AZ

2025-ci ilin birinci yarısında QDİƏT-ə Azərbaycan sədrlik edəcək

Dekabrın 19-da onlayn formatda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, iclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iştirak edib.

Yalçın Rəfiyev çıxışında Azərbaycanın QDİƏT-in təsisçi üzvü kimi Təşkilat çərçivəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gücləndirilməsinə daim töhfə verdiyini və ölkəmizin Təşkilatın daha nəticəyönümlü, praktiki əməkdaşlıq platformasına çevrilməsi zərurətini dəstəklədiyini vurğulayıb.

Azərbaycanın Orta Dəhliz vasitəsilə regionun tranzit potensialını artırmaq və təhlükəsiz nəqliyyat marşrutları yaratmaq istiqamətində fəaliyyəti, yaşıl enerji sahəsində Avropaya ixracın artırılması və Qara Dəniz Sualtı Kabel layihəsi vasitəsilə enerji ötürülməsi ilə bağlı əldə olunan nailiyyətlərdən bəhs olunub.

Cari ilin noyabrın 11-23-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Azərbaycanın beynəlxalq iqlim gündəliyinin irəlilədilməsində əldə etdiyi mühüm uğurlar, xüsusən də iqlim maliyyəsinin artırılması və karbon bazarlarına dair razılaşmalarla bağlı irəliləyişlər diqqətə çatdırılıb.

2025-ci ildə QDİƏT çərçivəsində işçi qruplarının fəaliyyətinin gücləndirilməsi və üzv dövlətlər arasında sahəvi əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın əsas prioritetlərindən biri olacağı qeyd olunub, bu istiqamətdə üzv dövlətlər birgə qarşılıqlı fəaliyyətə dəvət edilib.

Tədbirin yekununda iclasın protokolu və bir sıra vacib qərarlar qəbul olunub, 2025-ci ilin birinci yarısı üçün sədrlik Azərbaycana təhvil verilib.

XQ

 

Seçilən
14
28
xalqqazeti.az

10Mənbələr