AZ

"Kağız təyyarələr"in pilotu: "...saatımı sevgiyə qurmuşam" deyir

Bahəddin Həzi

"Darıxan şeirlər", "Karantin boşluğu", "Yoxluğun cazibə qüvvəsi", "Bir dünya var". Bu kitablarını oxumuşdum. Ruhuma simsar, ürəyimə yaxın bilmişdim ordakı şeirləri.

Mən ədəbiyyatşünas deyiləm, ədəbi tənqidçi deyiləm. Ədəbi... tərifçi heç deyiləm.

Mən sıradan bir poeziya oxucusuyam bu anda. Fikirlərimi, təəssüratlarımı da oxucu kimi bölüşürəm.

Hələ uşaqlıqdan ədəbiyyat vurğunuyam. İllah da poeziyanın məndə ayrı bir yeri var. Aleksandr Bloku, Əli Kərimi oxumaqdan doymurdum.

Hər şair öz yolunu aça bilmir; elə adamlar var, bir şairin yolunu tutub gedir, amma qarşısına çıxan birinci döngədə çaşır. Bir də var, öz yolunu açırsan. Özün kimi yazırsan. Yüyərəndə də özünsən, büdrəyəndə də. Daha kiminsə yerişini yerimək istərkən, özgə çığırında ilişmirsən, yad döngədə döyükə-döyükə qalmırsan.

Mən "Kağız təyyarələr"in kapitanını ən çox buna görə bəyəndim: Ramiz Rövşən demişkən, özü öz yoludur Aysel Khanlarkızı Safarli.

"Kağız təyyarələr"... Kitabın adı məni cavanlıq illərimə - 35-40 il əvvələ qaytardı. Universitet auditoroyalarına döndüm yenə. Tələbə oğlanlar öz sevgi etirafını kağıza yazardı. O məktubu büküb kağız təyyarələr düzəldərdilər. Sonra hərəsi öz sevdiyi qızın partasına doğru uçurardı.

Mən bunu "Qarışıq xatirələr"imdə yazmışam. Düzdür, mən kağız təyyarə düzəltməmişəm. Bunun səbəbini də gizlətməmişəm, yazmışam: "Bəstə boyum, çəlimsiz anatomik fakturam duyğularımı pərvazlandırmağa heç bir şans qoymamışdı. Üstəlik də orta statistik tələbə kasıblığının son həddində olan, atadan yetim bir kənd uşağıydım. Ona görə də bu "aviaşou"da mənim nəinki "uzaqvuran" sevgi "təyyarəm", heç sınıq-salxaq bir "heyranlıq dronum" da yox idi"...

O kağız təyyarələr və bu "Kağız təyyarələr". Burdakı - bu "Kağız təyyarələr"dəki hər bir məktubu (kitab məktublarla başlayır), eləcə də, hər bir şeiri ərgən ərənlər götürüb, köçürüb, kağız təyyarə düzəldə bilər, öz sevdiyinə doğru uçura bilər.

Ancaq mütləq məktubun birinci cümləsi belə olacaq: "Sənə bu məktubu çox uzaqlardan yazıram, ta qəlbimin dərinliklərindəki o gizli yerdən".

Bu, "Kağız təyyarələr" kitabındakı o səkkiz məktubdan birinin - birincisinin birinci cümləsidir.

Məktubları həyəcansız oxumaq olmur. Şair öz duyğularını, daxili təlatümlərini "kağız təyyarələrə" "yükləyib", göndərir. Məktubun "üstündəki" ünvan yerinə isə, sadəcə, ikicə söz yazır: "Uzaqlardakı adamım".

Dediyim kimi, tək məktubları deyil, elə şeirlərin də hər birini hər cavan öz sevdiyinə eşq etirafı kimi göndrə bilər. Bu şeirlərdə hava gah tutulub, açılır, gah şimşək çaxır, yağış yağır, gah da sübh sökülür. Axırda Günəş doğur və küskün ruhlara işıq çiləyir.

Aysel Xanlarqızının əvvəl oxuduğum kitablarındakı kimi "Kağız təyyarələr"də də şeirlər, sadəcə, poetik əsərlər deyillər. Həm də musiqi var bu şeirlərdə, həyat tabloları, təbiət mənzərələri var.

