AZ

Rusiya artıq regionun tək gücü deyil, Azərbaycan və Türkiyə... - Orxan Vəliyevlə müsahibə

Xəzər Universiteti Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri Dr. Orxan Vəliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Orxan müəllim, Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı inkişaf yolu sizi qane edirmi? Daha hansı addımların atılmasını müvafiq hesab edərdiniz?

- Türkiyə-Azərbaycan münasibətləri özlüyündə modern bir anlayışdır. Bu təsnifatı etmək lazımdır. Əks halda, Türkiyənin Krım əsilli, dünya səviyyəli tarixçisi, mərhum professor Halil İnalcığın Osmanlı İmperiyası ilə bağlı yazdığı üç cildlik kitabın birinci cildində qeyd etdiyi kimi, türklər əvvəlcə Azərbaycan platosuna yerləşdikdən sonra qərbə doğru hərəkət etdilər tezisinə qədər geriyə getməli olarıq. Ümumən, elm adamları bu kimi siyasi sualları cavablandırarkən elmi, metodoloji prinsiplərə sədaqəti qorumalıdır ki, fikirləri həmin dövlətlərin qərarvericiləri üçün bir dəyər kəsb etsin. Bu qısa girişdən sonra sualınızın cavabına keçə bilərik. Türkiyə-Azərbaycan münasibətlərinin modern başlanğıc nöqtəsi heç şübhəsiz Cümhuriyyət-Qafqaz İslam Ordusuna qədər gedib çıxır. Bu çərçivədə “Türk Yurdu” jurnalının Türkiyə Cümhuriyyətinin 100-cü ilinə həsr edilmiş xüsusi nömrəsində “Respublika dövründə Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda məqaləm nəşr edilmişdi. O səbəblə, sualınızı müstəqil Azərbaycan konteksində, xüsusilə İkinci Qarabağ zəfəri çərçivəsində dəyərləndirməyə çalışacağam. Yuxarıda sadaladığım tarixi perspektiv müstəqilliyin bərpasından sonra Ankara-Bakı arasındakı münasibətləri, Türkiyənin Azərbaycan Respublikasının müstəqilliyini tanımasını şərtləndirmişdir. Müstəqilliyin bərpasından sonra məlum dünya 11 sentyabra qədər 10 illik qlobal liberal hegemoniya ilə üzləşməli olmuşdur. Buna müvafiq olaraq, 90-cı illərdə Azərbaycan işğal, Türkiyə isə şiddətlənən terrorla mübarizə aparmalı olmuşdur. Nəticədə, ikili münasibətlərdə arzuolunan nəticələr hasil olmamışdır. Bununla belə, münasibətlər “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın təşəbbüsü ilə Türkiyənin də konsorsiuma daxil edilməsi ilə yeni mərhələyə daxil olmuşdur. İki ölkə arasındakı münasibətlər əsasən hərbi, iqtisadi və liderlər arasında diplomatiya çərçivəsində cərəyan etməkdədir. Heç şübhə yoxdur ki, iki ölkə arasındakı münasibətlərin zirvə nöqtəsi İkinci Qarabağ müharibəsi öncəsi, prosesi və sonrasıdır. Qaldı ki, bir çox yanlış anlama da buradan qaynaqlanır. Mənim düşüncəm belədir ki, Türkiyə-Azərbaycan münasibətlərində arzuolunan nəticənin hasil olması üçün Azərbaycanın da inkişaf səviyyəsinin müəyyən mərhələyə çatması zəruri idi. Son 20 ildə Azərbaycanın siyasi, hərbi, iqtisadi və s. müstəvilərdə qət etdiyi məsafə göz qabağındadır. Bakının çöhrəsi belə 20 il öncə ilə müqayisə edilməyəcək şəkildə dəyişmişdir. Bu fikrin daha yaxşı anlaşılması üçün İrəvan və Tiflisə səfər etmək kifayət edəcəkdir. Xülasə, güclənən, dövlətləşən Azərbaycanın da töhfəsi ilə iki ölkə arasındakı münasibətlər arzuolunan səviyyəyə gəlib çatmışdır. İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana mənəvi dəstəyi, türk hərb sənayesinin, “Bayraktar”ın istehsalı olan texnikanın satışı üçün imkan yaratması son dərəcə qiymətli bir hadisə idi. Heç şübhəsiz, zəfərin qazanılması, ardınca çox keçmədən Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasındakı münasibətlərin institutlaşmasını doğurmuşdur. Bu günlərdə baş verən bir sıra hadisələri isə qətiyyən münasibətlərin pozulması kimi qiymətləndirmirəm. Şuşa Bəyannaməsində də qeyd edildiyi kimi, hər iki ölkə öz suveren maraqlarından hərəkət edir və etməlidir. Buradakı əsas məsələ, hər iki ölkənin ana məsələlərdə ortaq, müştərək hərəkət edə bilmək iradəsinə sahib olmasıdır. İki ölkənin həm liderlər, həm də müvafiq qurumlar səviyyəsində müştərək hərəkət edə bildiyini, hətta iki ölkənin Türk Dövlətləri Təşkilatının yaradılması və institutlaşdırılmasında aparıcı rol oynadığını da demək mümkündür. Beləliklə, ana məsələlərdə ortaq hərəkət etmək iradəsi oldu.

