Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 28-də, gecə saat 1 radələrində baş verib.
Leyla yaşadığı mənzilin mətbəxində qardaşı Əlvana onunla spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə yersiz zarafatlar etməsi, onu öpməsi, çarpayıda yanında uzanaraq qucaqlaması ilə bağlı hərəkətlərinə son qoymağı tələb edib.
Əlvanın isə buna məhəl qoymayaraq hərəkətlərini davam etdirməsi nəticəsində mətbəxdən götürdüyü bıçaqla ona zərbələr vurub.
İstintaq orqanı tərəfindən Leylanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Leyla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisənin baş verdiyi evdə tək yaşayır, 2-ci qrup əlildir, epileptik tutmalar və digər diaqnozu ilə qeydiyyatdadır, ailə həyatı qurmayıb.
Bildirib ki, zərərçəkmiş şəxs Əlvan doğma əkiz qardaşıdır, uzun illərdir spirtli içki aludəçisidir və onun hərəkətləri ailə daxilində hamını bezdirib.
Təqsirləndirilən şəxs ifadəsinin göstərib ki, noyabrın 27-də saat 19 radələrində tək olarkən qardaşı Əlvan onun evinə gəlib: “Həmişəki kimi yenə də sərxoş idi. Evə daxil olandan sonra məni qucaqladı, öpməyə və üzümü sıxmağa başladı. Bunun mənə pis təsir etdiyini və əsəbiləşdirdyini bildirsəm də, yenə də öz hərəkətlərinə davam etdi. Ucadan danışdı və məni hirsləndirdi. Bir qədər sonra siqaret almaq üçün getdiyini bildirərək evdən çıxdı və çox keçmədən geri qayıtdı. Yenə də yersiz zarafatlar etməyə başladı. Hətta özü ilə gətirdiyi spirti su ilə qarışdıraraq içdi.
Yatmaq istədiyimdən yataq otağında çarpayıda uzandım. Əlvan da yanımda uzanaraq məndən yatmamağı tələb etdi və söhbət etmək istədiyini bildirdi. Yenə də yersiz zarafatlarını davam etdirərək məni öpdü”.
Leyla qeyd edib ki, Əlvanın hərəkətləri onu əsəbləşdirdiyindən bacısı Validəyə zəng edib və qardaşının hərəkətləri barədə ona danışıb: “Bacımdan bizə gəlməyi, Əlvanı evdən çıxarmağa kömək etməyi xahiş elədim. Çox keçmədi bacım gəldi. Əlvanı danladı, mənimlə işinin olmamasını və məni əsəbləşdirməməyi tapşırdı. Artıq həmin vaxt mənim başımda ağrılar başladı.
Validə Əlvanı yanımdan kənarlaşdıra bilmədiyindən ailəvi dostlarımız Nərminə zəng edərək onu çağırmasını istədim. Validə də Nərminəni çağırdı. Əlvan yenə də sərxoş vəziyyətdə bezdirici hərəkətlərini davam etdirdi və iradlarımıza məhəl qoymadı. Mən artıq özümü boğulurmuş kimi hiss etdim. Rəfiqəm Nərmin əri Sahiblə birlikdə bizə gəldi. Sahib də Əlvanın hərəkətlərini görəndə ona iradlarını bildirdi. Bacıma özümü piss hiss etdiyimi bildirdim, təcili tibbi-yardım çağırmasını xahiş etdim. Bacım həkim çağırdı”.
Leylanın sözlərinə görə, həmin vaxt artıq gecə saat 1 radələri olub: “Sanki boğulurmuş kimi yataq otağında ortalıqda dayanmış Əlvanı itələyərək mətbəxə qaçdım. Əlvan da ardımca mətbəxə gəldi.
