AZ

Gürcüstan prezidenti Salome Zurabişvili həbs oluna bilər

Tbilisi, 22 dekabr, AZƏRTAC

Prezident Salome Zurabişvili yeni parlament seçkilərinin təyin olunması ideyasını yenidən irəli sürərsə, həbs oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 22-də keçirdiyi brifinqdə məlumat verib.

Hökumət başçısı bildirib ki, dekabrın 21-də S.Zurabişvili parlament seçkiləri təyin etmək niyyəti ilə müxalifət və QHT nümayəndələri ilə görüşüb. Onun bu təşəbbüsü Gürcüstan qanunlarını kobud çəkildə pozulması deməkdir və cinayət məsuliyyəti yaradır.

Baş nazirin sözlərinə görə, Gürcüstan qanunvericiliyinə görə parlament seçkiləri üç halda təyin edilə bilər. Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, parlamentin dördillik səlahiyyət müddəti başa çatdıqda və parlament hökumətə etimad göstərmədiyi halda təkrar parlament seçkiləri keçirilə bilər.

İ.Kobaxidze deyib ki, əgər prezident buna baxmayaraq, başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
16
50
azertag.az

10Mənbələr