Bu yaxınlarda İstanbulda baş tutan, Türkiyə Prezidentinin də iştirak etdiyi forumda idiniz. Forumun məqsədi nə idi, nələr əldə edildi?

- TRT World kanalının dəvəti ilə bu il səkkizincisi təşkil edilən “TRT World Forum”da iştirak etdim. Forum bu il “Qırılma nöqtəsində dünya: böhran və dəyişikliklərin idarə olunması” mövzusuna həsr edilmişdi. Forum 29-30 noyabr 2024-cü il tarixlərində İstanbul Konqres Mərkəzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə öz işinə başladı. Prezident Türkiyənin xarici siyasətinin prioritetlərinə toxunaraq çıxışını tamamladı. Forumun ikinci günündə isə xarici işlər naziri Hakan Fidanın çıxışı xüsusi diqqət çəkdi. Çıxışdan sonra ətrafına yığışmış qələbəlik arasından bizim “Cənab nazir, biz Azərbaycandan gəldik” müraciətimizə müvafiq olaraq bizimlə şəkil çəkdirməyə razılıq verməsi, həm də hal-əhval tutması xüsusi bir hadisə oldu. Bilirsiniz, dünyanın ilkin dəyişikliyi, daha doğrusu, 19-cu və 20-ci əsrin quruluşundan çıxışının ilk siqnalları kimi Berlin Divarının yıxılışını, SSRİ-nin dağılışını göstərmək olar. Ancaq daha kəskin formada bu, özünü 2007-2008 maliyyə böhranı ilə göstərmiş oldu. Yəni 21-ci əsrin doğuşu məhz maliyyə böhranı ilə başlamışdır. Belə olan halda klassik milli-dövlətlər dəyişməyə başladılar. Beləliklə, dövlətlər, xüsusilə Türkiyə kimi keçmişdən gələn iddiasını itirmiş və regional güc olmaq potensialı daşıyan ölkələr dövlət ritorikasını dəyişdirəcək addımlar atmalı oldu. Burada bir digər məsələ heç şübhəsiz iqlim dəyişikliyi, qlobal bir dərdə çevrilən köç və dördüncü sənaye inqilabı ilə institutlaşan elektron dünyanın varlığı kimi reallıqlar da nəzərə alınmalıdır. Xülasə, Türkiyə 2010-dan etibarən dünyadakı dəyişikliklərə müvafiq olaraq yeni addımlar, qərarlar atmağa başladı. TRT World Forumunu da bu çərçivədə dəyərləndirmək lazımdır. Belə ki, Türkiyə TRT, Antalya kimi forumlarla tədricən regional və qlobal məsələlərin müzakirə edildiyi alternativ bir destinasiyaya çevrilməkdədir. Forumun ana məqsədi İstanbulu regional və qlobal məsələlərin müzakirə mərkəzinə çevirməkdir. Bu məqsədlə seçilən başlıq da son dərəcə uğurlu idi. Forumda Qərb ölkələrindən iştirakın ötən illərlə müqayisədə zəif olduğunu gördükdə başlığın həm nə dərəcədə doğru olduğunu, həm də təsirini gördük. Biz azərbaycanlı spikerlər isə Mərkəzi Asiya panelində çıxış etdik. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk Dünyasıdır” ifadəsi paneldə bir neçə dəfə istifadə edildi. Mən isə öz növbəmdə Prezident İlham Əliyevin Bişkek Sammitindəki çıxışına istinadən Türk Dövlətləri Təşkilatının hədəflərin reallaşdırılması üçün iqtisadi bazanı inşa etməli olduğunu qeyd etdim. Ümumən, forumun öz məqsədinə çatdığını ifadə etmək mümkündür.

