“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqanın 17-ci turunda “Aston Villa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az “Mançester Siti”nin mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu gün biz keçən mövsümdə olduğundan daha yaxşı oynadıq. Qol buraxdığımızdan daha çox, fürsət yaratmaq üçün tarazlıq tapmalıyıq.
Bizim nəticələrimiz qənaətbəxş deyil. Məsələ budur ki, nəticələri yaxşılaşdırmaq üçün heyətimlə nə edə bilərəm. Çox düşünə bilmədiyim bir vaxt varsa, bu, indidir. Çalışıram ki, bu, sadə olsun, öz əsaslarına sadiq qalsın və komandaya inam aşılayıram.
Biz nə etməliyik? Əlimizdə olan futbolçularla kifayətlənməliyik”, deyə “Pep” vurğulayıb.
Xatırladaq ki, uğursuz mövsüm keçirən “Mançester Siti” “Aston Villa” ilə səfər oyununda da 1:2 hesabıyla məğlub olub. Bu, “şəhərlilər”in son 12 oyunda 9-cu məğlubiyyətidir. Xosep Qvardiola özünün məşqçilik fəaliyyəti dövründə ən çətin sınağını yaşayır.
17 oyundan 27 xalla “Mançester Siti” Premyer Liqanın yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Aston Villa” isə 28 xalla 5-ci yerdədir. İngiltərə Premyer Liqasına 15 oyundan 36 xalla “Liverpul” başçılıq edir.