AZ

FHN Xaçmazda “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, Şimal Regional Mərkəzinin rəis müavini polkovnik Elnur Xanbabayev, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə, Agentliyin məsul əməkdaşları və Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına olan xüsusi diqqət və qayğıdan danışıb, müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının sədri Orxan Xəlilzadə çıxışında Assosiasiyanın sənaye təhlükəsizliyi mədəniyyətinin təşviqi, iş və əmək təhlükəsizliyinin təmin edilməsi, eləcə də ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə fəaliyyətindən bəhs edib. O, təşkilatın əsas məqsədinin ictimai məlumatlılığı artırmaq olduğunu vurğulayıb. Həmçinin, Assosiasiyanın 7 saylı Bakı “ASAN xidmət” mərkəzində təhlükə potensiallı obyektlərə dair peşəkar xidmətlər təqdim etdiyini və bunun əhalinin sənaye təhlükəsizliyi ilə bağlı məsələlərdə effektiv dəstək almasına şərait yaratdığını bildirib.

Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Analitik informasiya, texniki-normativ sənədlərin işlənməsi və patent şöbəsinin müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, eləcə də sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

FHN FHN FHN FHN
phrase_var_article.chosen
1
5
apa.az

6phrase_var_article.sources