- Türk Dövlətləri Təşkilatının gələcəyini necə görürsünüz? Atılan addımların yekununu necə proqnozlaşdırardınız?

- Bu yaxınlarda Türkiyədə aylıq fəaliyyət göstərən “Kriter” jurnalının 2024-cü ilin son nömrəsində Türk Dövlətlər Təşkilatı ilə bağlı bir məqaləm (“Qeyri-müyəyyənlik çağında türk refleksi: Türk Dövlətlər Təşkilatı”) nəşr edildi. Məqalədə TDT-ni qeyri-müyəyyən çağda “Türk refleksi” şəklində ifadə etdim. Məlumdur ki, 1991-ci ildən 2021-ci ilə qədər “türk refleksi”ni şərtləndirən üç qırılma anı olmuşdur. İlki SSRİ-nin dağılması, ikincisi 2007-2008 maliyyə böhranının baş göstərməsi və Covid-19 ilə üçüncü qırılma anı türk refleksini şərtləndirmişdir. Türk Dövlətlər Təşkilatı bu il 15-ci ilini qeyd etdiyimiz Naxçıvan müaqaviləsi rəhbər tutularaq yaradılmışdır. Türk Dövlətlər Təşkilatının İstanbul sammitində elan edilməsi 30 illik ardıcıl fəaliyyətin bir nəticəsi olaraq doğru zaman və məkanda elan edilmişdir. Bilirsiniz, biz hazırda dördüncü sənaye inqilabı dövrünü yaşayırıq. Beləliklə, birinci və ikinci sənaye inqilabı ilə institutlaşan milli dövlətlərin qlobal məsələlərlə tək başına məşğul olması müşkül hal almışdır. Bu məqsədlə regionallaşma qaçılmaz bir nəticə olaraq qarşımızda durmaqdadır. Türk dünyası üçün adətən müsbət amillərdən danışılır, ancaq təhdidlərdən danışılmır. Bu mənada Türk Dövlətlər Təşkilatı məhz mövcud və potensial risklərə refleks olaraq ortaya çıxmışdır. TDT xüsusilə prezident Əliyevin Bişkek sammitində qeyd etdiyi kimi hədəfləri reallaşdırmaq üçün iqtisadi bazanı inşa edib bilməsə, işlər çox çətin olacaq. Əks halda TRT World Forumda qeyd etdiyim kimi gələcəkdə də sadəcə bu gün iqtisadi və siyasi olaraq bir əhəmiyyət kəsb etməyən keçmiş qüdrətdən danışmağa davam ediləcəkdir. Ancaq mən ümidliyəm! İqtisadi bazanın inşası on illərdir arzu olunan türk birliyinin, mədəniyyətinin inşasını da mümkün edəcəkdir. İqtisadi ortaqlıq olmadan hər hansı birlik sadəcə illuziya olmağa məhkumdur. Bu mənada prezident Əliyevin çıxışı son dərəcə əhəmiyyətlidir. Astana Sammitində irəli sürülən TURK TIME (Türk Dövrü) anlayışının açıqlaması ilə cavabımı tamamlamaq istəyirəm: T - Tradition (ənənə); U – Unification (birlik); R – Reform (yenilik); K – Knowledge (bilik); T – Trust (güvən); I – Information (informasiya); M – Mediation (vasitəçilik); E – Energy (enerji).

- Elmi fəaliyyətinizdə hansı yeniliklər var? Millətşünaslıqla bağlı araşdırmalarınız nə yerdədir?

