AZ

Əmək müqaviləsi gələcək üçün də mötəbər təminatdır

Hər bir dövlətin əsas məqsədlərindən biri vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmaq, onlar üçün güclü sosial təminat sistemi yaratmaq, sosial hüquqlarını daha etibarlı şəkildə qorumaqdır. Təbii ki, insanların sosial şəraitinin yaxşılaşması, ilk növbədə, dövlətin yüksək iqtisadi inkişafa nail olmasından bilavasitə asılıdır. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə 2024-cü ilin yanvar–noyabr aylarında 113 milyard 282 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Əhalinin hər nəfərinə ÜDM 11 min 104 manat təşkil edib. 

Artım əmək bazarı ilə sıx bağlı olub və işəgötürənlərlə işçilər arasında bağlanan əmək müqavilələrinin sayını artırıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482 min 194 vahid artıb və 2024-cü ilin dekabr ayının 1-nə 1 milyon 884 min 109 olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 450 min 212 vahid artaraq 990 min 134 təşkil edib. Amma hələ də az da olsa, əmək qanunvericiliyi tələblərinin pozulması halları davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin 9 ayında işəgötürənlər tərəfindən 2 128 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib. Həmin hüquq pozuntuları daha çox işçilərin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi ilə bağlıdır. 

Bəs əmək müqaviləsinin imzalanmamasının fəsadları nədir? Əmək müqaviləsi işçinin hüquqlarının qorunmasına təminat verə biləcək əsas sənəd olub işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirir. Onun leqallaşdırılması ilk növbədə vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilib. Lakin bəzi hallarda əmək müqaviləsi ilə bağlı problemlər yaranır. Bütövlükdə, vergi ödəyiciləri üzrə bu problemlər 3 əsas qrupa bölünür. Birinci problem vergi ödəyicilərinin əmək münasibətlərini rəsmiləşdirmədən işçiləri ayrı-ayrı işlərə cəlb etməsidir. Bu daha çox ticarət və xidmət sektorunda müşahidə olunur. İkinci problem işçilərin bir qismi ilə əmək müqaviləsinin bağlanması, əksəriyyət təşkil edən digər qismi ilə isə rəsmiləşdirilmənin aparılmamasıdır. Bu, əsasən tikinti və istehsal sektorunda çalışan vergi ödəyicilərində rast gəlinən tipik haldır. Üçüncü qrup problem isə ikili mühasibatla bağlıdır. Bir sıra vergi ödəyiciləri iş yerlərini rəsmiləşdirsələr də, ikili mühasibat apararaq, əmək haqlarını real göstərmir, bu yolla vergi və sosial ayırmaların ödənilməsindən yayınırlar. Son vaxtlar bu neqativ hal minimuma endirilib. Üstəlik, əmək haqqının və son haqq-hesabın ödənilməməsi, işçilərin icbari sığorta edilməməsi və əməyin mühafizəsi qaydalarında da qanun pozuntularına rast gəlinir.

Qeyd edək ki, əmək müqaviləsi bağlanmadıqda işəgötürən vergi və sosial ayırmaları ödəməkdən yayınır və bu böyük həcmdə vəsait itkisinə səbəb olur. İşçilər isə ödənişli əmək məzuniyyətindən, birdəfəlik müavinətlərdən, əməkhaqqının ödənilməsindən, ipoteka və digər kreditləri almaq hüququndan, eyni zamanda, gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar.

 Digər neqativ hal, yuxarıda bildirildiyi kimi, əmək müqaviləsində qeyd olunan əmək haqqının, əslində, veriləndən aşağı olmasıdır. Məsələn, ola bilər ki, müqavilədə 200 manat əmək haqqı yazılsın, amma işçi 500 manat alsın. Bu da vergidən yayınma hallarına gətirib çıxarır. Çünki əməkhaqqı mühasibatlıq sənədlərində tam əksini tapmadıqda həm sığorta fonduna, həm də vergi şəklində dövlət büdcəsinə vəsaitlər daha az daxil olur. Yəni bu məqsəd üçün nəzərdə tutulan vəsaitlərin bir hissəsi işəgötürən tərəfindən oğurlanır. Əgər əmək müqaviləsi olsa və əməkhaqqı leqallaşsa, işçilər həm o maaşı qanuni alarlar, həm də bilərlər ki, gələcəklərinə təminatlı pensiya yığırlar. Çünki əmək müqaviləsi ilə işləmək, vergi ödəmək gələcəkdə yüksək əmək pensiyası almaq şansını artırır. Əmək müqaviləsi olmayanlar isə daha aşağı əmək pensiyası alacaqlar. Bu da ki, pensiya yaşı çatan zaman maddi cəhətdən müəyyən problemlərin yaşanmasına gətirib çıxarır.

