrü şərait yaratmaqda vasitə oldular. Dünya Azərbaycan gerçəkliklərini gördü. Müstəqil Azərbaycan tarixində Prezident İlham Əliyevin yaratdığı ilklərdən biri eks-prezidentlər haqqında qanunun qəbul edilməsidir. Bununla Azərbaycan dövlətçilik tarixində yaxşı bir ənənənin əsası qoyuldu, Prezident İlham Əliyev milli birlik, bərabərlik və haqq-ədalət rəmzi oldu.
Ərazi bütövlüyünü və dövlət suverenliyini bərqərar edən Ali Baş Komandan
Prezident kimi ilk andiçmə mərasimində Azərbaycan millətinin qarşısında dayanan vəzifələrdən bəhs edən İlham Əliyev ən başlıca məqsədin ərazi bütövlüyünün təmin edilməsi, suverenliyin bərpası olduğunu vurğulamışdı. Kitabın IX fəslində milli ideyanın gerçəkləşdirilməsi – dövlət suverenliyinin bərqərar edilməsinə gedən yoldan, atılan addımlardan, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində təkcə Ermənistan üzərində deyil, onun havadarları, dünyadakı erməni terror-siyasi təşkilatları üzərində qazanılan tarixi qələbə hərtərəfli şəkildə təhlil edilmişdir. Qazanılan böyük Zəfərin Heydər Əliyev siyasətinin təntənəsi, Prezident İlham
Əliyevin liderliyində yürüdülən daxili və xarici siyasətin düzgünlüyünün təsdiqi olması konkret faktlar əsasında sübut olunmuşdur. Burada, eyni zamanda, qazanılan möhtəşəm qələbədən sonra Azərbaycan üçün yaranan imkanlar və potensial təhdidlər məsələsinə də toxunulmuşdur.
Fəsildə qeyd olunur ki, 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə ölkə tarixində yeni siyasi mərhələ başlamışdır. Prezidentin Azərbaycan dövlətinin, xalqının doğma ailəsinin Türk dünyası olması ilə bağlı fikirlərinin də siyasi-nəzəri təhlili monoqrafiyada bütün dəqiqliyi ilə verilmişdir. Musa Qasımlı bu fəsilə yekun vuraraq yazır: “Prezident İlham Əliyev 1988-ci ildən bəri Azərbaycan xalqının qarşısında dayanan başlıca vəzifəni - təcavüzkar Ermənistanı məğlub edərək işğalçını torpaqlardan qovan, dövlət sərhədləri üzərində nəzarəti quran, dövlət suverenliyini bütün ölkə ərazisində tamamilə bərqərar edən, Xankəndidə separatçıları diz çökdürən, separatçılığın kökünü həmişəlik kəsən, dövlət bayrağını ucaldan, hərbi parad keçirən ilk və tək dövlət rəhbəridir. Qazanılan qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir, ədalətsizliyə uğramış xalqlara yol göstərir”.
O haqlı olaraq qeyd edir ki, növbədənkənar prezident seçkilərində İlham Əliyev səsini Xankəndi şəhərində yaradılmış seçki məntəqəsində verməklə özünün dediyi kimi, “separatçılığın tabutuna son mismarı vurmuşdur”.
Prezidentin iş üslubunu təhlil edən ilk əsər
Adətən, müasir tarixə dair yazılmış əsərlərdə, eləcə də siyasi mövzulu monoqrafiyaların sonunda hər zaman gələcək proqnozlaşdırılır. Hər kəsin addım atacağını gözlədiyi yerdə, Prezident İlham Əliyev səbr edib ideal zamanı gözləyən, hər kəs dayanmalı olduğumuzu düşündüyü anda isə addım ataraq bütün vəziyyəti lehimizə çevirə bilən liderdir. Prezident İlham Əliyevi digərlərindən fərqləndirən, ona ardıcıl zəfərlər qazandıran ən mühüm xüsusiyyəti də məhz budur. O, nəyi, nə vaxt, necə edəcəyini gözəl bilir. “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003-2024)” kitabının müəllifi də məhz bu məqamı nəzərə alıb. Prezident İlham Əliyevin atacağı gələcək addımları deyil, iş üslubunu təhlil edib, qazanılan uğurların yorulmazlıq, ciddiyyət, qətiyyət və tələbkarlıq prinsiplərindən irəli gəldiyini göstərib, etdiyi səfərlərə, dünya liderlərinin Azərbaycanın dövlət başçısının şəxsiyyəti və siyasəti barədə fikirlərinə diqqət yetirib.
Nəticə
Elə nəticələr var ki, onlar təkcə keçmişin yekunu yox, həm də gələcəyin başlanğıcıdır. Hesab edirik ki, M.Qasımlının müəllifi olduğu bu monoqrafiya Prezident İlham Əliyevin fəaliyyətinin gələcək tədqiqi üçün əsas istiqamətverici mənbə rolunu oynayacaqdır. Yazını isə elə müəllifin monoqrafiyasını bitirdiyi cümlələrlə də tamamlamaq yerinə düşər: “Yol düzgün seçiləndə və təməlləri möhkəm olanda millət və dövlət bütün təlatümlərdən uğurla çıxır. Yol düzgün, təməllər isə möhkəmdir. Deməli, davam etdirilməlidir. Azərbaycanın daha gözəl gələcəyi vardır”.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik,
Elnur KƏLBİZADƏ,
Günel MUSAYEVA,
AMEA Qafqazşünaslıq
İnstitutunun şöbə müdirləri