“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in düşərgəsindəki böhranla bağlı sualları cavablayıb, xüsuslara toxunub.
Arena.az ispan mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:
Qvardiola İngiltərə Premyer Liqasının cari mövsümündə “şəhərlilər”in çempionluq imkanlarının olmadığını bildirib və bu fikrini heyətdə oyunçuların əskik sayda olması ilə əsaslandırıb:
“Xeyr. Bizim heyətimizdə futbolçular yoxdur. Bu, mürəkkəbdir. İndi məndə Premyer Liqanı qazanmağın mümkün olduğuna dair aydın bir duyğu yoxdur. Bəlkə də bu, baş verəcək, kim bilir?
Ancaq indi biz qısamüddətli perspektiv haqqında düşünmək zərururətindəyik. Biz özümüzün qarşısında çoxlusaylı böyük hədəflər qoya bilmərik. Premyer Liqada qalib gəlmək və ya Çempionlar Liqasının finalına yüksəlmək kimi vacib bir məqama nail olmaq istəyəndə bir əsasnaməyə sadiq qalmaq gərəkdir: ardıcıllıq. Bütün bu müddət ərzində biz inanılmaz dərəcədə sabit olmuşuq, amma indi isə yox”, – “Eurosport” dərgisi “TNT Sports”a istinadən, “Pep”dən sitat gətirir.
İspan mütəxəssis “Mançester Siti”nin əvvəllər olduğu kimi, indi meydanda nədən ağalıq edə bilməməsi ilə bağlı sualı cavablayıb:
“Mən bilmirəm. Bilsəydim, indi də eynisini edərdim. “Mançester Siti” böyük uğur qazanıb, komanda sabit idi, zədələr yox idi, əhval-ruhiyyə də yaxşı idi. Ola bilsin ki, əvvəllər hökmranlıq etməyi bacarırdım, amma indi bunu unutmuşam. Biz inanılmaz səkkiz il keçirmişik və indi nəticələr baxımından 40-dan artıq pis gün yaşayırıq”, deyə “Pep” bildirib.
“Bəlkə də bu, ədalətsizlikdir”
Qvardiola komandanın cari böhranı ərzində futbolçularına bu çətinliyin öhdəsindən gəlmək üçün hansı məsləhətləri verdiyini açıqlayıb:
“Uğursuzluq baş verib yaşandıqda, buna məhəl qoymamaq olmaz. Adətən kompozisiyanı azacıq dəyişmək olar, amma biz məhz bunu edə bilmirik. Bax, elə ona görə də futbolçularıma demişəm: yaşamaq uğrunda mübarizə aparın, nəticə əldə etməyə çalışın, əhvalımız yüksələcək, oyunumuz düzələcək, vəziyyəti indi olduğu kimi qəbul edin. Komandaya çatdırmaq istədiyim ismarış budur: qarşınıza böyük hədəflər qoymayın. Biz olduğumuz vəziyyətdəyik və bunu qəbul etməliyik. Biz yaxşı vəziyyətdə deyilik, amma biz yaxşılaşacağıq”, – “Mançester Siti”nin rəsmi saytı “Pep”dən sitat gətirir.
Qvardiola həmçinin kadr fəsadlarına rəğmən, gənc futbolçulara nədən güvənmədiyini əsaslandırıb:
“Bəlkə də bu, ədalətsizlikdir. Bəlkə də mən səhv edirəm. Amma məndə belə bir duyğu var ki, hazırda əsas oyunçular kim olduğumuzu göstərməlidirlər. Mən onlara açarları verməliyəm ki, bizi irəli aparsınlar və vəziyyəti dəyişməyə çalışsınlar”, – BBC “Pep”dən sitat gətirir.
Xatırladaq ki, “Mançester Siti” bütün yarışlarda keçirdiyi son 11 oyunda 8 məğlubiyyət alıb. Bu, Xosep Qvardiolanın məşqçilik təcrübəsində ilk müvafiq haldır. “Şəhərlilər” hec cür yaranmış vəziyyəti tarazlaya bilmirlər.
İngiltərə Premyer Liqasının 16 turundan sonra 27 xalla “Mançester Siti” yarış cədvəlində 5-ci pillədə qərarlaşıb.