AZ

Zurabişvili yeni seçkilər tələbindən əl çəkmir – “İvanişvili qərar verməlidir”

“Bidzina İvanişvili ilə yeni seçkilərin təyin olunması məsələsi ilə bağlı görüşməyə hazıram”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstandakı böhrandan yeganə çıxış yolu yeni seçkilərin keçirilməsidir.

“Yeni seçkilər bütün ölkənin tələbidir, mümkün qədər tez təyin edilməlidir. İvanişvili qərar qəbul etməli və yenidən seçkilər çağırmalıdır”, - prezident söyləyib.

S.Zurabişvili həmçinin bildirib ki, sabah parlament önündə keçiriləcək aksiyaya qoşulacaq. Aksiyaların yeni mərhələyə keçdiyini qeyd edən dövlət başçısı sabah Rustaveli prospektində gürcü xalqına müraciət edəcəyini deyib.

Qeyd edək ki, brifinqdən öncə Gürcüstan prezidenti müxalifət və QHT sektorunun nümayəndələri ilə görüş keçirib. Görüşdə ATƏT/DTİHB-nin parlament seçkiləri ilə bağlı yekun hesabatı müzakirə olunub.


Müəllif: Cəmilə Babayeva
phrase_var_article.chosen
7
teleqraf.com

1phrase_var_article.sources