İqtisadçı Əli Mustafayevin sözlərinə görə, əmək müqaviləsi bağlanmadıqda işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina etmək imkanı qazanır. Bu, işəgötürən tərəfindən iş və istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl edilməməsinə şərait yaradır və öz növbəsində, işəgötürən tərəfindən işçinin sosial müdafiə olunma, güzəşt və imtiyazlardan istifadə etmə, məcburi və əlavə sığortalar və s. kimi öhdəliklərdən imtina etməsi ilə nəticələnir. Əmək müqaviləsi yoxdursa, işəgötürən işçini istənilən zaman heç bir vəsait ödəmədən işdən azad edə bilər. 

Xatırladaq ki, əmək müqaviləsi olmadan çalışanların təhlükəsizliyi də minimum səviyyədə olur. İstehsalatda baş verən qəzalar zamanı əmək münasibətlərini rəsmiləşdirməyən işçilərin hüquqları pozulur və onlar müəssisələrdən heç bir təzminat ala bilmirlər. “Bəzən işəgötürənlər qeyri-rəsmi şəkildə işçi ilə əlaqə yaradır, onlara sosial təminatları ilə bağlı problemlərini həll edəcəklərinə söz verirlər. İnsanlar da hüquqlarını bilmədikləri üçün inanırlar. Bu adamlar sonradan əmək əlillərinə çevrilir və öz hüquqlarını tələb edə bilmirlər. Çünki ortada onun hüquqlarını təmin edən əmək müqaviləsi yoxdur”. 

Əmək müqaviləsi necə bağlanır? Bu neqativ halların aradan qaldırılması istiqamətində Azərbaycanda bir sıra tədbirlər həyata keçirilir. Əmək Məcəlləsinə edilən dəyişiklik əsasında artıq əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanır. Əmək müqaviləsi bildirişi isə ləğv olunub. Yeni dəyişikliklər rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsinə xidmət edir. Bu dəyişikliklər işçi qüvvəsi ilə bağlı dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradır. Vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik, saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına gətirib çıxarır. 

İlk olaraq işçinin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd olunur. İşə götürən tərəf işçinin məlumatlarını Əməyin Məşğulluğu Alt Sisteminə (ƏMAS) daxil edib elektron müqavilə sənədi formalaşdırır. Müqaviləni imzalamaq istəyən vətəndaş ƏMAS platformasında şəxsi kabinetinə daxil olmalıdır. Platformaya daxil olduqdan sonra “Onlayn əmək müqaviləsi” linkinə klikləməklə “Onlayn əmək müqaviləsi reyestri”nə, ardınca da “Təsdiq gözləyən əmək müqavilələri” bölməsinə keçid etməlidir. Növbəti addımda işçi öz kabinetində əmək müqaviləsi ilə tanış olur, ehtiyac olarsa düzəliş olunması üçün geri göndərir və ya elektron imza (SİMA Rəqəmsal imza, ASAN imza, SİMA Token) ilə imzalayaraq, qəbul edir. Sonda işəgötürən tərəfindən əmək müqaviləsi elektron imzalanaraq qanuni qüvvəyə minir.

Əmək müqaviləsi ilə bağlı məlumatların elektron informasiya sisteminə daxil edilməsi bu sahədə şəffaflığın, iş yerlərində əmək müqavilələri bağlayanların sayının artmasına gətirib çıxarır: Bu, gəlir vergisi və sosial ödənişlərlə bağlı hesablamaların düzgün aparılmasına imkan verir, qeyri-leqal məşğulluqla mübarizədə önəmli rol oynayır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə fəaliyyətini uğurla davam etdirir. Xidmət bu il aşkarlanan hüquq pozuntularını elektron sistem üzərindən həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı aşkar edir. Bu da ona vaxtında hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görməyə imkan verir. Bu barədə bildirilir: “Xidmətin elektron sistem üzərindən həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı aşkar edilən həmin hüquq pozuntuları daha çox işçilərin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi, əmək haqqının və son haqq-hesabın ödənilməməsi, işçilərin icbari sığorta edilməməsi və əməyin mühafizəsi qaydalarının pozulması və s. ilə bağlı olub. Qeyd olunan hüquq pozuntularının hamısının aradan qaldırılması təmin edilib”.

Beləliklə, əmək müqaviləsi işçilərin əmək hüquqlarının, eyni zamanda, gələcək sosial təminat hüquqlarının qorunmasında vacib məlumat mənbəyidir. O, ilk növbədə işçi hüquqlarının təminatı, onun firavan gələcəyinin təməlidir. Əmək müqaviləsi həm də vergidən və sosial ödənişlərdən yayınmanın qarşısının alınmasında rol oynayan mühüm sənəddir. 

Pünhan ƏFƏNDİYEV
XQ

 

Seçilən
12
xalqqazeti.az

1Mənbələr