AZ

Dəməşqdəki sirli ADAM

Dünya Yaxın Şərqdəki ən qorxulu silahlı qruplardan birinin liderinin radikal islamçıdan nisbətən mötədil, dindar Suriya millətçisinə çevrilməsini izləyir. O, artıq qalstuk istifadə edir və mətbuata müsahibələrdə müsbət mesajlar verir. İctimai çıxışlar üçün xüsusi yerlər seçir, məsələn Dəməşqə nəzarəti ələ aldıqdan sonra şəhərin ən böyük məscidi hesab edilən Əməvilər məscidində Suriya xalqına, eləcə də dünyaya səsləndi.

 

Hakimiyyətə gəlişi o qədər sürətli oldu ki, bir çox insan yeni liderin simasına hələ alışa bilməyib.

 

Söhbət Suriya hakimiyyətinin yeni lideri Məhəmməd Əl-Culanidən gedir, əsl adı ilə desək Əhməd Əl-Şara...

 

O, ötən gün Dəməşqdə ilk rəsmi xarici qonağını qarşıladı. Türkiyənin xarici işlər naziri ilə danışıqlar apardı, mətbuat konfransı keçirdi və çay içib Dəməşqi seyr etdilər.

Əl-Culaninin ilk tərcümeyi-halının böyük hissəsi özünün verdiyi məlumatlardan formalaşıb. 2013-cü ildə o qədər sirli insan idi ki, heç kim onun əsl adını da bilmirdi. Əl-Culani indi mətbuata daha açıqdır. O, tez-tez müsahibələr verir və PR-a böyük diqqət yetirir.

 

Buna baxmayaraq, onun barəsində hələ də çox şey məlum deyil, məsələn, onun arvadı və uşaqları varmı...

 

Əl-Culaninin əsl adı Əhməd Hüseyn əl-Şaradır. O, 1982-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda anadan olub. Ailəsi onun anadan olmasından bir il əvvəl İsrail tərəfindən ilhaq edilmiş Suriyanın Colan təpələrindəndir. "Əl-Culani" təxəllüsü də buradan yaranıb, “Colan təpələrindən gələn" deməkdir.

 

Əhməd orta təbəqəli ailədə anadan olub. Atası Hüseyn əl-Şara neft sənayesində çalışırdı, anası isə coğrafiya müəllimi idi. Özünün dediyinə görə, atası ərəb birliyi ideyalarının tərəfdarı və dünyəvi olub, onun kumiri Camal Abdel Nasser idi.

 

1980-ci illərin əvvəllərində Hüseyn əl-Şara ailəsi ilə birlikdə Suriyanı tərk edib. Əl-Culani deyir ki, buna səbəb atasının Suriyanın o vaxtkı rəhbəri Hafiz Əsəd rejimi tərəfindən təqiblərə məruz qalması və hətta bir müddət həbsdə qalması olub. Onlar Səudiyyə Ərəbistanına köçüb, atası neft sənayesində çalışıb və neft hasilatı və ərəb ölkələrinin iqtisadiyyatı haqqında bir neçə kitab nəşr edib. Əhməd həyatının ilk yeddi ilini Ər-Riyadda keçirib.

 

1989-cu ildə ailə Suriyaya qayıdıb. Əhməd bunun səbəbini açıqlamayıb, heç kim də bilmir. Ancaq görünür, ailəni təqib edən olmayıb. Əl-Şaraa Dəməşqin ən prestijli ərazilərindən birində - Əl-Mezzedə məskunlaşıb. Bir müddət əvvəl təqib olunduğunu deyən neftçi Hüseyn əl-Şara dövlət qulluğuna daxil olub və işdən çıxarıldıqdan sonra öz biznesini - daşınmaz əmlak broker agentliyini açıb.

 

Əhmədin sinif yoldaşları onun dərslərində çox bacarıqlı və çalışqan olduğu, özünə qapanması ilə diqqət çəkdiyini deyir. Özü haqqında əlavə edir ki, o, çox liberal və tamamilə qeyri-dini bir mühitdə böyüyüb.