Mətbəxdən bıçaq götürərək Əlvana göstərdim və əgər çıxıb getməzsə, özümü öldürəcəyimi bildirdim. Əlvan sərxoşluq əlaməti olaraq yenə də məni qucaqlayaraq çox istədiyini bildirdi. Artıq dözmədim və həmin bıçaqla onun bədən nahiyəsinə bir neçə zərbə vuraraq onu özümdən kənara itələdim. Mətbəxdə yerə yıxılan Əlvanın qalxıb yenə də üzərimə gələcəyindən qorxdum və bacım Nərmin, rəfiqəm Validə və onun əri Sahibi çağıraraq onu məndən kənarlaşdırmalarını xahiş etdim.
Bacım və rəqifəm mətbəxə gələndə Əlvanın bıçaqladığını gördülər. Onu yerdən qaldırıb o biri otağa apardılar. Nərmin və Validə mənə sakitləşdirici dərman verdilər. Təcili tibbi-yardım həkimləri qardaşım Əlvanı xəstəxanaya apardılar”.
İş üzrə zərərçəkmiş Əlvan bildirib ki, Bakının Nizami rayonunda yaşayıb, əvvəllər Daxili İşlər Orqanlarında xidmət edib, lakin xidmətdə yol verdiyi nöqsanlara görə oradan xaric edilib: “Bacım Leyla psixoloji problemlərə görə 2-ci qrup əlildir, tez-tez baş verən epileptik tutulmalar diaqnozu ilə qeydiyyatdadır. Tez-tez spirtli içki qəbul etdiyimdən ümumi ailə üzvləri mənə qarşı incik olub”.
Zərərçəkmiş qeyd edib ki, noyabrın 27-də gün ərzində spirtli içki qəbul edib, saat 19 radələrində bacısı Leylanın hal-əhvalını soruşmaq üçün onun yaşadığı evə gəlib: “Leyla evdə tək idi. Məlum hadisədən bir neçə gün əvvəl Leyla qonşusu ilə mübahisə etdiyindən qonşuyla danışmağı, psixoloji problemləri olan bacımla işinin olmamasını bildirməyi nəzərdə tuturdum.
Leyla ilə salamlaşdıqdan sonra həyətə düşdüm, özümə siqaret, aptekdən isə spirt alaraq bacımın evinə qalxdım. Spirti su ilə qarışdıraraq içdim. Leylanın kefinin olmadığını gördüm. Ona yaxınlaşaraq əhval-ruhiyyəsini normallaşdırmaq üçün onu qucaqladım. Leyla isə onu qucaqlamamağımı dedi, kənarda dayanmağımı bildirdi.
Leyla yataq otağında çarpayıda uzadı. Mən də onun yanında uzandım. Çox istədiyimi bildirərək onu bacı kimi öpməyə başladım.Hərəkətlərim Leylanın xoşuna gəlmədi. Lakin Leylanın əsəbi olduğunu, hərəkətlərimi davam etdirəcəyim təqdirdə onun əsəblərini sakitləşdirə biləcəyimi fikirləşdim”.
Zərərçəkmiş deyib ki, eyni zamanda sərxoş olub, bəlkə də Leylanın qəbul etmədiyi hərəkətləri onun sərxoşluğundan irəli gəlib.
Əlvanən sözlərinə görə, baş vermiş cinayət hadisəsinin səbəbkarı o özü və sərxoşluğu olub: “Sərxoş vəziyyətddə hərəkətlərimin həddini bilməmişəm. Əsil həqiqətdə bacımı bir qardaş kimi səmimi olaraq öpüb qucaqlamışam. Lakin hərəkətlərim səhv başa düşülüb. Heç vaxt əxlaqsız hərəkətlər etməmişəm. Bacımı incitdiyim üçün mətbəxdə bıçaqla özüm-öz qarnımdan vurmuşam və ittihamda göstərilən xəsarəti yetirmişəm. Mən ağır xəsarət almamışam, ekspertlər düzgün rəy verməyib. Hadisənin cünahkarı mən olduğum üçün Leylaya qarşı heç bir şikayətim yoxdur, onu bağışlamışam”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.