AZ

Rəşad Məcid: Oxu marafonunda qalib gələn qadınlardan bir neçəsinin adının əfv sərəncamına düşməsi üçün dəstək göstərməyə hazıram

Mətbuat Şurasının (MŞ) sədri, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid "V Kitabqurdu məhkum qadınların oxu marafonu" layihəsində qalib gələn qadınlardan bir neçəsinin adının əfv sərəncamına düşməsi üçün dəstək göstərməyə hazır olduğunu deyib.

"Report"un məlumatına görə, R.Məcid bu barədə sözügedən layihənin mətbuat konfransındakı çıxışında danışıb.

R.Məcid bu prosesin müəyyən zaman tələb etdiyini vurğulayıb:

"Qalib olan ilk üç nəfərin sənədlərini Administrasiyada müzakirəyə çıxaracam. Sizə söz verirəm ki, müzakirədə onları sona qədər müdafiə edəcəm".

“Parlaq imzalar” nəşriyyatının nümayəndəsi, naşir Nurman Tarık bu cür layihələrdə qaliblərin əfv sərəncamına düşməsinin digər məhbuslar üçün ümid işığı olacağını qeyd edib:

"Biz bu addımı ataraq belə bir şüar yaratmaq istəyirik: Kitab həyat verir".

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) İdarə Heyətinin üzvü, "V Kitabqurdu məhkum qadınların oxu marafonu" layihəsinin ideya müəllifi, "Xan" nəşriyyatının direktoru Səbuhi Şahmursoy qaliblərin pul mükafatına layiq görüldüyünü bildirib:

"Birinci yerin qalibinə min beş yüz, ikinci yerin qalibi min, üçüncü yerin qalibi beş yüz, dördüncü yerin qalibi üç yüz manat veriləcək. Eyni zamanda, digər altı nəfər final iştirakçısına nəşriyyatlar tərəfindən kitab hədiyyələri təqdim olunub".

"Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyinin sədri Firuzə Cəlilova bu il sentyabrın 1-dən dekabrın 1-dək davam edən mütailə marafonunda 100-ə qədər məhkum qadının iştirak etdiyini deyib:

"Müsabiqədə ANAİB üzvü olan on nəşriyyat iştirak edib. Həmin nəşriyyatlar bu layihədə bir kitabla təmsil olunub. Oxu müddəti ərzində cəzaçəkmə müəssisəsində hər bir müəlliflə ayrı-ayrılıqda görüşlər keçirilib. Finala çıxan məhkumlar ANAİB-nin xüsusi imtahanı nəticəsində seçilib".

FOTO: Vüqar Xanlarov

Seçilən
8
1
report.az

2Mənbələr