- Son müsahibəmizdən sonra Xəzər Universitetinə transfer oldum və artıq iki ildir ki, Xəzər Universiteti Siyasi Elmlər və Fəlsəfə Departamentində çalışıram. Xəzər Universiteti, Azərbaycan ali təhsil sisteminin sovet sistemindən müasir dünyaya inteqrasiya prosesində ilkin nümunədir. Bu mənada yeni bir məzmun olaraq ortaya çıxmış və yarandığı gündən mənimsədiyi prinsiplərə bağlı qalaraq inkişaf etməyə davam etməkdədir. Bildiyiniz kimi, 2020-ci ildə Türkiyədə elmi işimin müdafiəsindən sonra dissertasiyam nəşr edilmişdi. Ötən ilin sonunda Türkiyədə ikinci nəşr çıxdı. Bu il isə dəyərli bir dostumun sayəsində monoqrafiyamın türk dilindən fars dilinə tərcümə və nəşr edildiyi xəbərini aldım. Monoqrafiyamın həm ikinci nəşri, həm də fars dilinə nəşri mənim üçün son dərəcə qiymətli bir hadisədir. Bundan əlavə, Azərbaycan dilində millətşünaslıq sahəsində ilk mənbə olan "Azərbaycan Millətşünaslığına Giriş" dərs vəsaiti, Xəzər Universiteti Elmi Şurasının qərarı ilə Xəzər Universiteti Nəşriyyatı tərəfindən nəşr edilmişdir. Akademik həyatdakı yeniliklərdən biri də Xəzər Universitetinin jurnalında daxil olmaqla bir sıra beynəlxalq jurnalların redaksiya heyətində (redaktor müavini, işçi heyət) yer almağım oldu. Bundan əlavə, artıq bu ildən Elm və Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən Doktorantlar və Gənc Tədqiqatçıların Respublika Konfransının Elm Komitəsinə daxil edildim. Akademik fəaliyyətdəki əsas yeniliklərdən biri də ilk doktorantımla çalışmağa başlamağım oldu. Belə ki, Türkiyədən, Türkiyə Təhsil Nazirliyinin təqaüdü ilə Xəzər Universiteti Siyasi Elmlər və Fəlsəfə Departamentində təhsil alan doktorantım, Azərbaycan və Qırğızıstanda milli kimlik inşasının müqayisəli təhlilini yazdığı dissertasiya üzərində işləyir. Bu, bir tədqiqatçı olaraq mənim üçün son dərəcə qiymətli bir hadisədir. Bundan əlavə, elmi tədqiqatla yanaşı, millətşünaslıq sahəsində tədqiqatlarımı Azərbaycan dilində esse formatında yazmağa başladım. Belə ki, "Füyuzat" jurnalının nömrələrində milli kimlik, millətçilik və s. mövzularda esselərim nəşr edilməyə başlandı. Azərbaycan dilində yazdığım bu esseləri çox əhəmiyyətli hesab edirəm. Çünki alimlərimizin sosial-humanitar elm sahələrində (siyasət elmi, tarix və fəlsəfə) fəaliyyətlərini yalnızca indeksli jurnallarda məqalə nəşrinə qurban vermələrini doğru hesab etmirəm. Sosial-humanitar sahədəki nəşrlər sadəcə indeksli jurnallara deyil, həm də düşüncə və fikir istehsal etməyə də fokuslanmalıdır. Əks halda, fikir müstəvisində asılılıq qaçılmaz olacaqdır. Sosial-humanitar sahənin tədqiqatçıları, fəlsəfəçiləri, yazarları dəyişməkdə və yenidən formalaşmaqda olan dünyaya durduqları yerdən (ölkələrindən) intellektual refleks göstərə bilməlidirlər.

- Suriyada baş verən hadisələrin Türkiyəyə, eləcə də Cənubi Qafqaz bölgəsinə təsiri ola bilərmi?

