AZ

Azərbaycanın D-8 Üzvlüyü – Yeni Perspektivlər və Çağırışlar

19 dekabr 2024-cü il Azərbaycan tarixində növbəti əlamətdar gün kimi yadda qaldı. Misirin paytaxtı Qahirədə keçirilən XI D-8 Sammitində ölkəmiz yekdilliklə bu təşkilatın üzvü seçildi. Bu qərar, Azərbaycan diplomatiyasının növbəti böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

D-8 (İslam Səkkizliyi) təşkilatı təkcə iqtisadi güc deyil, həm də mədəni və strateji bir platformadır. Bu təşkilatın üzvü olan ölkələr dünya müsəlmanlarının 60%-dən çoxunu təmsil edir və birlikdə 4 trilyon dollardan artıq iqtisadi potensiala malikdirlər. Azərbaycan üçün bu platformaya qoşulmaq yeni perspektivlər və inkişaf yolları açır. 

Azərbaycan üçün D-8 Üzvlüyünün Faydaları

Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri qeyri-neft sektorunun inkişafıdır. D-8 ölkələrinə üzvlük bu sahədə geniş imkanlar təqdim edir. Kənd təsərrüfatı məhsulları, sənaye malları və texnologiya ixracı üçün yeni bazarlar açılacaq. Məsələn, İndoneziya, Pakistan və Nigeriya kimi böyük əhali bazarlarına çıxış ölkəmizin ixrac həcmini artırmağa imkan yaradacaq.
  
D-8 ölkələri arasında iqtisadi əməkdaşlıq Azərbaycanın investisiya cəlbi imkanlarını artırır. İlkin təxminlərə əsasən, təşkilat çərçivəsində Azərbaycan iqtisadiyyatına hər il 5-10 milyard dollar həcmində sərmayə cəlb oluna bilər. Bu investisiyalar əsasən infrastruktur, turizm, kənd təsərrüfatı və yaşıl enerji sektorlarına yönələ bilər. Azərbaycanın belə nüfuzlu təşkilatlarda təmsil olunması, ölkəmizin beynəlxalq etimadını daha da artırır. Bu, təkcə müsəlman ölkələri ilə deyil, həm də digər böyük iqtisadi qüvvələrlə əməkdaşlıq potensialını genişləndirir.

D-8 üzvlüyü Azərbaycanın regionda strateji mövqeyini möhkəmləndirir. Azərbaycan artıq təkcə enerji resursları ilə deyil, həm də tranzit, logistika və əməkdaşlıq mərkəzi kimi regionda önəmli rol oynayacaq.D-8 kişaf etdirmək mümkündür. Belə əməkdaşlıqlar təkcə ticari deyil, həm də mədəni və texnoloji mübadiləni dəstəkləyə bilər.

Çağırışlar və Perspektivlər

Təbii ki, hər böyük nailiyyət özünəməxsus çağırışlar da gətirir. Azərbaycanın D-8-də iştirakını daha səmərəli etmək üçün:

İxrac məhsullarının rəqabət qabiliyyətini artırmaq;

Təşkilatın prosedur və standartlarına uyğunlaşmaq;

Regional və beynəlxalq əməkdaşlıqlar üçün yeni strategiyalar hazırlamaq vacibdir.

Azərbaycanın D-8 təşkilatına üzv seçilməsi təkcə bir diplomatik nailiyyət deyil, həm də ölkəmiz üçün yeni imkanların qapısını açan tarixi qərardır. Bu üzvlük Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq, iqtisadiyyatı gücləndirəcək və xalqımız üçün daha firavan bir gələcəyə töhfə verəcək.

Bu uğur Azərbaycanın güclü, müasir və dayanıqlı dövlət quruculuğu yolunda daha bir addımıdır. Hər birimiz bu nailiyyətin ölkəmiz üçün daha işıqlı gələcək yaradacağına inanırıq.

 

Əliməmməd Nuriyev

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti 

Seçilən
20
qht.az

1Mənbələr