AZ

İsrail Suriyanın Cəmlə və Maaraba kəndlərini işğal edib

İsrail Suriyanın Dəra şəhərinin Yərmuk hövzəsindəki Cəmlə və Maaraba kəndlərini işğal edib. Yerli sakinlər İsrailin öz ölkələrinin ərazisini işğal etməsinə etiraz edərək, ''İsrail rədd ol'' şüarı ilə aksiya keçiriblər.

Məlumata görə, İsrail qüvvələri nümayişçilərə atəş açıb və nəticədə bir nəfər yaralanıb. İsrail ordusu yayımladığı bəyanatda  Yərmuk hövzəsini işğal etməsinə etiraz edən dinc əhaliyə atəş açdığını etiraf edib. Bəyanatda nümayişlər zamanı İsrail əsgərlərinin “təhdid hiss etdiyi” iddia edilib və suriyalı nümayişçilərdən birinin ayağından yaralandığı qeyd olunub.

Noyabrın 27-də Suriyadakı rejim qüvvələri ilə müxalif silahlı qruplar arasında toqquşmalar şiddətlənib. Dekabrın 7-də isə silahlı qruplar Dəməşqə doğru irəliləyərək şəhəri və bir çox bölgəni nəzarət altına alıblar. Beləliklə Bəəs Partiyasının 61 illik hakimiyyəti sona çatıb və rejim lideri Bəşər Əsəd paytaxtdan qaçıb.

Eyni vaxtda, İsrail ordusunun Suriyaya hücumları artıb. İsrail ordusu rejim ordusundan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayıb və Suriyanın Qolan təpələrindəki işğalını genişləndirib. Qolan təpələri ətrafındakı bufer zonasına daxil olan İsrail ordusu işğalı daha da irəli apararaq Dəməşqə 25 kilometr yaxınlaşıb.

Qeyd edək ki, Suriyanın Qolan təpələri 1967-ci ildən bəri İsrailin işğalı altındadır. Bufer zona və demilitarizasiya zonasının sərhədləri 1974-cü ildə İsrail və Suriya arasında imzalanan geri çəkilmə sazişi ilə müəyyən edilib.



phrase_var_article.chosen
9
trt.net.tr

1phrase_var_article.sources