- Mən nə beynəlxalq münasibətlər, nə də spesifik olaraq Yaxın Şərq mütəxəssisi deyiləm. Bununla belə, sualınız son dərəcə aktual və əhəmiyyətli bir məsələdir. Mən də öz növbəmdə bu sualı siyasi elmin, siyasət nəzəriyyəsinin, siyasi fəlsəfənin anlayışları (dövlət, suverenlik, köç və s.) çərçivəsində şərh etməyə çalışacağam. Hər şeydən əvvəl, müasir Yaxın Şərq üç millətçilik konteksində inşa edilmişdir: türk, ərəb və iran (fars). Son illərdə kürdlərin siyasiləşməsi xüsusilə Şimali İraqda yeni bir dövlət təşəbbüsünə səbəb oldu. Lakin hər üç millətçiliyin təmsilçisi dövlətlər ortaq reaksiya verərək bu prosesə mane oldular. Burada məqsədim “kürdlərin dövləti olsunmu, olmasınmı” sualına cavab vermək deyil. Belə bir zərurət olacaqsa, bu, sadaladığım üç millətçiliyin razılaşması əsasında olacaqdır. Xüsusilə Suriyada əhəmiyyətli bir gediş edən Türkiyəni nəzərə almaq lazımdır. Məramım ondan ibarətdir ki, dünya dəyişir və Yaxın Şərq də bu dəyişiklikdən kənarda deyil. “Ərəb Baharı” Yaxın Şərqin bu dəyişikliklə bağlı imtahanının ana məsələsi oldu. Son nəticə bizə onu göstərir ki, Türkiyə izlədiyi doğru, praqmatik siyasətlə Suriya konteksində istəmədiyi ssenarinin reallaşmasına icazə vermədi. Bəşər Əsədin ölkəsini tərk etməsi, ardınca Suriyada müvəqqəti bir hakimiyyətin yaranması və İbrahim Kalının Dəməşq Əməvi məscidində namaz qılması, Aya Sofiya məscidinin təkrar açılmasını təmin edən siyasi qərarın məntiqi nəticəsi idi. Siyasət qlobal olaraq ötən əsrin sıxışmış milli-dövlətlərinin sərhədlərini aşır ki, bu zərurətdir. Belə olan halda artıq Türkiyənin regionda ciddi bir nəticə əldə etdiyini ifadə etmək olar. Lakin bu nəticə, cümhuriyyətin qurulmasında olduğu kimi, dünya və beynəlxalq hüquqla ayaqlaşaraq əldə edilən bir nəticə olduğundan, əldə edilənlərin qorunması mümkün olacaqdır. Azərbaycanın Cənubi Qafqaz ölkəsi olaraq Suriyaya birbaşa coğrafi olaraq bağı yoxdur. Lakin həm dini məsələ, həm də qonşular olan Türkiyə, Rusiya və İranın dar mənada Suriyada, geniş mənada isə Yaxın Şərqdəki fəaliyyətləri Cənubi Qafqaza da təsirsiz ötüşmür. Bu mənada dövlətləşən Azərbaycanın dinlə bağlı müstəqil siyasəti formalaşmalıdır ki, İlahiyyat İnstitutunun təsis edilməsini bu səpkidə müstəqil bir addım kimi qiymətləndirmək lazımdır. Ümumən, Azərbaycan Yaxın Şərqdə Suriya, İraq, Fələstin konteksində baş verən hadisələrin Cənubi Qafqazda təhlükəsizliyin sarsılmasına səbəb olmasını istəmir və bu çərçivədə addımlar atır.

- Orxan müəllim, siz Göyçədə doğulmusunuz. Qərbi Azərbaycan İcmasının hədəfə çatmaq üçün fəaliyyətində nələri tövsiyə edərdiniz? İnsanlar tarixi torpaqlarına qayıtsalar, onların orada təhlükəsiz yaşaması üçün nə kimi addımlar atılmalıdır?

