Naxçıvan, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının, AzEdu.az Azərbaycan Təhsil Portalının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Pedaqoji həmrəylik: təcrübədən gələcəyə” adlı konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən gimnaziyada təşkil edilən konfransın məqsədi təcrübə və yenilik arasındakı tarazlığı təşviq etməkdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa konfransda iştirak edən müəllimlərinə hörmət əlaməti olaraq gül dəstələri təqdim ediblər.
Konfransın rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov təhsil sahəsindəki həmrəyliyin vacibliyindən danışıb.
Tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və AzEdu.az təhsil portalının rəhbəri Tünzalə Abbasova çıxış ediblər.
Çıxışlarda müəllim peşəsinin cəmiyyətin inkişafındakı rolu və müasir tədris yanaşmalarının əhəmiyyəti müzakirə edilib.
Sonra Heydər Əliyev adına tam orta məktəbin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdlərinin hazırladığı bədii kompozisiya təqdim edilib.
Konfransda müəllimlərin iştirakı ilə panel müzakirələr keçirilib. Panel müzakirələri iştirakçılar arasında təcrübə və fikir mübadiləsi üçün geniş imkan yaradıb. Müəllimlərlə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa arasında interaktiv sual-cavab sessiyası keçirilib.
Tədbir mükafatlandırma ilə yekunlaşıb.