“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov işdən çıxarılıb. Buna onun işində yol verdiyi nöqsanlar, metropolitenin işini lazımı səviyyədə qura bilməməsi kimi izahlar verilir.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirib ki, hazırda stansiya və xətlərdə ciddi dəyişikliklərə ehtiyac var:
“Ümumiyyətlə, metropolitenin rəhbərliyini dəyişmə problemin həlli deyil. Problem texniki cəhətdən həllini tapmalıdır. Yəni metropolitenin infrastrukturunda yeniliklər edilməli və buna ciddi vəsait xərclənməlidir. İlk növbədə, Bakı Metropoliteni yeni və sürətli qatarlarla təmin olunmalıdır.
Amma əsas məsələ budur ki, metropolitenin elə xətti var ki, o, tikilərkən yalnız 3-4 vaqon üçün nəzərdə tutulub. İndi həmin stansiyalarda vaqon sayını artırmaq mümkün deyil. Yeni xətlər 6-7 vaqonluq nəzərdə tutulub və həmin xətlər üzərində vaqon sayını daha çox artırmaq mümkündür.
Köhnə xətlərə gəlincə, məsələn, “Memar Əcəmi”, “Neftçilər” kimi stansiyaların qatar tutumu kifayət qədər deyil. Sərnişinlərin də sayca artması problemlərə gətirib çıxarır.
Alternativ və daha çevik nəqliyyat sistemləri olmalıdır ki, vətəndaşların bir hissəsi də onlara üstünlük versin. Hazırda metronun sürətli və tıxacsız olması əsasən gənclərin, xüsusən də tələbələrin bu nəqliyyat növünə üstünlük verməsini təmin edir”.
Ekspertin fikrincə, istər yeraltı, istərsə də yerüstü nəqliyyat probleminin yeganə həlli şəhərin yükünü azaltmaqdır:
“Xətlərin, stansiyaların artması olduqca vacibdir. Bu boyda şəhərin cəmi 28 metro stansiyası var. 2 milyon əhali üçün nəzərdə tutulan şəhərin əhalisinin sayı 5 milyona gəlib çıxıb, amma infrastrukturda heç bir dəyişiklik yoxdur.
Yeni xətlər dairəvi sistemə keçirilməlidir ki, heç olmasa köhnə xətlər həmin dairəvi sistemə qoşulsun. Əslində, Bu Bakının şəhərsalma planında öncədən nəzərdə tutulmalı idi. Paytaxtın yükü azaldılmalıdır”.
Nazim Hacıyev
Telegram kanalımız