Azərbaycan Premyer Liqasının XVIII turunun “Səbail” – “Zirə” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib…
– Oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdik. Sonuncu pillədə olmağımızın üzərimizdəki təzyiqinə baxmayaraq, həftəboyu yaxşı hazırlaşmışdıq və rəqibimizi də yaxşı analiz etmişdik. Məğlub olduqdan sonra nəsə demək çətindir. Sadəcə olaraq rəqibə 1 şans verdik. Onlar da bunu dəyərləndirdi. Ani diqqətsizlik ucbatından qapımızda qol gördük.
– Sizcə, bu qədər məğlubiyyətlərin səbəbi nədir?
– Bunun bir çox səbəbi var. Artıq bir neçə turdur ki, bu səbəblər haqda danışırıq. Daha bunları yenə sadalamağım yersiz olar. Qış təlim-məşq toplanışımız zamanı çatışmayan cəhətlərimiz üzərində çalışacayıq ki, sonuncu pillədən qurtula bilək.
– Bu nəticələrə klub rəhbərliyi necə münasibət bildirir?
– Komandanın indiki durumu bəllidir. Onsuz futbolçu sayı da yetərli deyil. Rəhbərlik də bunu başa düşür. İnşallah ki, fasilədən sonra tam fərqli “Səbail” görəcəyik.
Mirkamal