AZ

Avropa İttifaqı Kiyevə 47 milyard avro hərbi yardım göstərib

Bu, NATO-nun Ukraynada anti-Rusiya plasdarmı yaratmaq siyasətinə xidmət edir

Avropa İttifaqı ölkələri 2022-ci ilin fevralından bu günə qədər Kiyevə 47,3 milyard avro hərbi yardım göstərib. Ukrayna bunun 41,2 milyard avrosunu birbaşa üzv ölkələrdən, 6,1 milyard avronu isə “Ukraine Facility” fondu çərçivəsində alıb. Məlumatı Avropa Komissiyasının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper təsdiqləyib. O əlavə edib ki, Ukraynaya Rusiyanın təcavüzü ilə mübarizədə dəstək üçün yardımın ümumi məbləği 130 milyard avro təşkil edib və bu rəqəm artmaqda davam edir.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen isə bildirib ki, Ukrayna 2025-ci ildə, ümumilikdə, təxminən, 30 milyard avro alacaq. “Aİ Kiyevə “Ukrayna Facility” fondundan 13 milyard avro ayıracaq və yanvar ayından dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə maliyyələşdirilən G7 kreditinin bir hissəsi köçürüləcək. Bu məbləğ 18 milyard avro təşkil edəcək. Beləliklə, Aİ 2025-ci ilin yanvarından Ukraynaya ayda 1,5 milyard avro yardım edəcək. Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 27 ölkənin xarici işlər nazirlərinin ilk görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Bundan əlavə, Aİ qışın sonuna qədər 75 min ukraynalı əsgərə təlim keçmək niyyətindədir. Kallas bir daha qeyd edib ki, Ukraynaya yardım Aİ üçün prioritet olaraq qalır. Bu yardım Ukraynanı “2025-ci ilin sonuna qədər iqtisadi və maliyyə sabitliyi ilə təmin edəcək, həmçinin hərbi texnikanın alınması üçün büdcəni əlavə yükdən azad edəcək: “Brüssel Rusiya ilə gələcək danışıqlarda Kiyevin mövqeyinin güclü olması üçün mümkün olan hər şeyi etməlidir”.

Bu, Brüsselin Ağ evdə gözlənilən kadr dəyişikliyinə baxmayaraq, Kiyevə dəstəyinin davam edəcəyinin, eyni zamanda, Donald Trampın münaqişənin tez bir zamanda dayandırılmasının zəruriliyi ilə bağlı bəyanatlarından narahatlığının göstərcisidir. “Newsweek” qəzetinin Aİ-dəki mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ-ın yeni prezidenti ilə telefon danışıqlarında blok ölkələrinin liderləri “Amerikanın Kiyevə yardımının davam etdirilməsində təkid edirlər”.

Bəs Aİ maliyyə və silah dəstəyində ABŞ-ı əvəz edə bilərmi? Ekspertlər birliyi qeyd edir ki, Aİ ABŞ-dan göndərilən müəyyən silahları əvəz etmək iqtidarında deyil. Bu barədə hərbi ekspert Vadim Koroşçupov “İzvestiya”ya deyib: “Ukraynadakı münaqişənin ABŞ-ın hərbi sənaye kompleksinə gətirdiyi gəliri nəzərə alsaq, Vaşinqtonun Ukraynanı silahla təchiz etməkdən tamamilə imtina etməsi çətin ki mümkün olsun. Birbaşa silah tədarükü haqqında danışsaq, avropalılar Amerikanın hərbi yardımını, ancaq qismən əvəz edə bilər. Çünki Aİ Kiyevi kifayət qədər yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə təmin edə bilməz. Bunlar əsasən qanadlı, ballistik raketlər, çoxsaylı buraxılış raket sistemləridir. Belə məhsullar milyonlarla deyil, ildə yüzlərlə, bəzən onlarla istehsal olunur. ABŞ 1990-cı illərdən bu yana xeyli sayda belə silah toplayıb, lakin Avropa hələ də bu silahlardan yığmayıb. Son 20–30 ildə avropalılar yüksək dəqiqlikli uzaqmənzilli sistemlər sektorunu inkişaf etdirməyə başlayıblar, lakin bu, hələ başlanğıc mərhələsindədir”. 

