Kulis.az Mətləb Ağanın yeni şeirini təqdim edir.
Axşamların şaxtası,
sabahların soyuğu...
yatırsan ki, qar yağar,
durursan ki, gün doğur...
Dekabrın ən uzun
nəğməsi olsun gərək:
donuq pəncərələrdə
hey çiliklənən külək...
Qarı kimidir ömrün:
gümanları tükənmiş...
necə olur məzarlar?
sanki bələkdəsənmiş!
Qalan beş-altı sözdür:
yalan-doğru, fərqi yox...
çəksən belə, o rəsmi,
qoymağa bir sərgi yox...
... Heç lap üşüməsən də,
qapını ört, astaca...
... sonra, soruş özündən:
“nəyə gülürsən, Qoca?”