AZ

Çoxdandır anons edilən reyestr: Niyə ləngiyir?

Bir müddət öncə tikilməkdə olan, çıxarışı olmayan binalardan müqavilə ilə alınan mənzillərin elektron reyestrinin yaradılacağı bildirilirdi. Amma xeyli zaman keçsə də, sistem yaradılmayıb.

Məsələ hətta Milli Məclisin iclasında müzakirə olunub. Deputat Bəxtiyar Əliyev deyib ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsın ki, gələcəkdə vətəndaşları narahat edəcək problemlər yaşanmasın.

Aldanmamaq üçün hazır binaya üz tutur, amma...

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, reyestrin yaradılması mənzil almaq istəyən vətəndaşlar üçün çox vacibdir: “Bakıda və Abşeronda yeni çoxmərtəbəli binalar inşa olunur. Vətəndaşlara ilkin ödəniş edərkən alqı-satqı müqaviləsi, tam ödənildikdən sonra isə maliyyə arayışı verilir. Bina tikildikdən sonra aidiyyəti qurumlar tərəfindən yoxlanılır, qeydiyyatdan keçdikdən sonra isə çıxarışla təmin olunur. Bina tikilərkən müvafiq qurumlardan icazələr alınır və sonra inşasına başlanılır. Lakin vətəndaş bina tikilmədən mənzil alarkən əmlak heç bir dövlət qurumunda rəsmi qeydiyyatda olmur. Yalnız tikinti şirkətinin bazasında göstərilir. Vətəndaş mənzili ilə bağlı hansısa quruma müraciət etdikdə cavab ala bilmir”.

E.Fərzəliyevin sözlərinə görə, vətəndaşlar aldanmamaq üçün binanın tikilməsini gözləyir, bu zaman isə qiymət səbəbindən mənzil almağa imkanı çatmır: “Binaların reyestri aparılmadığına görə bəzi tikinti şirkətləri bir mənzili bir neçə şəxsə satır. MTK-lardan zərərçəkmiş insanların sayı 5200-dən artıqdır. Tikinti şirkətlərinin rəhbərləri həbs olunsa da, nə vətəndaşlar evlə təmin olunur, nə də onların ödədikləri pullar geri qayıdır”.

Bazar canlanacaq

Ekspertin fikrincə, mənzillər reyestrdə qeydiyyatdan keçərsə, insanlar mənzil almağa meyllənər və bazar canlanar: “Bakının Baş Planına əsasən, köhnə yaşayış evləri sökülüb, yerinə tikinti şirkətləri tərəfindən çoxmərtəbəli yaşayış binaları tikiləcək. Binalar reyestrə alınmazsa, tikinti şirkətlərinə bina tikmək maraqlı olmayacaq. Reyestr aparılarsa, həmçinin ipoteka predmetinə çevrilə bilərsə, bu halda bazarda canlanma müşahidə ediləcək”.

“Reyestr mütləq şəkildə yaradılacaq”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc düşünür ki, prosesin uzanmasına səbəb fəaliyyət istiqamətinin genişliyidir: “Hər ilin sonunda vətəndaşlar ümid edirlər ki, növbəti il reyestrlə bağlı problem birdəfəlik həlini tapacaq. Amma təəssüflər olsun ki, problemin tam şəkildə həlli hələ də mövcud deyil. Prosesdə ləngimənin əsas səbəbi əhatə dairəsinin böyük olması ilə bağlıdır. Reyestrdə bütün əmlak növləri qeydiyyata alınır. Sahəsi, yerləşməsi və kimə məxsus olması ilə bağlı məlumatlar sistemə daxil edilir. Bu sistemin yaradılması istiqamətində mühüm addımlar atılıb. Ümid edirik ki, 2025-ci ilin əvvəllərində sistem işləyəcək. Təhlükəsizlik baxımından reyestr mütləq şəkildə yaradılacaq”.

phrase_var_article.chosen
6
9
publika.az

10phrase_var_article.sources