Azərbaycanda seçkilərin və referendumun demokratik, ədalətli və şəffaf keçirilməsi ilə bağlı zəngin təcrübə və ənənə mövcuddur. Demokratik seçki ənənəsinin əsasının qoyulmasının tarixi isə 31 il əvvələ gedib çıxır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra respublikamızda başlanan demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi demokratik seçki mühitinin də formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdi. Həmin ildən respublikamızda vüsət alan demokratik inkişafın tərkib hissəsi kimi seçki sistemi də ildən-ilə təkmilləşdirilmiş, bu sahədə demokratik meyarlar tam bərqərar olmuşdu.
1993-cü ildən indiyə qədər respublikamızda 6 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi baş tutmuşdu. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunmuş, həmçinin konstitusiya islahatları ilə əlaqədar referendumlar keçirilmişdir. Hər bir seçki və referendum Azərbaycanın demokratiya yolu ilə inkişafının, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasının təcəssümü kimi yadda qalmışdır. Hər bir seçki və bütövlükdə respublikamızdakı seçki mühiti həm ölkə ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
ABŞ-nin "Oracle Advisory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" tərəfindən Azərbaycanda seçki mühitinin dəyərləndirilməsi məqsədilə keçirilən sorğunun nəticələri də ölkəmizdə demokratik və azad seçki dəyərlərinin bərqərar olduğunu, vətəndaşların seçkilərlə bağlı fəallığını təsdiq edib.
2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında isə Qarabağda erməni separatizminə son qoyulması dövlətçilik tariximizin ən böyük hadisələridir. Növbədənkənar seçkilər isə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanda keçirilən ilk seçkidir. Əvvəlki seçkilərdən də fərqi odur ki, sabahkı seçkilər bütün Azərbaycan ərazilərini əhatə edir.
Bunu nəzərə alaraq sorğu təşkilatçıları hərbi əməliyyatlar barədə də respondentlərə suallar ünvanlayıblar və nəticələr onu göstərib ki, torpaqlarımızın işğaldan azad edilməsi ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir. Belə ki, respondentlərin 98,5 faizi "Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədinizmi" sualına müsbət cavab veriblər. Bu rəqəm xalqımızın yüksək milli ruhunu nümayiş etdirib.
"Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib" sualına respondentlərin əksəriyyəti - 72,5 faizi "müsbət" variantını seçib.
44 günlük müharibənin və 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının düz 30 il qəlbində gəzdirdiyi müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillərdir. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən yuxarıda dayanır. Yenə də Vətən müharibəsi dövrünü yada salaq. Döyüş əməliyyatlarının başladığı ilk saatlardan ölkəmizdə yüksək həmrəylik yaşandı, o cümlədən 50-dək siyasi partiyanın təmsilçiləri birgə bəyanat imzalayaraq Ali Baş Komandanın ətrafında birləşdiklərini bəyan etdilər. Qələbəmiz də məhz Ordumuzun gücü və cəmiyyətimizin sarsılmaz həmrəyliyi nəticəsində əldə olundu.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirir. Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib. İndiki starteji mərhələdə biz inkişafımızın yeni çərçivələrini müəyyənləşdirməliyik ki, bunlar da növbədənkənar seçkilərin keçirilməsinin aktuallığını artırıb.
Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü