AZ

Ahıskadan başlanan şöhrət yolu

Ahıska türklərinin qəlbində əbədi bir sürgün acısı, köç yarası, vətən həsrəti var. 80 ilə qədər bir müddətdə bu acı hekayələrinin üstünə yeniləri də yazılıb. Ahıskalıların taleyinin şərəfli səhifələri də var və bunu yazanlardan biri də nur üzlü şəhid İlham Məmmədov olub. 

İlhamın anası Bahar Məmmədova və ailəsi 1937-ci ildə Ahıskadan sürgün olunarkən Yevlaxda məskunlaşa bilib. Nemətabadda doğulub böyüyən Bahar Elxan adlı kəndlisi ilə ailə həyatı qurub və iki övladı olub. Ər-arvad alınlarının təri, əllərinin zəhməti ilə uşaqları böyüdüblər. 

Evin yeganə oğul övladıydı İlham, özündən başqa bir bacısı qaldı. Gözü oyulmuş bulaq kimi göz yaşı içinə axan Elxan kişi oğul dərdindən beli bükülsə də, İlhamdan fəxrlə danışır, adı gələn kimi əyilmiş qamətini dik tutur. 

Nemətabad Yevlaxın Vətənə ən çox igidlər və şəhidlər verdiyi kəndidir. Bu kəndin orta məktəbi I Qarabağ müharibəsinin şəhidi Hüseynxan Əhmədovun adını daşıyır və II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək qazi və şəhid olan nemətabadlı gənclərin dördü də bu məktəbin yetirməsidir. 

İlham Məmmədov 23 fevral 1992-ci ildə dünyaya göz açıb. Hər uşaq kimi kəndin yollarında qarğı atını çapıb, xəyalla gerçəklik arasında uşaqlıq dünyasını yaşayıb. Tay-tuşları ilə bir-birinə sarılıb güləşən, taxta tapançalarla “dava-dava” oynayan uşaqların içində ən zirəyi olub. 

İlhamın xoşbəxt uşaqlığının son günü, illərdən bəri vətəninin düşmən tapdağı altında əzildiyini öyrəndiyi gün idi. Ağlı kəsirdi artıq, həyatın uşaqlıqda qurduğu xəyallar qədər asan olmadığını anlayırdı. Kənd məktəbini bitirdikdən sonra – 2011-ci ildə hərbi xidmətə yollandı. Əsgəri borcunu verdikdən sonra kəndə dönmədi. Damarındakı əsil türk qanı, vətən sevgisi onu hərbi hissədə qalıb xidmətini davam etdirməyə sövq elədi. 

2013-cü ildə Bakıda 6 aylıq snayperçi kursu keçir və bu sahədə addım-addım irəliləyərək, Naftalandakı “N” saylı hərbi hissədə kiçik çavuş rütbəsində xidmətini davam etdirir. İlham 2016-cı ilin məlum Aprel döyüşlərində iştirak edir və ayağından yaralanır. Müalicə alıb, sağalar-sağalmaz yenidən hərbi hissəyə dönür. Artıq təkcə hərbçi kimi deyil, döyüşçü kimi də təcrübə qazanmışdı. Silahdaşları danışır ki, hərbi hissədə keçirilən yarışlarda həmişə İlham 1-ci olurdu. Onu bu uğurlarına görə xüsusi kursa göndərəcəklərmiş.

İkinci Qarabağ müharibəsi başlamazdan bir neçə gün əvvəl məzuniyyət götürüb evlərinə gəlir. Ailəsi, qohum-əqrabaları ilə görüşüb, bir neçə gün dincəlmək istəyirmiş. Ermənilərin rəzilliyindən, ordumuzun gücündən, Aprel döyüşlərindən danışır. Elə o günlərdə II Qarabağ savaşı başlayır və İlham tez geriyə, öz hərbi hissəsinə qayıdır. 

Nemətabad kənd bələdiyyəsinin sədri Xudabaxış Rüstəmbəyli deyir ki, gəldiyi bir-iki gün idi, müharibə xəbərini eşidən kimi yola çıxdı. Valideynlərinin yalvarışlarına sakitləşdirici cavab verdi: “Narahat olmayın ey, müharibəyə getməyəcəm”. Amma hamımız bilirdik ki, bizim tanıdığımız İlham birbaşa cəbhəyə gedir.

İlham hərbi hissəyə qayıtdıqdan sonra sevincək üçrəngli bayrağımıza sarılaraq rəqs edib, “Torpaqlarımızın işğal altında qalmasına son qoyacağıq artıq, düşməni məhv edəcəyik!”, – deyə sevincdən qanad açıb. O şənliyin videosunu İlhamın döyüş dostları sonralar ailəsinə təqdim ediblər. İlham sanki toy-bayramdaymış. Həmin gün sinif yoldaşlarına da zəng edərək, halallıq alıb, deyib ki, sabah “toyumuz” başlıyır. O, bununla üstüörtülü şəkildə düşmənə tutacaqları “toy”dan bəhs edib. 

Evlərinə də son dəfə zəng edib, qürurla danışıb, amma döyüşə girəcəyi haqqında yenə də bir kəlmə deməyib.

İlk döyüşü Suqovuşandan başlayıb və Talış kəndində davam edib. Dəqiq snayper atəşilə düşmən hədəflərini vuran İlhamın məhv etdiyi canlı düşmənlərin sayı 65-dən çox olub. Təəssüf ki, müharibənin elə ilk günü aldığı yaradan Talış uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşub. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunan İlham Yevlaxın Şəhidlər xiyabanında dəfn olunub.

 Anası Bahar xanımın acı taleyinə bir də övlad yarası əlavə olunub. Şəhid balasının adına otaq ayırıb, şəkillərlə, bayraqlarla bəzəyib. Bir ana kimi onun üçün necə kədərli olsa da, həmişə oğlundan qürurla bəhs edir. 

Əminə YUSİFQIZI,
Əməkdar jurnalist 

 

Seçilən
6
xalqqazeti.az

1Mənbələr