AZ

“Dindən bəzən cəmiyyətləri parçalamaq üçün istifadə edilir”

“Dünyada və aid olduğumuz coğrafiyada müşahidə olunan mürəkkəb proseslər daha sayıq və həssas olmağımızı tələb edir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda bildirib.

“Biz yeni bir tarixi mərhələnin iştirakçılarıyıq. Təəssüflə qeyd etməliyik ki, bu mürəkkəb tarixi dövrdə din amili bəzən məqsədli şəkildə cəmiyyətləri parçalamaq üçün istifadə edilir.

Etiqad anlayışının ictimai təfəkkürə təsir göstərən siyasi texnologiya vasitəsi kimi istifadə edilməsi cəhdləri dinin sosial və mədəni məzmununu təhrif edir. Onun birləşdirici funksiyasına kütləvi şübhə yaratmağa yönəlir. Əsas hədəf belə yanlış təqdimatların yaratdığı təhdidlərə ölkəmizin meydan olmasına imkan verməməkdir. Biz dinlər və mədəniyyətlər arasında dialoqun bəşəriyyətin tarix boyu can atdığı daha yaxşı bir dünya qurmaq arzusuna çatmaq üçün ən yaxşı vasitə olduğuna inanırıq.

Yüzillərdir ki, Azərbaycan xalqının bu inancı sabit qalır. Bir ölkənin vətəndaşları dini və etnik mənsubiyyətindən asılı olmayaraq, öz gələcəklərini vahid bir cəmiyyətdən kənarda təsəvvür etmirsə bu, milli həmrəyliyin əlaməti kimi qəbul olunur. Kənar ideoloji müdaxilələrin belə cəmiyyətlərdə parçalanma, qütbləşmə, dini-etnik ədavət yaratmaq perspektivi məhduddur.Azərbaycan, bu mənada ən sabit ölkələrdən biridir.

Lakin bu, arxayınlaşmağa, mümkün və ehtimal olunan ideoloji təhdidləri nəzərdən qaçırmağa əsas vermir. Unutmamalıyıq ki, qloballaşma bəzən təhdidlərin də qloballaşması deməkdir. Güclü dövlət həm də belə ehtimalları vaxtında aşkara çıxarır, proqnozlaşdırır, zəruri önləyici tədbirlər görür. Din xadimlərinin dövlət qurumları ilə kommunikasiyasının inkişaf etdirilməsi, bu baxımdan son dərəcə zəruridir”, - sədr bildirib.

Seçilən
0
2
herbiand.az

3Mənbələr