"Hardansa tənbəl-tənbəl əsən xəfif meh yarpaqların pıçıltılı söhbətinə qoşularaq qımışır. Ağacların ən yüksək budaqlarında yuxulayan quşların mışıltısı və solğun işıq ətrafında yallı gedib dövrə vuran kəpənəklərin kölgəsi məni yenidən bu dünyaya qaytarır".

Əsıl rəssam işidir!

Yaxud

"Nə vaxt üşüsən çağır,
Sətir-sətir dolayım
qollarımı boynuna".

Aysel Xanlarqızının yaradıcılığının ən maraqlı və ən xas məziyyəti onun içdənliyidir. Səmimiyyət şairin ən kəsərli silahıdır; bu "silah"dan atəşlənən hər sevgi "mərmisi" nişan aldığı ürəyi mütləq sevindirəcək.

Nə deyim! Ömrümdə bu qədər sevgi daşıyan "Kağız təyyarələr" görməmişdim. Aysel Xanlarqızı "...bütün saatları sevgiyə quracağam" deyir. Amma kitabı oxuduqca, artıq çoxdan sevgiyə qurulmuş o zərif yaradıcı saatın ürək döyüntülərini dinləyirsən...

Aysel Xanlarqızı talantlı və maraqlı imzadır. Hər əlinə qələm alan talantlı deyil, hər talant da maraqlı deyil. Elə yazarlar var, baxırsan, istedadı da var, dilə də hakimdir, hər şey sanki vaxtlı-vaxtında, yerli-yerindədir. Amma mətni, misrası səni tərpətmir. Aysel Xanlarqızında isə bu iki məziyyətin ikisi də var. Həm də bol-bol...

...Bir vaxtlar mən "qaşlarımı düyünləyib" ciddi yazılar yazırdım (elə indi də yazıram), siyasi təhlillər aparırdım, proqnozlar verirdim. Bir gün Vaqif Bayatlı mənə zəng edib dedi: "Yazılarını oxuyuram, yaxşıdır. Amma, dədə, sən əldən gedirsən".

Mənə telefonda beləcə də dedi: "Çoxlu şeir oxu, şeir, şeir".

Mən də daha çox şeir oxudum, nəsr əsərlərini oxudum. Bacardığım qədər. Çünki mətnin ruhu olmalıdır. Şpenqler deyirdi: "Hər mədəniyyətin öz ruhu var". Hər janrın da öz ruhu var. Publisustikanın da həmçinin. Şeir məndə hətta siyasi publisistikanın da ruhunu tərpətdi, yumşaltdı, cövlana gətirdi.

Bəli, şeir ruhu tərpədir, oyadır, mürgüləməyə, biganələşməyə qoymur. Bu üzdən şeiri çox oxumaq lazımdır. Şair xalq yox, şairin xalqı olmaq lazımdır. Əsl şairin. Onda ruhumuz həm dirçələr, həm dincələr.

Ruhun ölüvay olmağı ölümdən də pisdir...

Odur ki, "Kağız təyyarələr"ə "bilet alın". Bu "təyyarələr" ruhunuzu yerlərdən qaldıracaq, qanadlandıracaq və çox uzaqlara, uzaqlardakı ucalara aparacaq...

Təyyarə, bilet demişkən, yazımı şairin "Hava limanında" adlandırdığı zərif bir şeiri ilə yekunlaşdırıram.

Hava limanında

Oyaq və yuxusuz,
uzaq səfərlərə insan yola salır
hava limanı...
Monitorlarda
çamadanların
rentgeni çəkilir...
Başqa ölkələrə köçür
təyyarələr.
Gecəni çiynindən atır
göylərin bəyaz dumanı
Zülmətin
bağrı sökülür.
Günəş kölgələrlə rəqs edir,
Yük-yük daşınır xatirələr...
Özümü götürüb
yerdən köçmək həvəsliyəm.
bu səhər
göylərə, sənə gəlirəm,
Dünya yatıb,
bir mən oyağam, bir sən,
bir hava limanı.
Sən məni,
sabahı isə yarıyuxulu qarşılayır
şəhər.
Pasport arasındakı
bir bilet
həyəcandan tir-tir əsir,
Bakı İstanbula tələsir...

Bu gözəl şeirdən sonra "Kağız təyyərələr"ə bir daha rahat uçuş, Aysel Xanlarqızına isə zərif yaradıcılıq yolunda aydın səma arzulayıram!

No

Seçilən
29
turkustan.az

1Mənbələr