Nigeriyanın paytaxtı Abucada katolik kilsəsində humanitar yardımın paylanması zamanı baş vermiş basabas nəticəsində azı 10 nəfər həlak olub.
“Far.Az” xəbər verir ki, bu barədə Nigeriya qəzeti “Punch” mənbələrə istinadən məlumat yayıb.
Nigeriya polisinin rəsmi nümayəndəsi Jozefina Ade qeyd edib ki, Maytama rayonunda yerləşən kilsənin qarşısında səhər tezdən mindən çox insan toplaşıb.
“Ərzaq yardımının paylanması zamanı baş vermiş basabas nəticəsində dördü uşaq olmaqla 10 nəfər həlak olub. Daha səkkiz nəfər yaralanıb”, – o bildirib.
Nigeriyanın “Channels TV” telekanalı xəbər verib ki, kilsəyə yardım üçün təkcə paytaxtdan deyil, həm də ətraf kəndlərdən 3 min nəfər gəlib. Ərzaq və geyim paylanması qarşıdan gələn Milad bayramı münasibətilə təşkil edilib. Humanitar yardım yaşlı insanlar üçün nəzərdə tutulub.