Bu il Nərgiz mükafatı Akif Qurbanova verilib.
Nərgiz mükafatını onun adından III Respublika platformasının üzvü Rövşən Ağayev alıb.
Ona görə ki, Akif Qurbanov bu ilin martında "Toplum TV işi" çərçivəsində həbs edilib.
O, qaçaqmalçılıqda ittiham olunur. Qurbanov bu ittihamları qəbul etmir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
"Bu mükafatı mən cumhuriyyət dəyərləri uğrunda yola çıxmış, demokratik dəyərlər uğrunda yola çıxmış III Respublika platforması adından, həm də Akif bəyin adından qəbul edirəm", - Rövşən Ağayev deyib.
Mükafatlandırmada çıxış edənlər Akif Qurbanovun həbsdə olarkən təzyiqlərə davam gətirməsindən və mübarizliyini qoruyub saxlamasından danışıblar.
Nərgiz mükafatı komitəsinin üzvü Alya Yaqublu bildirib ki, "Akif bəy həbsdən sonra Azərbaycan üçün faydalı işlər görəcək. Biz adətən əmin danışa bilmirik insanlar həbsdən necə çıxacağı barədə. Akif bəy o şəxslərdəndir ki, onun həbsdə n sonra da öz əqidəsinə, yoluna sadiq qalacağı ilə bağlı mənim heç bir şübhəm yoxdur".
Nərgiz mükafatını təsis edən Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, əksərən bu mükafat öz fəaliyyətləri ilə bağlı həbs olunan şəxslərə verilir.
"Eyni zamanda etiraf edək ki, bu, həm də Əliyev hakimiyyətinin xidmətidir ki, o qədər repressiyalar həyata keçirir ki, fərqlənən insanlar da zindanda olan insanların sırasından seçilir", - İsa Qəmbər bildirib.
Azərbaycan hakimiyyəti ölkədə hər hansı siyasi təqibin olmadığını bəyan edir.
Çıxış edən Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli deyib ki, "Akif Qurbanov Azərbaycan vətəndaş cəmiyyətinin ən parlaq simalarından bir olub. Təqribən bir il bundan öncə həmfikirləri ilə birgə III Respublika platformasını təsis ediblər, faktiki siyasi fəaliyyətə atılıblar və üstündən azacıq keçmiş həbs edilib".
Nərgiz mükafatı 2015-ci ildən bəri hər il Azərbaycanın demokratikləşməsi naminə mübarizə aparan şəxslərə verilir.
Siyasi fəal olan Nərgiz Yaqublu həmin ilin aprelində xəstəlikdən vəfat edib.
Videonu YouTube kanalımızda izləyin.