Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.
Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, adətən dünya təcrübəsində şirkətlər banklardan pulu geri çəkirlərsə, nəzəri cəhətdən bunun bir neçə səbəbi olur:
“Səbəblər bunlardır - bank depozitləri üzrə gəlir vergisi ilə bağlı dəyişikliklər; devalvasiya ehtimalı; alternativ investisiya imkanları; banklara etimadın azalması; faiz dərəcələrinin dəyişməsi; iqtisadi qeyri-müəyyənliklər və nəhayət, nağdsiz ödənişlər üzrə öhdəliklər. Bu səbəblər arasında depozitləri üzrə gəlir vergisi ilə bağlı dəyişiklikləri, banklara etimadın azalmasını, iqtisadi qeyri-müəyyənlikləri və faiz dərəcələrinin dəyişməsi hallarını birmənalı olaraq istisna edə bilərik. Amma digər üç səbəbin hər birinin bu azalmada müəyyən qədər payı ola bilər”.
Ekspert bildirib ki, hökumətin makroiqtisadi proqnozlarında 2025-ci ildə devalvasiyanın olmayacağına dair gözləntilər olsa da, şirkətlər buna tam güvənməyə bilər:
“Yaxud şirkətlərin nəğdsiz ödənişlər üzrə (qeyri-rəsmi) öhdəlikləri ola bilər ki, il sonuna bunu ödəmək üçün pulların geri çəkilməsi mümkündür. Həmçinin alternativ investisiya imkanlarının yaranması şirkətləri depozitlərini geri çəkməsinə səbəb ola bilər. Bura ölkə daxilində və xaricində daşınmaz əmlaklar almaq, investisiya yatırmaq, səhm, kriptovalyuta və digər aktivlər üzrə əməliyyatlar da aid ola bilər. Xülasə, hansı səbəbin daha çox rol oynadığını dəqiq söyləmək üçün depozit geri çəkən şirkətlər və məbləğlər barəsində məlumatlar olmalıdır”.
Günay
Sfera.az