Rusiyanın hərbi maşını Suriyadan çəkilir. Paytaxt Şamdan, Hələbdən, Homsdan və digər yerlərdən hər növ hərbi texnikanı yüzlərlə dolu maşın karvanlarında Aralıq dənizi sahillərindəki Lazkiyə limanına, oradan Tartus limanına daşıyırlar. Tartus limanında minlərlə avtomobil, zirehli maşınlar, toplar cəmləşdirilib. Məlumatlara görə, Tartusdakı rus gəmiləri də artıq limandan çıxıblar. Lazkiyə və Tartusa gedən quru yollar hərbi maşın karvanları ilə doludur. Hələlik rus hərbi maşınının Suriyadan hara - Liviyadakı Cufra limanına, ya Rusiyaya gedəcəkləri bilinmir. Bütün hallarda bilinən budur ki, Rusiya hərbi maşını 1971-ci ildə daxil olduğu Suriyanı tərk edir...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bilmirəm, Rusiyanın əslində Suriyada tam məğlub olduğu fikri ilə mübahisə edə bilən adamlar varmı? İnanmıram olsun, hər şey göz önündədir. Baxın, 2011-ci ilədək Suriyada bir Əsəd rejimi və onun müdafiəçisi Rusiya var idi. İndi kim var? Kimlər yoxdur? Əsəd qaçdı, rejim dağıldı, ölkənin neftlə zəngin böyük bir hissəsi - Rakka, Hasake və Deyrizor ABŞ və onun birmənalı dəstəklədiyi PKK/YPG dəstələrinin əlindədir ABŞ bu yerlərdəki əsgərlərinin sayını min nəfərdən azı 2 minə çatdırdı. PKK/YPG-nin birlikdə yüksək hərbi hazırlıq görmüş 5 minə yaxın döyüşçüsü var. Üstəlik yerli əhalinin böyük bir hissəsini də silahlandırıblar. Bu bölgədə üst-üstə 80 minə yaxın döyüşçünün olduğu şübhəsizdir. Bu bölgəni onların nəzarətindən çıxarmaq o qədər də asan deyil. Rusiya bu ölkədəki ordusunu dediyim kimi artıq dəniz sahilinə toplayır. Çıxmaq üzrədir.Ölkənin bir sıra iri şəhərləri paytaxt da daxil yeni qüvvələrin və Türkiyənin nəzarətindədir. Başqa bir bölgəni isə İsrail əldə saxlayır. Demək, bir vaxtlar yalnız Əsədin və Rusiyanın mövcud olduğu məkanda indi onların heç biri yoxdur. Tamam başqa qüvvələr var. Bu, Rusiyanın Suriyada məğlubiyyəti deyilmi?...
Tahir TAĞIYEV