İki gündür Naxçıvan şəhəri və ətraf ərazilərdə çörək qıtlığı yaşanır. Buna səbəb bölgənin çörək istehsalında əsas rola malik olan APF Qrup MMC-yə aid Naxçıvan şəhərində yerləşön zavodun işçilərinin kütləvi tətilə başlamasıdır. Onlar ağır iş şərtlərinə və maaşlarının gecikdirilməsinə etiraz olaraq fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.Etirazçılardan B.M. „Gündəlik Naxçıvan“a deyir ki, tələbləri yerinə yetirilənə kimi tətili davam etdirəcəklər:"Dünəndən işi dayandırmışıq, heç kim işləmir. Bizimlə heyvan kimi davranırlar. 18 saat işlədir, üstümüzə bağırır, təhqir edirlər. Bu azmış kimi, maaşlarımızı da vermirlər. Deyirlər ki, maliyyə çatışmazlığı var. Halbuki, normal şəkildə işləyirdik, çörək də əvvəlki qiymətə satılırdı. Maliyyə niyə olmasın ki? Bizim də ailəmiz var, öhdəliklərimiz var. Normal iş şərtləri, maaş tələb edəndə işdən çıxarmaqla hədələyirdilər. İndi hamımız işi dayandırmışıq, görək bundan sonra kimi hədələyəcəklər."Naxçıvan şəhər sakini Sahibə Muradova deyir ki, çörək qıtlığı dükanlarda növbələrin yaranmasına səbəb olub:"İki gündür ki, mağazalarda çörək tapmaq müşkülə çevrilib. Dükançılar deyir ki, APF-nin sexləri işləmədiyindən, əsas çörək təminatı dayanıb. Bu gün səhər mağazaya getdim, çörək qurtarmışdı. Satıcı dedi ki, artıq heç kimə çatmır. Digər sexlərdən gələn çörək isə az olduğundan tələbatı ödəmir. Uşaqlarım bu gün çörəksiz qalıblar. Bu vəziyyət belə davam etsə, nə edəcəyimizi bilmirik."Çörək satıcısı M. Mehdiyev də çörək qıtlığından narazılıq edir:"APF Qrup MMC əsas çörək istehsalçılarından idi və çox alıcı onların çörəyini alırdı. Dünəndən sexlər işləmir, çörək gəlmir. Özəl çörək sexlərindən sifariş verib gətiririk, amma onlar tələbatı ödəyə bilmir. Bu səbəbdən qıtlıq yaranıb. Alıcılar da narazıdır, hər gün çörək soruşurlar."Naxçıvanda çörək qıtlığının nə qədər davam edəcəyi məlum deyil. Sakinlər aidiyyəti qurumlardan problemin tezliklə həll edilməsini, işçilər isə haqlarının ödənilməsini tələb edirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta