"Azərbaycan vətəndaşlarının bəziləri Yeni İli xarici ölkələrdə keçirməyə üstünlük verirlər".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, vətəndaşlar əsasən viza tətbiq olunmayan ölkələri seçirlər:
"Azərbaycan vətəndaşları əsasən qardaş Türkiyəyə getməyə üstünlük verirlər. Həmçinin, Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və bizə yaxın olan əyalətlərində Yeni İli keçirmək istəyirlər. Gürcüstandakı mövcud vəziyyətlə bağlı olaraq isə əvvəlki illərlə müqayisədə Tiflisə gedişlər bir qədər azalıb".
Mütəxəssis vətəndaşlarımızın Yeni İli qeyd edəcəyi digər bölgələrin də adlarını çəkib:
"Bəzi Azərbaycan vətəndaşları həm də Dubay, Doha, Malayziya, Sinqapur və İndoneziyada Yeni İli qarşılayacaqlar. Hansı ki, onlarla da artıq vizasız rejim tətbiq olunur. Ümumiyyətlə, Azərbaycan vətəndaşları üçün vizaların ləğvi ölkə hüdudlarından kənara gedən turistlərin coğrafiyasını genişləndirdi".
Rəhman Quliyev onu da vurğulayıb ki, ötən illərlə nisbətən Azərbaycandan xaricə gedən turistlərin sayında artım müşahidə olunur:
"Əlbəttə ki, bu da qarşılıqlı turist mübadiləsidir. Yəni ölkəmizə gələn turist sayı da bir o qədər artır. Qarşıdakı illərdə də bu istiqamətdə müsbət dinamikanın olacağı proqnozlaşdırılır. Bu da ölkəmizin iqtisadiyyatına böyük töhfə verir".
Pərviz