Xorvatiyalı futbol mütəxəssisi İvan Yuriç İngiltərə Premyer Liqasında mübarizə aparan “Sauthempton”un baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
49 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, bir müddət öncə istefaya göndərilmiş Rassell Martini əvəzləyib.
Xatırladaq ki, Rassel Martin 2023-cü ilin iyul ayında bu komandaya baş məşqçi təyin olunmuşdu. Daha öncə “Dons” və “Suonsi Siti”nin hərəsində 2 il baş məşqçi işləmiş 38 yaşlı şotland mütəxəssis ilk dəfə Premyer Liqada çalışırdı. “Sauthempton” gənc məşqinin rəhbərliyi altında bütövlükdə 73 oyuna çıxıb. Komanda bu görüşlərdə 34 qələbə qazanıb, 13 heç-heçə edib, 26 məğlubiyyətə üzülüb.
İvan Yuriçin sonuncu iş yeri isə İtaliyanın “Roma” klubu olub. Paytaxt təmsilçisi 2024-cü ilin sentyabrında italyan mütəxəssis Daniel De Rossini istefaya göndərdikdən sonra, “canavarlar”ın sükanını İvan Yuriçə etibar etmişdi. Amma o, uğursuz nəticələrə görə cəmi iki ay sonra – noyabrda komandanın baş məşqçisi vəzifəsindən azad edilmişdi. Yuriç bu komandanı 12 oyuna çıxarıb, 4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət yaşayıb.
İvan Yuriç daha öncə “Mantova”, “Krotone”, “Cenoa”, “Verona” və “Torino” kimi klublarda da baş məşqçi kimi çalışıb.
Qeyd edək ki, “Sauthempton” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 16 oyunda cəmi 1 qələbə qazanıb. 2 oyunda da heç-heçə etmiş komanda 13 görüşdən məğlubiyyətlə ayrılıb. “Sauthempton” çempionatın ən az qol vuran (11) və ən çox top buraxan (36) komandalarından biridir.
İngiltərə Premyer Liqasına 15 oyuna 36 xal toplamış “Liverpul” liderlik edir.