 

Məktəbi bitirdikdən sonra gənc Əhməd jurnalistika təhsili almaq üçün Dəməşq Universitetinə daxil olub. Ancaq həmin vaxtdan etibarən təhsillə çox maraqlanmır və islamçılara qoşulur. Əl-Culani deyir ki, onun radikallaşmasında 2000-ci ildə, 18 yaşında başlanan ikinci Fələstin intifadasının rolu olub. 11 sentyabr terror aktı da gəncdə böyük təəssürat yaradıb. Bu illərdə o, Dəməşqin kənarındakı yoxsul bölgələrdə yeraltı xütbələrə və cihad görüşlərinə qatılmağa başlayıb.

Foto: Əl-Culani İdlibdə

Və 2003-cü il...

 

Amerikanın işğalından bir neçə həftə əvvəl o, müharibədə iştirak etmək üçün İraqa gedib. Həmin illərdə artıq hər kəs İraqda müharibənin qaçılmaz olduğunu düşünürdü.

 

Əl-Culaninin tanışları onun bu qərarından şoka düşüblər və atası Əhmədin bu hərəkətini gənc şıltaqlığı hesab edib. 

 

O, daha sonralar İŞİD-ə çevriləcək qruplaşmanın üzvü olub. Əl-Culani 2006-cı ildə ABŞ ordusu tərəfindən əsir götürülüb və sonrakı beş ilini həbsxanada keçirib. Bir çox cihadçı liderlər kimi o da dəmir barmaqlıqlar arxasında çoxsaylı tanışlıqlar qazanıb.

 

Onunla bərabər həbsxanada olanlar deyir ki, Əhməd digər məhbuslara klassik ərəb dilini öyrədir, İslam və cihad barədə məlumatlar verirdi.

 

2011-ci ildə azadlığa çıxıb və artıq formalaşmış İŞİD-ə qoşulub, terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi ilə görüşüb və qısa zamanda təşkilatda komandanlıq postlarına yüksəlib. 

 

Əl-Culani bir il sonra Suriyada təxminən 5 min üzvü olan Cəbhət ən-Nusra qruplaşmasını yaradıb. Bir neçə il ərzində Əl-Culaninin qruplaşması daha böyük terror təşkilatları ilə əlaqələrini açıq şəkildə kəsəcək qədər güclü idi.

 

Həmin illərdə cihadçılığın fərqli təşkilatlara parçalanması və İslam xilafətinin yaradılması ideyası Suriyada bir çoxlarını məyus etmişdi. Bu məyusluq təşkilatların birləşməsi ideyasını formalaşdırdı. 2017-ci ildə bir neçə qrupun birləşməsindən “Həyat Təhrir əl-Şam” (HTŞ) yaradılıb. Əl-Culani təşkilatın rəhbəri olub.

Qruplaşma təkcə Suriya hökumət qoşunları ilə deyil, digər cihadçılarla da döyüşüb. 2018-ci ilə qədər Əhmədin qüvvələri İdlib vilayətinin əhəmiyyətli hissəsinə nəzarət edirdi.

 

Əvvəlcə Əl-Culani və tərəfdarları nəzarət etdikləri ərazilərdə radikal addımlar atdılar. Sonradan xüsusi "dini polis" qadınların başlarını və üzlərini örtməsinə nəzarət etməyə başladı və cümə günləri mağazalar bağlandı. İctimai yerlərdə musiqi dinləmək, qəlyan çəkmək qəti qadağan edilib. Ancaq tezliklə qaydalar yumşaldıldı, dini polislər ləğv edildi və İdlib adi müsəlman şəhəri oldu.

 

Məhz bu dövrdə Əl-Culani qrupun ideologiyasını və öz imicini aktiv şəkildə dəyişməyə başladı. Bu, hətta zahirən də nəzərə çarpırdı, o, artıq ənənəvi uzun paltar geyinmir, köynəklərə, pololara, gödəkçələrə və paltolara üstünlük verir.

 

Əl-Culani fikirlərinin niyə dəyişdiyini belə izah edir: “20 yaşında olan insan 30, 40, hətta 50 yaşında olduğundan tamamilə fərqli bir insandır. Bu, insanın təbiətidir. İnanıram ki, hər kəs həyatı boyu müxtəlif mərhələlərdən keçir, fərqli təcrübələr keçir”.

Əl-Culaninin ideologiyasında və təşkilatında əsas dəyişiklik qruplaşmanın beynəlxalq İslam xilafəti yaratmaq planının olmamasıdır. Bundan əlavə, onun İslam qaydalarına riayət edilməsi ilə bağlı fikirləri də yumşalıb. Özü də dəfələrlə bəyan edib ki, indi onu ancaq Suriya maraqlandırır və o, artıq cihaddan deyil, “tiranlığa qarşı inqilabdan” danışır.

 

Bir çox ekspert Əl-Culanini “praqmatik radikal” adlandırır. 2014-cü ildə Əl-Culani deyirdi ki, Suriya şəriətlə yaşamalıdır, indi mütəmadi olaraq təkrar edir ki, İslam normaları insanlara tətbiq edilə bilməz.

 

Bir çox ekspertlər də qeyd edirlər ki, Əl-Culani öz qrupunu effektiv müasir orduya çevirə bilib.

 

Onlar həmçinin İdlibdə kifayət qədər effektiv mülki idarəetmə qurublar. Bölgəni yaxşı təhsilli gənclər idarə edir.

 

Lakin bu qərarlar onun rəhbərlik etdiyi qrupun dünyada qəbul olunmasına o qədər də təsir etmədi. Təşkilat ABŞ, Rusiya və Türkiyə də daxil olmaqla bir çox ölkədə terror qrupları siyahısına daxil edilib. 2018-ci ildə Birləşmiş Ştatlar Əl-Culaninin başına 10 milyon dollar mükafat qoyub.

 

Cihadçı qruplar üzrə müstəqil ekspert Aymenn Cavad əl-Təmiminin sözlərinə görə, bütün yumşalmalara baxmayaraq, İdlibdə dini qaydalar kifayət qədər sərtdir. Məsələn, qızlar və oğlanlar ayrı-ayrılıqda təhsil alırlar. “Yenu hakimiyyət mühafizəkar sosial normalara riayət edir. Onlar qadınlardan niqab taxmağı tələb etməsələr də, onları hicab taxmağa təşviq edirlər”, - Əl-Təmimi deyir.

 

Vaşinqtonda yerləşən Yaxın Şərq Siyasəti İnstitutunun analitiki Aaron Zelin qeyd edir ki, Əl-Culani məşğul şəhərlərdə onaların önünə çıxır, kütləyə gülümsəyir. “Əl-Culani düzgün anları seçməkdə və onlardan yararlanmaqda çox mahirdir. O, simvolik yer seçir, onun ətrafında heç bir silah yoxdur, bu, ciddi siyasi lider kimi görünməsi üçün xüsusi düşünülüb”, - Aaron Zelin qeyd edib. Onun fikrincə, Əl-Culani “avtoritar rejimin xarizmatik lideri” kimi xarakterizə edilə bilər.

 

Əl-Culaninin gələcək siyasəti ilə bağlı çoxlarını narahat edən məsələlərdən biri də etnik və dini azlıqların vəziyyətidir. 2013-cü ildə Əl-Culani bəyan edib ki, Suriyada xristianlar, kürdlər və ələvilər üçün yer olmayacaq. O vaxtdan bəri o, dəfələrlə bu sözləri geri götürüb.

 

Dəməşqə qarşı hücum zamanı Əl-Culani yerli qəbilə strukturları, eləcə də dini və etnik azlıqlarla fəal danışıqlar aparıb, druzlar və xristianlarla görüşlər təşkil edib.

 

Ancaq hər kəs gələ də Əl-Culaniyə tam etibar etmir. Bir çox ekspertlərin fikrincə, Əl-Culani yaxın gələcəkdə müxtəlif çətinliklərlə üzləşəcək.

phrase_var_article.chosen
8
1
modern.az

2phrase_var_article.sources