AZ

İranda ENERJİ BÖHRANI: Ölkə çətin seçim qarşısında

İranda enerji böhranı dərinləşir.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Bildirilir ki, hələ noyabr ayında başlayan enerji böhranı nəticəsində dövlət qurumları ya tamamilə bağlanıb, ya da qısaldılmış iş qrafiki ilə çalışır. Məktəblər və kolleclər onlayn tədris formatına keçib, avtomagistrallar və ticarət mərkəzləri qaranlığa qərq olub, sənaye müəssisələri isə enerji təchizatından məhrum olaraq fəaliyyətini dayandırıb.

Son həftə ərzində sənaye istehsalının 30-50% azalacağı və ölkə iqtisadiyyatının on milyardlarla dollar itki ilə üzləşəcəyi proqnozlaşdırılır. Bu vəziyyət İranın dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına sahib olmasına baxmayaraq baş verir.

"The New York Times" qeyd edir ki, enerji böhranının əsas səbəbləri arasında uzun illər davam edən beynəlxalq sanksiyalar, qeyri-effektiv idarəetmə, köhnəlmiş infrastruktur, israfçılıq və İsrail tərəfindən həyata keçirilən hücumlar dayanır.

Bu vəziyyət hökuməti çətin bir seçim qarşısında qoyub: ya yaşayış evlərinə qaz təchizatını kəsmək, ya da elektrik enerjisini dayandırmaq. Hökumət ikinci variantı seçib, çünki qaz təchizatının dayandırılması əksəriyyət iranlının əsas istilik mənbəyinin itirilməsi ilə nəticələnə bilərdi və bu, daha böyük təhlükəsizlik risklərinə səbəb ola bilərdi.

Enerji çatışmazlığı yalnız iqtisadiyyatı deyil, həm də ictimai və sosial həyatı ciddi şəkildə pozur. Səhiyyə, təhsil və digər həyati əhəmiyyətli xidmətlərin fəaliyyətində fasilələr müşahidə olunur, bu da ictimai narazılığın artmasına səbəb olur. Ekspertlər xəbərdarlıq edir ki, böhran uzunmüddətli perspektivdə İran iqtisadiyyatını və enerji sektorunu ciddi problemlərlə üz-üzə qoya bilər.

İran hökuməti böhranı həll etmək üçün bir sıra tədbirlər həyata keçirsə də, bunların qısamüddətli təsiri gözləniləndir. Bu isə sektorun modernləşdirilməsi üçün köklü islahatlara ehtiyac olduğunu göstərir.

Musavat.com

Seçilən
53
musavat.com

1Mənbələr