Bəs Tramp Kiyevi dəstəkləməkdən imtina edəcəkmi? 2022-ci ilin fevralından bəri ABŞ-ın Kiyevə hərbi dəstəyinin həcmi 62 milyard dollardan çox olub. Bu böyük rəqəmdir. Ona görə də Aİ-nin narahatlığı başa düşüləndir və bütün bunlara baxmayaraq, Ukrayna əsas bölgələrdən tədricən geri çəkilir. 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dekabrın 18-də verdiyi məlumata görə, rus qoşunları 2024-cü ildə 190 yaşayış məntəqəsini və təxminən 4,5 min kvadratkilometr ərazini “azad” edə bilib. O deyib ki, hazırda Kiyevə hərbi təyinatlı məhsullar 30-dan çox ölkə tərəfindən tədarük edilir. Bu sahədə ən çox ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Danimarka fərqlənir. Onun sözlərinə görə, xarici dövlətlər Rusiya xüsusi əməliyyata başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin hərbi ehtiyaclarına, təxminən, 170 milyard dollar xərcləyiblər, halbuki onların Ukraynaya ümumi maliyyə yardımı, təxminən, 350 milyard dollar təşkil edib. Yardımlar isə davam edir. 

...Trampın özü hələ heç yerdə deməyib ki, ABŞ Kiyevi maliyyəsiz qoymağa hazırlaşır. Üstəlik, o, “Tayms” qəzetinə verdiyi son müsahibəsində vurğulayıb ki, Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir və bunun yeganə yolu Kiyevi yardımsız qoymamaqdır. Trampın fikrincə, Amerikanın Ukrayna Silahlı Qüvvələrinə gələcək yardımı nizamlanma danışıqları zamanı Rusiyaya təzyiq rıçaqları rolunu oynamalıdır. Yenə ABŞ-ın yeni prezidenti Ukrayna ilə bağlı planının təfərrüatlarını açıqlamayıb.

Fransız geosiyasət və strategiya analitiki Ciril de Lattre isə deyib ki, Tramp Kiyevə dəstəkdən tamamilə imtina etməyəcək: “Ölkəsini Ukraynada yaranmış dalandan çıxarmağa çalışmaq Trampın ruhuna uyğundur. Amma Tramp yaxşı başa düşür ki, hərbi sənaye kompleksi çox güclü gəlir generatorudur, heç bir dövlət ondan imtina edə bilməz. Deməli, əgər Vaşinqton birbaşa yardımdan imtina etmək qərarına gəlsə, o, çox güman ki, Rusiyaya qarşı dost olmayan ölkələr, məsələn, Polşa vasitəsilə daxil olacaq”.

Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib: "ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı müharibəni tez bir zamanda başa çatdırmaq istəyir, lakin Kiyev danışıqlar naminə təslim olmaq və hərbi əməliyyatları dondurmaq niyyətində deyil". Eyni zamanda, Zelenski ümid etdiyini bildirib ki, Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-da baş verən dəyişikliklər Ukraynaya fayda verəcək: "Biz yeni administrasiya ilə əlaqələr quracağıq, bu bizim prioritetimiz olacaq. ABŞ bu müharibədə bizim aparıcı donorumuz olub və elə də qalır”.

İstənilən halda, ABŞ-ın gələcək administrasiyası Trampın seçki kampaniyası zamanı münaqişəyə ən qısa zamanda son qoymaq vədini yerinə yetirmək niyyətini müxtəlif üsullarla nümayiş etdirir. “The New York Times” qəzeti yazır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada 40 min avropalı hərbçinin patrulluq edəcəyi bufer zonası yaratmaq istəyir. Belə planın mümkünlüyünə şübhə edən ekspertlərin fikrincə, Donald Tramp bu yolla Ukraynada müharibənin sona çatdırılması üçün real şərtlər irəli sürmək əvəzinə “siyasi teatr” təşkil edir. Hər halda Tramp tərəfindən münaqişənin həlli üzrə xüsusi elçi təyin edilmiş, istefada olan general-leytenant Keyt Kelloqun yanvarın əvvəlində Kiyevə səfəri planlaşdırılır. 

 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun vurğuladığı kimi, Kremlin “bu məsələdə Tramp komandası ilə heç bir əlaqəsi olmayıb”. Kreml dəfələrlə vurğulayıb ki, Ukraynadakı münaqişənin səbəblərini Rusiyanın hərəkətlərində deyil, məhz Qərbin siyasətində axtarmaq lazımdır. Moskva hesab edir ki, hazırkı böhran NATO-nun Ukrayna ərazisində anti-Rusiya plasdarmı yaratmağa yönəlmiş uzun illər davam edən təcavüzkar siyasətinin birbaşa nəticəsidir.

Hazırladı:
P.ƏFƏNDİYEV 
XQ

 

Seçilən
6
xalqqazeti.az

1Mənbələr