“Yeni il” gecəsi paytaxtda təşkil edilən atəşfəşanlığa qadağa qoyulması təklifi gündəmdədir. Sosial şəbəkələrdə müzakirələr zamanı bildirilib ki, atəşfəşanlıqda istifadə olunan fişəng və bu kimi partlayıcılar ekologiyaya mənfi təsir göstərir.
Bu barədə Pravda.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli təklifin əleyhinə olduğunu deyib: “Biz də uşaq olarkən bayramlarda fişənglərdən, partlayıcılardan istifadə edirdilər. Atəşfəşanlıqda istifadə olunan fişənglərdən ətraf mühitə, atmosferə heç bir ziyan dəymir. Bunların milyonda bir faiz belə zərəri yoxdur. İmkan verin, uşaqlar istirahətlərini etsinlər, fişənglərini atsınlar. Yetər ki, bu fişənglər təhlükəsiz olsun, uşaqların sağlamlığına zərər vurmasın, bədən xəsarəti yetirməsin. Uşaqları uşaq kimi böyüməyə qoymurlar. Necə yəni, “Yeni il” ərəfəsində fişənglər atılmasın, atmosferə ziyan dəyər, bunu qadağan etmək lazımdır. Onda nəyə görə bayram günləri toplardan fişəng atırlar? Daha çox o fişənglər zərər vura bilər. Onda bunları da qadağan etsinlər. Özlərindən uydururlar. COP29-la bağlı belə şeylər müzakirə oluna bilməz. COP29-un müzakirəsi atmosferdə karbon qazının səviyyəsinin atması ilə əlaqədardır. Bunu isə bayram fişəngləri etməz. Gəlin, müzakirə edək ki, bizim uşaqlarla Avropa uşaqları bayramları necə keçirirlər? Avropada insanlar necə yaşayırlar, bizdə necə? Bu, başqa məsələ. Bayramı hərə bir cür yaşayır. Xahiş edirəm, heç kim uşaqların uşaq kimi böyüməsinə maneə olmasın. Məncə, bu fikir ölkəyə fişəng idxal edən hansısa şirkəti iflas etdirmək üçün ortaya atılıb. Qanuni idxal varsa, dünyada fişəng istehsalı qanuni gedirsə, niyə Azərbaycana qanuni qaydada idxal olunub istifadə edilməsin?”
Aytəkin Qardaşova