AZ

Macarıstan dost ölkə olaraq Ermənistanla bu səpkili razılaşmaları sülh sazişindən sonraya saxlasın– ÖZƏL

Yusif Bağırzadə: "Macarıstan hansısa səbəblərə görə həmin qərarlara veto qoymaq fikrindən yayınıb..."

"Məlumdur ki, Macarıstan Azərbaycanın strateji müttəfiqidir və iki ölkə arasında olduqca yaxşı münasibətlər mövcuddur. Bundan əlavə TDT çərçivəsində də iki ölkə arasında dost münasibətlər formalaşıb. Biz zaman-zaman Macarıstanın ayrı-ayrı beynəlxalq tədbirlərdə ölkəmizin maraqlarını müdafiə edən və ölkəmiz əleyhinə olan sənədləri dəstəkləməyən mövqeyinə də şahidlik etmişik".


Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Təbii ki, bütün bunlarla yanaşı Macarıstanın müstəqil ölkə olaraq öz maraqları da var və əgər bu maraqları təmin etmək üçün onlara Ermənistanla iqtisadi əməkdaşlıq müqaviləsi imzalamaq, ticarət, əczaçılıq, turizm, nəqliyyat və digər sənaye sahələrində ikitərəfli əlaqələri inkişaf etdirmək lazımdırsa, bu onların öz işidir. Təbii ki, biz istərdik ki, Macarıstan dost ölkə olaraq Ermənistanla bu səpkili razılaşmaları sülh sazişi imzalanmasından sonraya saxlasın.
Konkret Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətinə və Macarıstanın onların mandatının uzadılmasına veto qoyma ehtimalına gəldikdə isə deyim ki, bunun hər hansı iqtisadi sazişlə bağlılığı olmayacaq. Yəni Macarıstan belə bir hüquqdan istifadə etmək istəyəcəksə, onsuz da edəcək. Amma məsələ burasındadır ki, qısa bir dövr üçün və Azərbaycanın da razılığı ilə Ermənistan sərhəddinə yerləşdirilmiş missiyanın bundan əvvəl də mandatının uzadılması və tərkibinin genişləndirilməsi ilə bağlı qərarlar olub. O zaman da Macarıstan tərəfi dəfələrlə buna ehtiyac olmadığını və müzakirə zamanı veto hüququndan istifadə edəcəyini demişdi. Eləcə də "Avropa Sülh Fondu" vasitəsi ilə Ermənistanın silahlandırılması üçün maliyyə yardımının ayrılmasına veto qoyacağını da demişdi. Məlumdur ki, "Avropa Sülh Fondu" Avropa İttifaqı ölkələrinin maliyyə vəsaiti hesabına formalaşır və ondan istifadə də konsensus tələb edir.
Amma bütün bunlara baxmayaraq Avropa İttifaqı və Ermənistan arasında bağlanmış sazişə müvafiq olaraq biz artıq bir dəfə Aİ missiyasının fəaliyyətinin uzadılmasını da "sülh Fondu" vasitəsilə Ermənistana maliyyə ayrılması haqqında qərarı da görmüşük. Bu o deməkdir ki, ya Macarıstan hansısa səbəblərə görə həmin qərarlara veto qoymaq fikrindən yayınıb, ya da prosseslər Macarıstanın vetosunu nəzərə almadan həyata keçirilib. 
Düşünürəm ki, bu məsələ ilə bağlı Macarıstanlı dostlarla ciddi şəkildə müzakirənin aparılmasına ehtiyac var".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr