Peruda polis əməkdaşı "Qrinç - Milad oğrusu" filminin personajı kimi geyinib və narkotik alverçilərinin saxlanılması əməliyyatında iştirak edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Operativ əməliyyat çərçivəsində "Yaşıl dəstə" (əsasən oğurluq və narkotik satışı ilə mübarizə aparan xüsusi polis bölməsi) narkotik alverçilərini cinayət başında tutmaq üçün öz agentlərindən birini "Qrinç" kimi geyindirib", - deyə məlumatda bildirilib.
Peru Daxili İşlər Nazirliyinin yaydığı videoda görünür ki, Santa Klaus geyimində olan "Qrinç" Lima şəhərində keçirilən reyd zamanı narkotik alverçilərinin olduqları evin qapı kilidini çəkiclə sındırır, daha sonra onların saxlanılması və dindirilməsində iştirak edir.
"Bizim "Qrinç" yaxşıdır, o, Milad bayramını sevir, amma cəmiyyətə zərər verən cinayətkarların düşmənidir", - deyə videodakı polis əməkdaşı bildirib.
Qeyd edək ki, Peru polisinin öz əməliyyatlarında uydurma personajların geyimlərindən istifadə etməsi ilk dəfə deyil. Daha əvvəl "Halloween" bayramında (31 oktyabr) "Rosomax" və "Dedpul" komikslərinin qəhrəmanları kimi geyinən polis əməkdaşları narkotik satışı ilə məşğul olan dəstənin üzvlərini saxlayıblar.
Bizim.Media