AZ

DUQİN TÜRKİYƏYƏ GÖRƏ NARAHATDIR , YOXSA... - Hüseynbala Səlimovun yazısı

Qardaş Türkiyənin də, türklərin də hələ bir işi qalıbdır -Rusiyanı addım-addım indi Türküstan adlanan bölgədən sıxışdırmaq!

Kremlin “baş geosiyasətçisi” Duqin son Suriya hadisələrindən panikaya, depressiyaya düşməməyə çağırsa da, özü heç də psixoloji müvazinətini tama şəkildə nəzarətdə saxlaya bilmədi, Türkiyəni, onun liderini Rusiya və İran kimi “yaxın müttəfiqləri” satmaqda, hətta Atatürk ideallarına xəyanətdə ittiham etdi...

Düzdür, bir-iki gün keçəndən sonra çətinliklə olsa da əsəblərini cilovlayıb sözlərini özü korrektə etmək istədi: guya ki, bunu Ankaranın özünü hansı girdaba saldığı çox narahat edir, halbuki normal məntiqli, praqmatik strateq-geopolitik bir tərəfə, adi insan da öz ölkəsinin belə girdabdan (bu cür demək olarsa!) qurtulduğuna və Suriya probleminin “boyunduruğu”nun başqalarının boğazına keçdiyinə yalnız sevinməli idi.

Amma Duqin qəti belələrindən deyil, o, qatı Rusiya imperialistidir və hal-hazırda bu platformada Kreml rəsmilərinə ideoloqluq edir ki, bu, da hamıya bəlli detaldır.

Halbuki bu adam politoloq və yaxud filosof kimi olmasa da, ən azı bir rus insanı kimi özünə sual verməli idi: Mən Türkiyəyə, Ərdoğana görə narahat olmalıyam, yoxsa özünü, Rusiyanı (o cümlədən də mənim məsləhətimlə!) Ukrayna kimi bataqlığa salan cənab V.Putinə görə?..

Rusiyanın neçə ildir ki, davam edən Ukrayna müharibəsində xərcləri artıq 700-800 milyard dolları (bəzi qiymətləndirmələrə görə isə nisbətən az: 200 milyard dollar!) keçibdir!

Ölkə sanksiyalar altında əzilir, onları dəf etmək üçün min bir fənd işlədir! Onun müstəqillik illəri ərzində topladığı bir neçə yüz milyard dollarlıq valyuta ehtiyatı (300-400 milyard dollar!) tamam Qərbin nəzarərindədir və indi bu xüsusda bəzi texniki çətinliklər olsa da, yaxın gələcəkdə bu məbləğ də ya Ukrayanaya hədiyyə ediləcək, ya da silaha verilib Rusiyanın və rusların başına yağdırılacaq!

Müharibədə həlak olan rusların sayının beş yüz mindən az olmadığı deyilir! Bu günlərdə gözümə bir ədəd sataşdı – deyəsən, Vyetnam müharibəsində cəmi 30 min amerikalı həlak olubmuş, amma amerikalılar hələ də bunu o vaxtki hökumətə bağışlamırlar ki, niyə görə bizim gənclərimiz Vyetnamda ölməli idilər!..

Rusiya prezidenti Vladimir Putin ən sonuncu mətbuat konfransında demək olar, açıq şəkildə bildirdi ki, müharibə olmayanda darıxdırıcıdır, guya ruslar da “durğunluqla” müharibə arasında seçim etməlidir! Olsun! Sovetin əsl durğunluq illərində L.Brejnev rejimi Əfqanıstana qarşı hərbi kampaniayaya başladı. Bu, sovet adamlarının o dövrdəki durğunluğa qarşı münasibətini dəyişdimi?..

Ən başlıcası, Rusiya, prezident Putin, hətta ruslar özləri Ukraynada nə qazandılar?

Ancaq NİFRƏT və bunun özü Duqinin sərsəm “konsepsiya”larının iflası deyilmi? Ən əsası, Duqin doğrudan da anlamır ki, Rusiya daha heç vaxt QLOBAL GÜC ola bilməyəcək, çünki qatar gedib və o, bütün qabaqcıl dünyadan çox – çox geri qalıbdı.

Bunlar, o cümlədən də Duqin düşünür ki, guya yanvarda hakimiyyətə gələcək Donald Tramp Rusiyaya sevgisindən və yaxud da onun gücü ilə hesablaşmaq məcburiyyətindən diqqəti Rusiyadan Çinə yönəltməyi təklif edir!

Halbuki məsələ daha sadəddir: Mərkəzi Kəşfiyyat İdarəsinin strateqləri və eləcə də digərləri çoxdan hesablayıblar ki, Rusiya uzağı REGİONAL GÜC ola bilər və onun geosiyasi iddiaları heç vaxt ciddi şəkildə BƏLLİ REGİONDAN – SOVET MƏKANINDAN kənara çıxa bilməyəcək.

Çin isə daha real rəqibdir, onun çox böyük iqtisadi, demoqrafiq resursları var, istəsə, hətta dünyanın ilk nüvə üçlüyünə də daxil ola bilər, ruslarsa yeməyə düyü tapmayan şimali koreayalılar kimi bir azdan mədələrinin qayğısını çəkməli olmasalar yaxşıdır!

Bilirsinizmi, Duqin kimilər heç də savadsız deyillər, amma doğrundanmı, bunlar elementar hesablamalar apara bilmir: Almaniyanıın ərazisi heç Rusiyanın ərazisilə müqayisə oluna bilərmi? Amma Almaniyanın iqtisadiyyatı hara, Rusiyanınkı hara! Onlarla kiçik Avropa ölkəsini göstərmək olar ki, əhalisi ruslardan qat-qat xoşbəxt və firavandır! Belə götürəndə, hər bir dövlət üçün öz əhalisinin xoşbəxt və firavan həyatını təmin etməkdən böyük vəzifə ola bilərmi?

SSRİ dağılandan, “yeni Rusiya” qurulandan sonra, az-çox, dünyanın gedişindən baş çıxaran ruslardan biri, səhv etmirəmsə, iqtisadçı Qaydar idi, hansı ki, ölkəsini “daim geridə qalan və başqalarının dalınca qaçan sivilizasiya” adlandırırdı!

Ruslar həqiqəqətən qəribə xalqdır. Bunlardan soruşmaq lazımdır ki, məgər sizin tarixinizin ən böyük siması – BİRİNCİ PYOTR Hollandiyaya gedib gəmi tərsanələrində DÜLGƏRLİK etmirdimi ki, gəlib ölkəsində donanma qursun? Məgər siz ruslar daim demirdinizmi ki, Pyotr Avropaya pəncərə açıbdır? İndi sizə nə olub: Qərblə vuruşmaqdansa, gedin, onlardan öyrənin, geriliyinizi aradan qaldırın...

Gələk Suriyaya. Əlbəttə, qardaş Türkiyə də çox böyük yükün altına çiyin verib, narahatlıq üçün məyyən əsaslar qalır.

Suriyada geosiyasi çəkişmə bitməyib, bəlkə hələ bundan sonra başlayacaq. Məsələn, İsrail (baxmayaraq ki, Suriya hərbi-siyasi teatrındakı ən son dəyişikliklərin əsas səbəbkarlarından biri sayılır!) Colan təpələri ətrafında sözün əsl mənasında, problem yaradır, hərçənd, Netanyahu az qala, hər gün deyir ki, İsrailə bir şey lazımdır: sülh...

Suriyanın hərbi müxalifəti müstəqil aktor deyil, kiminsə işarəsi və dəstəyilə nəsə edə bilər. Narahatlıq doğuran budur ki, bu yolla qardaş Türkiyəni münaqişəyə çəkə bilərlər, amma prezident Ərdoğan ağıllı adamdır, hərəkət etmək kimi, lazım gələndə dayanmağı da bacarır!

Siyasi bioqrafiyasını yaxşı izləyənlər bilir ki, prezident Ərdoğan həmişə keçmiş Osmanlıya vurğun olub və bunun indi nə qədər səmərəli olduğunu zaman göstərəcək. Amma onun ölkəsinin təsir sferasını genişləndirməyə, xüsusən yaxın regionda bunu bərqərar etməyə çalışmasında pis heç nə yoxdur, əskinə bu, yaxşı bir siyasətdir – hər dövlət ilk növbədə yerləşdiyi regionda maraqlarını və təhlükəsizliyini təmin etməlidir. Bir daha deyirik ki, bu, çox yaxşıdır.

Belədə isə, Türkiyə daim müsəlman dünyasında lider olmağa can atır. Bu da yaxşıdır, türk dünyası kimi, müsəlman dünyası da Ankaranın təbii geosiyasi arealıdır. Üstəlik, müsəlman dünyasında İran və Səudiyyə kimi rejimlərin söz sahibi olmasındansa, Türkiyənin sahib olması daha yaxşı olmazmı? Düşünürük, Qərb nə vaxtsa, bunu anlasa, çox yaxşı olacaq...

Hazırda Ankararnın varlı ərəb monarxiyalarını ətrafında səfərbər etməsi üçün daha bir imkan yaranıb.

Ərəb ölkələri Suriyanın probemlərinə tamam biganə ola bilməz. Bu günlərdə səkkiz ərəb ölkəsi İsrailin Suriyadakı son siyasətinə qarşı birgə “bəyanat”la çıxış etdi. Doğrusu, çoxdan onların belə “birgəliyini” görməmişdik, ən azı Qəzzadakı ən son müharibə zamanı, xüsüsusən də İsrail-HƏMAS müharibəsi bir az məcrasından çıxandan sonra bunların, səhv etmirəmsə, belə “birliyi” olmamışdı.

Ərəb monarxiyaları çox vecsiz ölkələrdir, amma onlar çox varlıdırlar, hətta özlərinin böyük “hərbi sifarişlər”inə (başa düşmürəm: bu qədər silah onların nəyinə lazımdır?) və neft-qaz ehtiyatlarına görə ABŞ-a belə qismən təsir edə bilirlər. Odur, qoy, zəhmət çəkib pul kisələrini açsınlar, axı suriyalılar da ən azı ərəbdirlər...

O ki qaldı Suriya diktatoru Bəşər Əsədin keçmiş hamilərindən birinə - ruslara, o gün oxudum ki, onlar Suriyadakı texnikalarını indi də Liviyaya göndərirlər, necə deyər, sakit dura bilmirlər, amma, İnşallah, oradan da qovularlar, çünki tarix ikinci dəfə yalnız komediya şəkilində təkrar olunur: Liviya Kremli görüb, bir vaxt diktator M.Qəzzafi həm də Kremlin kölgəsində keflənir, “çadır iqamətgah”larda sərinləyirdi!..

Bu həftə Vladimir Putinin daha bir geniş müsahibəsini (bir neçə saat davam etdi!) yalnız bir məsələyə görə dinləməyə məcbur etdik özümüzü: görək, Suriya haqda nə deyəcək? Nəsə diqqətimizdən yayınmadısa, hər halda, xüsusi qanqaraldan detal olmadı, əksinə V.Putin həmişəki kimi prezident Ərdoğandan bir xeyli razılıq etdi...

Dünyada, o cümlədən də hətta qardaş Türkiyədə də Diqinə qarşı müəyyən diqqətə gəldikdə, bunun ən birinci səbəbi budur ki, bu adam Kremlə yaxındır. Amma daha bir, ikinci səbəb də var.

Hətta fundamentalist İranda da Aleksandr Duqinin “ideoloji konsepsiya”larına maraq duyulur. Məsələ bundadır ki, hər yerdə yetərincə, hətta kifayət qədər böyük sayda anti-qərbçilər, anti-qlobalistlər, anti-amerikanistlər var və onlar üçün bu geosiyasi ünsürləri özündə ehtiva etməyən bütün “geosiyasi konsepsiya”lar maraqlıdır, bir növ, potensial “ideoloji alternativ”dir...

Amma çox da dərinə getmək lazım deyil, çünki mənasız bir şeydir, baxarsınız, Moskvanın BRİCS-i, ŞƏT-i də tez bir zamanda dağılacaq, çünki ruslar heç vaxt həqiqi müttəfiqliyin və dostluğun nə oluduğunu bilməyib.

Hələ böyük Çörçill (onun kimi ağıllı və hiyləgər siyasətçi isə heç yüz ildə bir dəfə də doğulmur!) xəbərdar edirdi ki, bu xalq yalnız bir şeylə hesablaşır: o, da gücdür! Bəli, burada demək olar ki, bütün bunlar “soyuq müharibə” məntiqidir və s. və i.

Amma, yox, bəlkə də “soyuq müharibə” zamanı hər şey daha sadə, daha bəsit və hətta daha anlaşılıqlı idi. İndisə, hər şey qəlizləşib...

Odur, əgər istəyirsən ki, Rusiya “dostun” olsun, çalış, güclü ol! Qardaş Türkiyədə, düşünürük, bunu yaxşı bilirlər. 

Amma qardaş Türkiyənin də, türklərin də hələ bir işi qalıbdır. Bu da Rusiyanı addım-addım indi Türküstan adlanan bölgədən sıxışdırmaqdır. Bu, olsa, Kreml özünün “əsas geosiyasi yastığ”ından məhrum olacaq, bir növ, havada qalacaq, geosiyasi konfiqurasiyası real olaraq çökəcəkdir. Onda rahat nəfəs ala bilərik, ən azı ona görə ki, qulağımızın dibində bizə bu nəhənglikdə özgə dövləti lazım deyil...(musavat.com)

Hüseynbala Səlimov

Seçilən
7
1
azpolitika.info

2Mənbələr