AZ

“Malta, San Marino futbol oynayırsa, biz niyə oynamamalıyıq?” – “Sumqayıt”ın futbolçusu

“Sumqayıt”ın futbolçusu Murad Xaçayev “Kəpəz”lə matçdan (0:0) sonra İdmanxeber.az saytına müsahibə verib.

“Kəpəz” oyununu necə şərh edirsən. Bir xalı qazanc saymaq olar?

Tovuzda oynamaq çətindi. Süni meydançada mübarizə aparmaq asan olmur. Üstəlik ilin sonuncu görüşü idi. Hamı da yorğunçuluq var. Hər kəsin bir ayağı məzuniyyətdi. Amma biz yaxşı hazırlaşmışdıq. Qələbə üçün gəlmişdik. Çalışdıq, epizodlarımız da oldu. Vura bilməsək də, qol da buraxmadıq. Rəqibin də yaxşı epizodları oldu.

Fasilədə baş məşqçi Vaqif Cavadovun səsi koridordan eşidilirdi. Hətta Riad Rəfiyev də paltardəyişmə otağına enmişdi. Nə baş verirdi içəridə?

Riad Rəfiyevin niyə gəldiyini bilmirəm. Amma Vaqif müəllim ancaq oyun barədə danışırdı. O, hər zaman fikirlərini emosional şəkildə bildirir. Ancaq taktika və psixoloji durumumuz barədə danışdı. Çünki ilk hissə “Kəpəz”in təhlükəli epizodları oldu. Daha sonra toparlana bildik. 20 dəqiqə sonra düzəldik, epizodlar yaxalaya bildik. Hamı qələbə istəyər, amma heç-heçə də pis deyildi.

Bu mövsüm “Sumqayıt”ın hədəfi nədi? Premyer Liqada qalmaq, yoxsa yuxarı pillələr üçün oynamaq?

Hər futbolçu özünə məqsəd qoymalıdı. Hamı istəyər ki, davamlı yaxşı nəticə qazansın. Amma biz də fərqindəyik, vəziyyəti yaxşı başa düşürük. 6-cı yerdəyik. Daha irəli getmək çətindi. Amma həmişə qələbə üçün oynamalıyıq. Çünki azarkeşlərimiz var. Onları unutmaq olmaz. Hər oyun gəlirlər, bizə dəstək olurlar. Kubokda da yolumuza davam edirik. Oradan da avrokuboklara çıxmaq şansımız var.

– Bunun üçün komanda güclənməli deyil?

Bu mənə aid olan sual deyil. Bu barədə rəhbərliklə danışsanız yaxşı olar (gülür).

– Samir Abasovla Vaqif Cavadov arasında çox fərq var?

Nə demək olar. Mənə Samir Abasov nə deyirdi onu edirdim. İndi də Vaqif müəllim var. Onun tapşırıqlarını yerinə yetirməyə çalışıram. Başqa nəsə deyə bilmərəm.

– Bir dönəm milliyə dəvət alsan da, sonradan çağırılmadın. Sənə niyə şans verilmir?

İlk dəfə milliyə 22 yaşımda dəvət almışam. Ondan sonra 2-3 təlim-məşq toplanışında da olmuşam, amma oynamamışam. İnan ki, qətiyyən danışmaq istəmədiyim mövzudu. Çünki heç vaxt milli barədə nəsə deməmişəm. Mənə şans verilməməsi barədə nə deyə bilərəm ki? Əslində bu sual mənə verilməli deyil. Niyə dəvət almadığım sualını çox adama vermək olar. Mənim işim “Sumqayıt”a kömək etməkdi, əlimdən gələn qədər yaxşı oynamaqdı. Ondan sonra oradakı adamlar baxıb oyunum barədə qərar versinlər.

– Seçmə mərhələdə millinin şanslarını necə dəyərləndirirsən?

Rəqiblər güclüdü. Amma bütün komandalarla oynamaq olar. Bu gün Malta, San Marino futbol oynayırsa, biz niyə oynamamalıyıq? Ukrayna, Gürcüstan örnəkləri də var. Qrupdakı bütün rəqiblərlə yaxşı oynayıb, nəticə qazanmaq olar.

Həsən Quluzadə

Seçilən
9
idmanxeber.az

1Mənbələr