- Bəli, mən Göyçədə dünyaya gəlmişəm. Bu mənada özümü ötən əsr ərzində Balkanlardan Anadoluya köçmüş türklərə bənzədirəm. Belə ki, Türkiyədə təhsil aldığım illərdə Balkanlardan köçmüş türklərin ana vətənə iki qat daha çox sarıldıqlarını müşahidə etmişdim. Oxşar tendensiyanı özümdə də müşahidə edirəm. Belə ki, Azərbaycan mənim üçün dünyanın mərkəzi, ana vətəndir və ailəm, övladlarım üçün burada kök salmaq, Azərbaycanı qorumaq instinkti ilə köklənmişəm. Çünki köç insan varlığının, yaddaşının sıfırlanması deməkdir. Qısası, Azərbaycan mənim üçün orta statistik azərbaycanlıdan iki qat daha dəyərlidir. Qərbi Azərbaycan İcması bildiyiniz kimi Prezident İlham Əliyevin şəxsən iştirakı ilə öz fəaliyyətinə başlamışdır. İcma müəyyən olunan strategiya üzrə öz fəaliyyətinə davam etməkdədir. Bu günlərdə icma qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ikinci beynəlxalq konfransı təşkil etdi. Mən də dəvətlilər arasında idim və deməliyəm ki, ötən illə müqayisədə konfransın təşkilatçılığında əcnəbi qonaqların həm keyfiyyət, həm də çeşidliliyində xeyli dəyişiklik edilmişdi. QAİ-nın yaradılması və fəaliyyəti Azərbaycanın xalqının, dövlətinin müstəqil refleksi kimi qəbul edilə bilər. Bu baxımdan QAİ-nın fəaliyyəti son dərəcə dəyərlidir ki, beynəlxalq hüquqa sədaqət qorunmaqla Azərbaycan xalqının maraqlarının qorunması platformudur. Bilirsiniz, Azərbaycan xalqı modern dövrə əvvəlcə Səfəvinin, sonra Nadir şahın arzuolunmaz aqibəti ilə üzləşərək başlamışdır. Bununla bitməyən tarixi müşkülat xanlıqlar və xanlıqların işğalı ilə öz nirvanasına çatmışdır. Belə olan halda dövlətsiz qalan xalqa zülm edilməsində, torpağı üzərindəki siyasi hakimiyyətini itirmiş və uzun əsrlər nəzarət etdiyi torpaqlarından köçə məruz qalmışdır. Bu mənada QAİ hər şeydən əvvəl siyasi bir məsələdir. Bu, əslində Şuşanın azad olunmasına oxşayır. Azərbaycan dövləti və xalqı Xankəndinin azad olunmasına üç il səbir edə bilərdi, lakin zəfərin Şuşa olmadan tamamlanmasına səbir göstərə bilməzdi. Çünki Şuşa daha çox siyasi bir məsələdir və Azərbaycan xalqı, müsəlmanlar, türklər Şuşada hakimiyyəti 1828-ci ildə itirmiş, 2020-ci ildə isə geri qazanmışdır. İndi QAİ-nın yaradılması soydaşlarımızın həmin torpaqlara qayıtması məsələsini ehtiva etməklə yanaşı, daha çox siyasi bir məsələdir. Bu baxımdan mövqeyi Azərbaycandan yana olan elm adamı, yazar, sənətçi və s. növbə gəldikdə öz töhfəsini verməkdə maraqlı olmalıdır. Qayıdışdan sonra təhlükəsiz yaşamaq məsələsindən narahat olmamaq lazımdır. Çünki: Rusiya artıq regionun tək gücü deyil, güclərdən biridir. Türkiyə həm NATO, həm də Türk Dövlətləri Təşkilatı çətiri adı altında artıq regiondadır. Azərbaycan və Türkiyə Rusiyanın Ukraynada zəifləməsindən sui-istifadə etmədən rasional və peşəkar münasibət qura bildi. Artıq Ermənistan ötən əsrdə olduğu kimi Azərbaycan və Türkiyənin əleyhinə fəaliyyət içərisinə girə bilməz. Türk Dövlətləri Təşkilatını, Şuşa Bəyannaməsini, Qarabağ Bəyannaməsini də unutmamaq lazımdır. Qısası, artıq regionda təhlükəsizlik məsələsinin ana aktorlarından biri məhz Azərbaycandır. Belə olan halda təhlükəsizlik məsələlərindən narahat olmamaq lazımdır. Bununla belə, ordunun da gücləndirilməsinin bir zərurət olduğunu da xatirimizdə tutmalıyıq. Belə düşünün, İsveçin belə ordu yaratmaq və ya NATO çətirinə ehtiyac duyduğu bir dövrdə siz Cənubi Qafqaz kimi mürəkkəb bir regionda mütləqdir ki, güclü orduya sahib olmalısınız. Əsas olan Azərbaycandır!


Müəllif: Dilqəm Əhməd
Seçilən
14
teleqraf.com

1Mənbələr